Xəbərlər

Azərkosmosun mühəndisləri kosmik avadanlıqların sınağı üçün yeni cihaz hazırlayıblar

AZCON Holding şirkətlərindən olan Azərkosmosun mühəndisləri kiçik peyklərin və peyk komponentlərinin ölkə daxilində sınaqdan keçirilməsinə imkan verən Termal-Vakuum Kamerasını (TVAC – Thermal Vacuum Chamber) layihələndirib və istehsal ediblər.

Termal-vakuum sistemləri ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA), Avropa Kosmik Agentliyi (ESA), Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA), Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kimi dünyanın aparıcı kosmik qurumlarının və həmçinin kosmik şirkətlərin peyk və kosmik avadanlıqlarının sınaq infrastrukturunun ayrılmaz hissəsidir. Sistemin Azərbaycanda yerli mühəndislər tərəfindən hazırlanması isə bu sınaq imkanlarının ölkə daxilində formalaşdırılması istiqamətində mühüm addımdır.

“Füyuzat” xəbər verir ki, Azərkosmosun tədqiqat və inkişaf üzrə mühəndisləri tərəfindən hazırlanan sistemin ərsəyə gətirilməsi səkkiz ay davam edib. “AITvac 03” adlı cihaz zəruri sınaqlardan uğurla keçib və kiçik peyklərin, onların alt sistemlərinin, eləcə də müxtəlif kosmik aparat komponentlərinin orbitə buraxılmazdan əvvəl termal və vakuum şəraitinə uyğunluğunun, etibarlılığının, həmin şəraitdə funksionallığının yoxlanılması üçün nəzərdə tutulub.

Sistem “ISO 19683:2026”, Avropa Kosmik Standartlaşdırma Əməkdaşlığının (ECSS) və NASA-nın Ümumi Ətraf Mühit Verifikasiyası Standartının (GEVS) müvafiq sınaq standartlarının tələblərinə cavab verərək hazırlanıb. Belə ki, cihaz, –80°C-dən +100°C-dək standart temperatur diapazonunda olan və 1×10⁵ mbaradək (yüz mində bir millibar) təzyiqli yüksək vakuum şəraiti yarada bilir. Bu, Yer səthindəki normal atmosfer təzyiqi ilə müqayisədə təxminən 100 milyon dəfə aşağı təzyiq deməkdir və müasir raket operatorlarının tələblərinə uyğunluğu tələb edir.

Cihazın və uyğun proqram təminatının hazırlanması Azərbaycanda kosmik sistemlərin sınağı üçün yerli imkanların genişlənməsinə və bu sahədə mühəndislik potensialının inkişafına töhfə verir, eyni zamanda xarici sınaq mərkəzlərindən asılılığın azalmasına şərait yaradır.

Məhsul, həmçinin universitetlər, tədqiqat qurumları, tələbələr və gənc mühəndislər üçün peyklərin və onların komponentlərinin sınaqdan keçirilməsi, tədqiqat layihələrinin həyata keçirilməsi və praktiki bacarıqların inkişafı baxımından yeni imkanlar yaradır. Formalaşan bu potensial gələcəkdə kosmik avadanlıqların sınağı üzrə xidmətlərin yerli və beynəlxalq tərəfdaşlara təqdim edilməsi, yeni əməkdaşlıqların qurulması və fərdiləşdirilmiş texniki həllərin hazırlanması üçün də imkan yaradır.