Xəbərlər

Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir

Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda panel iclası keçirilir.

“Füyuzat” xəbər verir ki, tədbirdə Türk dünyasının informasiya və kommunikasiya məkanında əməkdaşlığın genişləndirilməsi, ortaq dəyərlərin müasir çağırışlar fonunda daha effektiv şəkildə təbliği, media və kommunikasiya sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də Türk dövlətləri arasında strateji əlaqələrin yeni müstəviyə yüksəldilməsi məsələləri müzakirə olunur.

Paneldə Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun təsisçiliyi ilə ərsəyə gələn “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu da iştirak edir. Samir Ramizoğlu tədbirdə Türk dünyasının vahid informasiya və kommunikasiya məkanının formalaşdırılması, ortaq media dəyərlərinin gücləndirilməsi və qardaş ölkələr arasında informasiya əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində aparılan müzakirələrə qoşulur. Onun paneldə iştirakı “Füyuzat”ın Türk dünyasının mədəni, intellektual və informasiya həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfənin göstəricilərindən biri kimi diqqət çəkir.

Panel iclasında, həmçinin qlobal informasiya mühitində baş verən sürətli dəyişikliklər, dezinformasiya ilə mübarizə, kommunikasiya imkanlarının Türk dünyasının ortaq maraqlarının beynəlxalq müstəvidə daha dolğun təqdim olunmasında rolu və gələcəyə hesablanmış birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılır.

“Füyuzat” jurnalı yarandığı gündən etibarən Azərbaycan-Türkiyə qardaşlığının, iki ölkə arasında tarixi-mədəni bağların və strateji müttəfiqliyin möhkəmləndirilməsini əsas istiqamətlərindən biri kimi diqqətdə saxlayır. Jurnal bundan sonra da Azərbaycan və Türkiyənin ortaq dəyərlərinin, qardaşlıq münasibətlərinin və Türk dünyasının həmrəyliyinin təbliğinə öz media imkanları ilə davamlı dəstək göstərəcək.