Texnologiyanın inkişaf etməsi insanların günlük həyatını asanlaşdırmaq və qısa zamanda daha məzmunlu işlər ərsəyə gətirmək baxımından effektiv olsa da, bərabərində müxtəlif risklər və təhlükələr də gətirir. Xüsusilə son zamanlarda kiberməkan anlayışının formalaşması və bu məkanda baş verən cinayətlər dünyanın bütün ölkələrində yaşayan insanlar üçün yeni onlayn təhlükələrin ortaya çıxmasına səbəb oldu.
Ölkəmizdə də kiberməkanda təhlükəsizlik məsələsi ciddi narahatlıq doğurur. Son günlər onlayn cinayətkarlıqların sayının, xüsusilə kartlardan oğurluq hallarının artması ilə qarşılaşırıq. Dövlət qurumları bu istiqmətdə mübarizə aparsa da, vətəndaşların qurbana çevrilmədən öncə bu halların yaşanmasının qarşısının alınması vacibdir. Bəs özümüzü kibercinayətkarlardan necə qoruya bilərik?

“Füyuzat” mövzu ilə bağlı İT üzrə mütəxəssis Bəhruz Əliyevin fikirlərini öyrənib. O bildirib ki, bu cür kiberhücumların qarşısını almaq üçün vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Bu məqsədlə aşağıdakı tədbirləri həyata keçirmək olar:
- Tanımadığınız şəxslərdən gələn zənglərə, SMS-lərə və e-poçtlara diqqətli yanaşın. Banklar heç vaxt telefonla OTP kodu və ya digər şəxsi məlumatları tələb etmir.
- Sadə və təxmin edilə bilən şifrələrdən, məsələn, doğum tarixi, adınız, soyadınızdan istifadə etməyin. Bunun əvəzinə böyük və kiçik hərflər, rəqəmlər və simvollardan ibarət mürəkkəb şifrələr yaradın.
- Bank hesablarınızda və digər vacib xidmətlərdə iki mərhələli doğrulama (2FA) xidmətindən istifadə edərək əlavə təhlükəsizlik təmin edin.
- SMS, e-poçt və ya sosial şəbəkələr vasitəsilə gələn şübhəli linkləri açmayın. Bu linklər fişinq hücumlarına səbəb ola bilər.
- Cihazlarınıza etibarlı antivirus və antimalware proqramları quraşdırın və müntəzəm olaraq yeniləyin.
- Bank kartı məlumatlarını yalnız etibarlı və rəsmi bank saytlarında və tətbiqlərində daxil edin. Şübhəli saytları və tətbiqləri istifadə etməkdən çəkinin.
- Vacib məlumatlarınızı müntəzəm olaraq yedəkləyin. Bu, məlumatlarınızın itməsi halında onların bərpasına kömək edəcək.
Mütəxəssis əlavə edib ki, kibergigiyena qaydalarına əməl etmək və bu məsələdə daimi inkişaf bizim üçün prioritet məsələlərdən biri olmalıdır, əks halda, aldanma riskimiz daha da artacaq:
“Çünkü mənfi niyyətli insanlar sosial mühəndislik üsullarından çox istifadə edirlər. Ona görə də sosial şəbəkələrdə və digər platformalarda şəxsi məlumatlarınızı paylaşmaqdan çəkinin. Bu məlumatlar xakerlər tərəfindən sui-istifadə oluna bilər. Əgər bank hesabınızda şübhəli əməliyyatlar müşahidə etsəniz, dərhal bankla əlaqə saxlayın.
Yaşlı şəxslər texnologiyaya daha az bələd ola bilərlər. Onları kibertəhlükələr barədə maarifləndirmək xüsusi əhəmiyyət daşıyır. Unutmayaq ki, kibertəhlükəsizlik davamlı bir prosesdir. Hər bir istifadəçi öz məlumatlarını qorumaq üçün sadaladığımız qaydalara riayət etməlidir”.