Xəbərlər

Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir – Üç günlük aksiya başa çatdı

Mədə xərçənginin erkən aşkarlanması həyat qurtara bilər. Bu mesajla çıxış edən Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti maarifləndirmə aksiyasının son günündə Bakı metropoliteninin “Qara Qarayev” stansiyasında vətəndaşlarla görüşüb.

“Azərbaycanda mədə xərçəngi ilə bağlı erkən diaqnostikanın təşviqi” layihəsi çərçivəsində keçirilən aksiyada onkoloq və mütəxəssislər vətəndaşlara mədə xərçənginin yaranma riskləri, ilkin əlamətləri və xəstəliyin vaxtında aşkarlanmasının əhəmiyyəti barədə ətraflı məlumat veriblər. İştirakçıların sualları cavablandırılıb, xəstəliklə bağlı vacib məqamları əhatə edən maarifləndirici bukletlər təqdim olunub.

“Füyuzat” xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə üç gün davam edən aksiyanın əsas məqsədi mədə xərçənginin erkən diaqnostikası barədə ictimai məlumatlılığı artırmaq və insanların sağlamlıqlarına daha diqqətli yanaşmasını təşviq etməkdir.

Qeyd edək ki, mədə xərçəngi ilkin mərhələlərdə əlamətsiz inkişaf edə bilər. Qarının yuxarı hissəsində davamlı ağrı, iştahasızlıq, səbəbsiz çəki itkisi və uzunmüddətli həzm problemləri zamanı həkimə müraciət etmək vacibdir. Helicobacter pylori infeksiyası, tütün məhsullarından istifadə və duzlu, hisə verilmiş qidaların həddindən artıq qəbulu xəstəliyin risk amilləri sırasındadır.

Qlobal Xərçəng Rəsədxanasının məlumatlarına əsasən, mədə xərçəngi Azərbaycanda rastgəlmə tezliyinə görə üçüncü, xərçənglə əlaqəli ölüm hallarına görə isə ikinci yerdədir. Bu baxımdan maarifləndirmə və xəstəliyin vaxtında aşkarlanması istiqamətində tədbirlər xüsusi əhəmiyyət daşıyır.