Xəbərlər

Bild: Almaniya Kiyevə 400 zirehli maşın göndərmək istəyir

Almaniya hökuməti Ukraynanı 400 zirehli texnika ilə təmin etmək istəyir, lakin öz qrafikindən geri qalır və artıq bir neçə dəfə yüklərin göndərilməsini təxirə salıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Söhbət Flensburqda yerləşən FFG şirkətinin istehsalı olan zirehli maşınlardan gedir. Müqavilənin dəyəri 315 milyon avro təşkil edir, ilkin olaraq 2024-cü ildə 100 ədəd avadanlığın göndərilməsi nəzərdə tutulurdu, lakin sonra son tarixlər yanvardan may ayına köçürüldü, bu isə tədarük həcmlərinə yenidən baxılmalı olduğu anlamına gəlirdi”, – məlumatda bildirilib.

“Bild” Almaniya Müdafiə Nazirliyinin məxfi sənədinə istinadən yazır: “Lakin yeni plana əməl etmək mümkün olmayacaq. İstehsalçı zirehli maşınları təchiz etmək üçün ABŞ-da istehsal olunan hərbi komponentlərdən istifadə edir. Amerika tərəfi bu cür ehtiyat hissələrinə sertifikatları vaxtında verməyib”.

Qeyd edək ki, Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün müxtəlif vəsaitlər ayırıb və gələcək xərclər üçün təxminən 28 milyard avro məbləğində öhdəlik götürüb.