“Lecheq Farm & Distillery” Fransanın Qras şəhərində keçirilən və parfümeriya sənayesi üçün təbii xammallara həsr olunmuş dünyanın ən mühüm tədbirlərindən biri sayılan “SIMPPAR 2026” sərgisində Azərbaycanı uğurla təmsil edib.
“Füyuzat” xəbər verir ki, sərgi çərçivəsində “Lecheq” komandası qlobal ətir sənayesinin müxtəlif nümayəndələrini – tanınmış parfümerləri, ətir evlərini, xammal təchizatçılarını və sahə üzrə ekspertləri stendində qəbul edib. Şirkətin sərgi sahəsi qızılgül yağı, qızılgüldən əldə olunan komponentlər və Qafqaz regionunda yetişdirilən botaniki məhsulların artan potensialı ətrafında müzakirələrin aparıldığı mühüm görüş məkanına çevrilib.
Sərgidə iştirakla yanaşı, “Lecheq Farm & Distillery” xüsusi dəvət əsasında şirkətin Latın Amerikası (LATAM) və Cənub-Şərqi Asiya bazarlarında qlobal tərəfdaşı olan “Ultra NL”in baş qərargah şourumu “Maison Sanganeria”da da məhsullarını təqdim edib.
Sərgi həftəsi ərzində beynəlxalq parfümeriya ictimaiyyətinin nüfuzlu nümayəndələri burada bir araya gələrək, “Lecheq” üçün mövcud tərəfdaşlıqları möhkəmləndirmək və aromatik xammallarını təqdim etmək baxımından mühüm imkan yaradıb. Qonaqlar şirkətin təbii inqrediyentlərindən ilhamlanaraq, hazırlanmış kokteyllərdən dadmaqla yanaşı, “Lecheq” məhsulları ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Bu unikal sensor təcrübə Azərbaycanın zəngin botaniki irsini və təbii ehtiyatlarını ön plana çıxarıb.
Sərgi çərçivəsində Qras şəhərinin meri Jerom Vio ilə görüş olub. Görüş zamanı “Lecheq” nümayəndələri Vionu Azərbaycana dəvət edərək, ölkənin müasir efir yağları sənayesinin mərkəzi hesab olunan Zaqataladakı qızılgül sahələri, üzvi plantasiyalar və distillə müəssisələri ilə yaxından tanış olmağa çağırıblar.



