Xəbərlər

Bakıda “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

Bakıda Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sentyabrın 17-də “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.

“Füyuzat” xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatı, alimlər, müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış ediblər.

Tədbir “Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar”, “Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti” mövzularında panel sessiyalarla işini davam etdirib.

Panellərdə dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunub.