Xəbərlər

“Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı baş tutub

Sosial Tədqiqatlar Mərkəzində (STM) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və STM-in birgə təşkilatçılığı ilə “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı baş tutub.

“Füyuzat”ın məlumatına görə, tədbir iki hissədən ibarət olub.

Birinci hissədə mövzu və təqdimatla bağlı məruzələr dinlənilib, ikinci hissədə isə deputatlar və müxtəlif sahələr üzrə ekspertlər, media nümayəndələri çıxış edərək müzakirələr aparıblar.

Tədbiri açılış nitqi ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc açıq elan edib. O, tədbir iştirakçılarına təqdimat barədə qısa məlumat verib və nifrət nitqinin zərərlərindən danışıb: “Ermənistanda mövcud olan anti-Azərbaycan, anti-türk fikirlərin yayılması, nifrət nitqinin davam etdirilməsi müxtəlif fəsadlara səbəb verir. Avropa Şurasına görə, “nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, antisemitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır. Bir millətin digərindən üstünlüyünü iddia edən ali irq iddiasının – faşist ideologiyasının tərkib hissəsi kimi “nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur. Xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir. Əks halda sual olunur: “Bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki?”

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva çıxış edərək Ombudsman Aparatının Vətən müharibəsi zamanı fəaliyyəti, hesabatların hazırlanması və xarici diplomatik missiyalara göndərilməsi barədə məlumat verib: “Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanda cəmiyyətin müxtəlif təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə edilməkdədir. Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və postmüharibə dövründə daha geniş vüsət almışdır. Belə ki, istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr səsləndirilmişdir.

Hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür.

Etnik zəmində nifrət nitqi ümumbəşəri dəyərlərə zərbədir. Azərbaycan nifrət nitqindən əziyyət çəkir. Ermənistanın Azərbaycana qarşı apardığı işğal, etnik təmizləmə siyasəti uzun illər böyük dağıntılara səbəb oldu.

Bir milyondan çox insanımızın məcburi köçkün həyatı yaşaması bunun bariz nümunəsidir. Ermənistan nifrət nitqi zamanı uşaqlardan istifadə edir”.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov qeyd edib ki, tarix boyu “böyük Ermənistan” ideyasına əsir  olan Ermənistan etnik azərbaycanlılara qarşı soyqrımı siyasəti aparmış, radikal addımlar atmışdır: “İki xalq arasında sülh olmaması fikrini yaymış, irqçiliyi davam etdirmişdir. Qaregin Njde tərəfindən irəli sürülən ideyalar erməniləri üstün irq kimi göstərməklə qalmır, türklərə nifrət fikirlərini də aşılayır. Erməni siyasətçilərinin, həmçinin dövlət başçılarının anti-Azərbaycan, anti-türk fikirləri bu kimi zərərli düşüncələrin bariz nümunələridir.

2021-ci ildə BMT-də bununla bağlı məsələ qaldırdıq və o zaman Ermənistanın nifrət nitqi siyasətinə qarşı haqlı iradlar səsləndirildi”.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalov Prokurorluq tərəfindən Ermənistanın həyata keçirdiyi cinayətlərlə bağlı aparılan fəaliyyətlər, açılan cinayət işləri, Xocalı soyqırımı və digər qəddarlıqlar, müharibə və insanlıq cinayətləri barədə məlumat verib: “Vətən müharibəsi zamanı və ondan sonra Ermənistan Silahlı qüvvələri tərəfindən təxribat addımları, mülki insanların milli, irqi zəmində qəsdən öldürülməsi faktları ilə bağlı istintaq prosesi aparılır. Mina terroru ilə insanların hədəf alınması, sivillərin artilleriya atəşinə məruz qalması, Ermənistanın digər ağır cinayətləri və ekoloji cinayətlər, qadağan olunmuş fosfor silahlarından istifadə, qanunsuz silahlı birləşmələrin tətbiqi araşdırılır. Bütün bu cinayətlər Ermənistan etnik nifrət zəminində təbliğatının nəticəsində baş vermişdir”.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli vurğulayıb ki, indi nifrət nitqinə yox deməliyik: “Nifrət nitqi bizim əxlaq və mədəniyyətimizə ziddir. Azərbaycan xalqı bütün tarixi ərzində tolerantlıq nümunəsi olub. Təhsil nazirliyi dərsliklərdə nifrət kimi ifadələrə yer verilməməsinə çalışır. Bu sahədə beynəlxalq təşkilatlarla birlikdə müfaviq addımlar atılır”.

Tədbirin ikinci hissəsində isə deputatlar Tahir Kərimli, Çingiz Qənizadə, media nümayəndələri, ekspertlər və digər qonaqlar çıxış edib.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus təbdirdə söz alıb və qeyd edib ki, bizə qarşı soyqırımıları unutdurulmamalıdır: “İndi, əsasən, təhsil sahəsində bu məsələyə diqqətlə yanaşmaq lazımdır”.

Sonda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc bütün tədbir iştirakçılarına təşəkkür edib və təqdimatı bağlı elan edib.