Kültür-sənət Xəbərlər

Azərbaycanda teatr sənətinin müasir durumu və inkişaf tendensiyaları

Zəngin mədəni ənənələrə malik olan Azərbaycan teatrı xalqın milli kimliyini, mənəviyyatını və sosial həyatını əks etdirən mühüm sənət sahələrindəndir. Mürəkkəb inkişaf yolu keçən Azərbaycan peşəkar teatrının təməli 10 mart 1873-cü ildə qoyulmuşdur. Həmin gün Bakıda Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə maarifçi yazıçı M.F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası səhnələşdirildi. Bu dövrdə teatr maarifçilik missiyası daşıyır, nadanlıq və dini fanatizm tənqid olunurdu. Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Sultan Məcid Qənizadə kimi dramaturqlar realist əsərləri ilə teatrın inkişafında mühüm rol oynadılar. 1920-ci ildən sonra teatr sovet ideologiyasına uyğunlaşdırıldı, lakin Azərbaycan Dövlət Akademik Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı kimi sənət ocaqları inkişaf etdi. Cəfər Cabbarlı, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Sabit Rəhman kimi yazıçılar milli dramaturgiyanı zənginləşdirdilər. Bu dövrdə teatr həm maarifçi, həm də təbliğat vasitəsi kimi istifadə olunurdu. Zəngin tarixi irsi və klassik dramaturgiya ənənələrinə malik Azərbaycan teatr sənəti XXI əsrdə yeni çağırışlar əsasında yenidənqurma mərhələsinə qədəm qoymuş, sadəcə səhnə sənəti deyil, eyni zamanda sosial təhlil, ictimai dialoq və estetik axtarışlar üçün mühüm platformaya çevrilmişdir. Müstəqillik dövründən sonra Azərbaycan teatrı sovet ideoloji qəliblərindən çıxaraq milli-mədəni dəyərləri və çağdaş sosial problemləri daha sərbəst ifadə etməyə başlamışdır. Bu dövrdə teatr maarifləndirmək, düşündürmək və bəzən cəmiyyətin səsi olmaq kimi funksiyaları əhatə etmişdir.

Son illərdə teatr tamaşaçı ilə daha canlı, interaktiv əlaqə qurmaq yolunu seçmiş, real problemləri səhnəyə daşıyan daha cəsarətli layihələrə üstünlük vermişdir. Bu, teatrın ictimai aktuallığının artmasından xəbər verir. Müasir Azərbaycan teatrlarında klassik dramaturgiya ilə yanaşı, yeni nəsil müəlliflərin əsərlərinə də yer verilir. Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı və Mirzə Fətəli Axundzadə kimi klassiklərin əsərləri zamanla uyğunlaşdırılaraq yenidən səhnələşdirilir, eyni zamanda sosial bərabərlik, gender problemləri, miqrasiya, postmüharibə reallıqları kimi çağdaş mövzular da repertuarda yer alır. Rejissorlar və aktyorlar bu əsərləri yeni vizual və texnoloji vasitələrlə təqdim etməyə çalışaraq teatr sənətini daha dinamik və maraqlı formata gətirirlər. Tamaşaçı profili də dəyişməkdədir. Gənclər arasında teatra marağı artırmaq üçün teatrlar sosial media kampaniyalarına, interaktiv layihələrə və tematik gecələrə önəm verir. Xüsusilə, “YUĞ” Teatrı və “Oda” Teatrı kimi alternativ teatr məkanları eksperimental tamaşalar vasitəsilə gənc auditoriyanı cəlb etməyə çalışır. Eyni zamanda, təhsil müəssisələri ilə əməkdaşlıq nəticəsində tələbələr üçün xüsusi güzəştli proqramlar, müzakirəli tamaşalar təşkil olunur ki, bu da yeni nəsli teatra yaxınlaşdırır. Bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf deyir: “Teatrımızın nəzdində fəaliyyət göstərən Art Studio gənc rejissor və aktyorların yaradıcılıq imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Burada müxtəlif üslubda hazırlanan tamaşalarda əsasən gənclərə üstünlük verilir. Tamaşalar əvvəlcə bədii baxışdan keçirilir. Əgər səhnə işi estetik tələblərə cavab verərsə və qənaətbəxş hesab olunarsa teatrın repertuarına daxil edilir. Məsələn, gənc rejissor Aydan Həsənzadənin “Biganə məşuq” adlı tamaşası Art Studioda hazırlanaraq teatrın repertuarında uğurla nümayiş olunur. Digər gənc istedad – həm aktyor, həm də rejissor Müşfiq Elmanoğlunun “35 ildən sonra” tamaşası da bu studiyada ərsəyə gəlib. Müşfiq Elmanoğlu ötən il ali təhsilini başa vurub və hazırda rejissor Səbinə Məmmədzadənin quruluşunda Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanan tamaşada rol alır. Məşqləri son mərhələdə olan bu səhnə işi yaxın günlərdə təqdim olunacaq və fərqli rejissor işi ilə maraq doğuracağı gözlənilir. Qeyd edim ki, Müşfiq Elmanoğlu ötən il Karel Çapekin “Ana” əsərini böyük səhnədə hazırlayıb. Həmin tamaşada iştirak edən heyət, ana obrazı da daxil olmaqla gənc aktyorlardan ibarət idi. Gənclərin iştirakı ilə hazırlanan bu və digər tamaşalar Art Studio layihəsi çərçivəsində təqdim olunur. Əgər gənc rejissor və aktyorların işi bəyənilərsə onlar sonrakı layihələrə dəvət edilir və davamlı işlə təmin olunmaları nəzərdən keçirilir. Hazırda teatrda kifayət qədər gənc aktyor fəaliyyət göstərir. Onların sırasında Ümman Budaqov, Mətləb Abuşov, Aydan Həsənzadə və Fəridə Məmmədova da var. Qeyd edək ki, Fəridə Məmmədova uşaq evindən gəlib və rəhbərlik onun istedadını görüb dərhal işə götürüb. Bu da teatrımızın sosial məsuliyyətə verdiyi önəmi nümayiş etdirir. Gəncləşmə prosesi yalnız səhnədə deyil, texniki heyətdə də müşahidə olunur. Rejissor assistenti Fuad Cavadzadə, bu il işə götürülən Elmira Üzeyirova və başqalarının fəaliyyəti teatrın texniki bazasının da yenilənməsinə töhfə verir.

 Uşaqlar üçün nəzərdə tutulan səhnə əsərləri də teatrın mühüm istiqamətlərindəndir. Bu tamaşaların hazırlanmasında çox zaman qarşılıqlı əməkdaşlıqdan istifadə olunur. Məsələn, Gənclər Təşkilatı ilə birgə “13 Stansiya” tamaşası uğurla təqdim olunub. Bənzər layihələr İncəsənət Muzeyi və digər mədəni qurumlarla da reallaşdırılır. Uşaqlar üçün hazırlanmış tamaşalar arasında Müşfiq Elmanoğlunun “Üç donuz balası” və Elşad Rəhimzadənin quruluşunda təqdim olunan “Çırtmayana” xüsusi yer tutur. “Mauqli” adlı tamaşada isə baş rolu azyaşlı aktyor Yaşar Heydərov ifa edir. Bu tamaşa da sırf uşaq dünyasına uyğun təqdim olunur. Teatrın nəzdində fəaliyyət göstərən “Bəbə Studiyası” isə məktəbəqədər yaşlı uşaqlar üçün nəzərdə tutulub. Burada qısa səhnəciklər hazırlanır və uşaqların reaksiyasına əsasən təkmilləşdirilir. Uşaqlar üçün hazırlanmış ən böyük səhnə əsərlərindən biri Elşad Rəhimzadənin rejissorluğu ilə ərsəyə gəlmiş “Qoğal” tamaşasıdır. Qeyd etmək lazımdır ki, teatrımızda fəaliyyət göstərən bəzi gənc sənətçilər xaricdə təhsil alıblar. Məsələn, Fuad Cavadzadə və Səbinə Məmmədzadə Türkiyədə ali təhsil almış gənclərdir. Müşfiq Elmanoğlu isə həm aktyorluq, həm də rejissorluq sahəsində təhsilini tamamlayaraq bu gün teatrda hər iki sahədə uğurla fəaliyyət göstərir. Teatrımız gənclərin inkişafı, uşaqların mədəni zövqünün formalaşdırılması və milli klassik irsi təbliğ edir. Repertuarımızda Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Hüseyn Cavid və Cəfər Cabbarlı kimi görkəmli müəlliflərin əsərlərinə də xüsusi yer ayrılıb. Bu isə teatrın həm müasir gəncliyi, həm də klassik ənənəni bir arada qorumağa çalışdığını göstərir.”

Pandemiya illərində yaranan məhdudiyyətlər Azərbaycan teatrlarını rəqəmsal formata keçməyə məcbur etdi. Bu təcrübə teatrın imkanlarını genişləndirdi: onlayn tamaşalar, canlı yayımlar, video arxivlər və interaktiv platformalar teatrın daha geniş auditoriya üçün əlçatanlığına şərait yaratdı. Bu gün teatrlar həm real səhnədə, həm də rəqəmsal mühitdə fəaliyyət göstərirlər. Hibrid formatlar, virtual dekorlar və yeni texnologiyalar səhnə imkanlarını artırır. Teatr sənətinin inkişaf etdirilməsi üçün bir sıra dövlət proqramları həyata keçirilir. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində teatrların maddi-texniki bazası gücləndirildi, region teatrlarına xüsusi diqqət ayrıldı. Hazırda da teatrlar Mədəniyyət Nazirliyi tərəfindən layihə, müsabiqə və festivallarla təşviq edilir. Bu yanaşma peşəkarlığın və rəqabət mühitinin artmasına səbəb olur. Azərbaycan teatrı beynəlxalq festivallarda da aktiv iştirak edir. “Himayə” Beynəlxalq Teatr Festivalı, “Nəsimi” və “Xarıbülbül” kimi mədəni tədbirlər teatr kollektivlərini qlobal auditoriyaya təqdim edir. Bununla yanaşı, xarici rejissorların ölkəmizdə tamaşalar hazırlaması, xarici müəlliflərin əsərlərinin səhnələşdirilməsi beynəlxalq teatr mübadiləsini gücləndirir. Azərbaycan teatrı müasir dövrdə həm öz dəyərlərini qorumağa, həm də yeniləməyə çalışır.

Mövzu ilə bağlı Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı dedi: “Müasir tamaşaçının zövqünü formalaşdırmaq baxımından bir neçə istiqamətdə işlər görülüb. Müasir tamaşaçı artıq daha tələbkardır – o, informasiyanı bir neçə mənbədən əldə edir, dünya teatrlarını izləyir, ədəbi və mədəni prosesləri izləyir. Belə tamaşaçını təəccübləndirmək, sevindirmək, güldürmək olduqca çətindir. Buna görə də teatr qarşısında çox ciddi və məsuliyyətli vəzifələr dayanır. Akademik Milli Dram Teatrı da öz fəaliyyətini bu baxımdan effektiv və faydalı şəkildə qurmağa çalışır. Teatrın repertuarında daim dəyişikliklər olur. Hər il yeni tamaşalarla teatrsevərlərin görüşünə gəlirik, müxtəlif premyeralar keçirilir. Son iki premyera – “Varlı qadın” və “Müfəttiş” tamaşaları Xalq artistləri Cəfər Namiq Kamal və Frəngiz Mütəllimovanın yubileyləri münasibətilə hazırlanmış benefis tamaşalar idi. Gənc rejissorlar və aktyorlarla bağlı teatrımızda yeni bir layihə başa çatıb. Mart ayında, Milli Teatr Günündə layihənin bağlanış mərasimi keçirildi. “Bölgə teatrlarının Bakı premyerası” layihəsi çərçivəsində səkkiz gənc rejissor öz tamaşalarını məhz Akademik Milli Dram Teatrının səhnəsində təqdim etdilər. Bu layihə onların özlərini təsdiqləmələri və yeni aktyorların yetişdirilməsi baxımından çox vacib bir addım idi. Gənc rejissorlarla əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Həmçinin teatrımıza yeni aktyorlar da işə qəbul olunur, truppa yenilənir və onlar yeni tamaşalarda uğurla çıxış edirlər. Pandemiyadan sonra tamaşaçı sayında nəzərəçarpacaq dərəcədə müsbət dəyişikliklər müşahidə olunur. Biz işimizi sosial şəbəkələr üzərindən də ciddi şəkildə qururuq, sosial mediada reklamlarımız yayımlanır və bu da öz müsbət təsirini göstərir. Əgər tamaşa keyfiyyətlidirsə və tamaşaçının zövqünə uyğundursa, demək ki, tamaşaçı problemi olmayacaq. Beynəlxalq festivallar və əməkdaşlıqlar istiqamətində də ciddi işlər aparılır. Yaxın zamanda Gürcüstan və Belarus teatrları ilə əməkdaşlıq müqavilələri imzalanıb. Həmçinin Rusiyanın qədim və məşhur Aleksandrinski Teatrı ilə də memorandum imzalanıb. Qarşılıqlı qastrol səfərləri həyata keçirilir, bu il Gürcüstan və Belarusa qastrol səfərlərimiz olacaq. Yaxın aylarda tamaşaçılar Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında hazırlanan “Baş” tamaşasını izləyə biləcəklər. Hazırda tamaşanın məşqləri davam edir. Eyni zamanda “Aydın” tamaşası üzərində də yaradıcılıq işləri aparılır.

Teatr bəzən insanın həyatında elə dərin iz qoyur ki, sənətə olan maraq zamanla böyük sevgiyə çevrilir. Gənc teatrsevər Həcər Tanırverdiyevanın hekayəsi də belə başlayıb. O, uşaqlıq illərindən etibarən mütəmadi olaraq teatra gedib, səhnədəki canlı ifalara, obrazlara və duyğulara valeh olub. Teatr onun üçün sadəcə əyləncə deyil, həyatın müxtəlif üzlərini kəşf etdiyi bir məktəb olub. Həcərin teatrla tanışlığı təsadüfi olmayıb, ailəsi ilə birgə izlədiyi tamaşalar onda dərin maraq oyadıb. O bu haqda deyir: “Azərbaycan Dövlət Akademik Musiqili Teatrda səhnələşdirilən, rejissor Sami Qulamovun quruluş verdiyi “Bir nəfəs qədər” tamaşası elə bir əsərdir ki, hadisələrə biganə qalmaq mümkün deyil. Səhnədəki duyğular, təqdim olunan həyat hekayələri o qədər təsirlidir ki, zalda əyləşən hər kəsin gözləri dolur. Tamaşanı izləyənlərin əksəriyyəti hisslərini gizlədə bilmir, zal sanki bir duyğusal təlatümün içində olur. Bu, tamaşanın yaratdığı güclü emosional təsirin nəticəsidir. Mən teatrla uşaq yaşlarımdan tanış olmuşam. Hələ 6 yaşdan yuxarı tamaşalara icazə verilən dövrlərdə teatrlara getmişəm. Həmin illərdə hansı tamaşanı ilk dəfə izlədiyimi xatırlamasam da, o mühitin mənə necə böyük təsir göstərdiyini unutmuram. Həyatımı kökündən dəyişən tamaşa isə  “Paris Notr-Dama ithaf” tamaşasıdır. Əgər rejissor olsaydım Ənvər Məmmədxanlının “Bakı gecələri” əsərini səhnələşdirmək istərdim. Bu əsər XX əsrin əvvəlləri və ortalarında neftçi ailələrinin həyatı, onların gündəlik qayğıları, məişət problemləri və cəmiyyətin sosial təbəqələşməsi kimi mövzuları əhatə edir. Bildiyimə görə, “Bakı gecələri” indiyədək geniş şəkildə tanıdılmayıb və səhnələşdirilməyib. Bu da əsəri teatr səhnəsinə gətirmək üçün əlavə bir motivasiyadır, həm tamaşaçılara yeni bir baxış bucağı təqdim etmək, həm də ədəbiyyatımızın dəyərli nümunələrindən birini yenidən gündəmə gətirmək baxımından önəmlidir.”

 Müasir dövrdə teatr cəmiyyətin aynası kimi öz aktuallığını qoruyur. Texnologiyanın, virtual aləmin sürətlə inkişaf etdiyi bir zamanda teatr canlı ünsiyyətin, emosional təmasın unikal məkanı olaraq qalır. O, təkcə əyləncə vasitəsi deyil, insan düşüncəsini formalaşdıran, ictimai mövzulara işıq salan və fərdi duyğulara toxunan bir sənət növüdür. Bu gün teatrın missiyası daha da genişlənib, həm maarifləndirir, həm düşündürür, həm də insanı insanla bir az daha yaxınlaşdırır. Teatr yaşadıqca cəmiyyət də öz dəyərlərini, kimliyini və ruhunu yaşatmağa davam edəcək.

Müəllif: Firuzə Xudiyeva