Gündəlik istifadə etdiyimiz “boykot” sözü əslində bir insanın – Çarlz Boykotun soyadından yaranıb və onun hekayəsi XIX əsrin sonlarında İrlandiyada baş verən sosial mübarizə ilə sıx bağlıdır. 1832-ci ildə doğulan Boykot, İngiltərə əsilli olsa da, İrlandiyanın Mayo bölgəsində torpaq sahibi Lord Ernenin nümayəndəsi kimi çalışırdı. Onun əsas vəzifəsi torpaq kirayəçilərindən icarə toplamaq və təsərrüfatı idarə etmək idi.
1879–1880-ci illərdə İrlandiyada məhsulun zəif olması kəndliləri ağır vəziyyətə salmışdı. Kirayəçilər icarə haqqının azaldılmasını tələb etsələr də, torpaq sahibləri buna tam razı olmadı. Boykot isə bu tələbləri qəbul etməyərək, bəzi kəndlilərin torpaqdan çıxarılması üçün addımlar atdı. Beləliklə, yerli əhali arasında ciddi narazılıq yaratdı. Məhz bu məqamda İrlandiya torpaq liqasının liderlərindən olan Charles Stevart Parnell fərqli bir müqavimət üsulu təklif etdi: sosial təcrid. Onun çağırışına uyğun olaraq, kəndlilər və yerli icma Boykota qarşı tam bir “səssiz müharibə” başlatdı. Heç kim onun üçün işləmədi, xidmətçilər evi tərk etdi, dükanlar ona ərzaq satmadı, poçt işçiləri məktublarını çatdırmadı. Hətta gündəlik həyat üçün ən sadə ehtiyaclarını belə ödəyə bilmirdi. Kollektiv təcrid o qədər təsirli oldu ki, Boykot öz torpaqlarında məhsulu yığa bilmədi və ciddi maddi zərərə uğradı. Nəticədə hökumət onun məhsulunu yığmaq üçün əsgərlər və kənardan işçilər göndərməli oldu. Bu hadisə böyük rezonans doğurdu və qəzetlərdə geniş şəkildə işıqlandırıldı.
1880-ci ilin sonunda isə maraqlı bir dönüş baş verdi: Boykotun soyadı artıq felə çevrildi. Qəzetlər bu hadisəni təsvir etmək üçün ilk dəfə “boykot etmək” ifadəsini istifadə etdilər. Qısa müddət ərzində bu söz İngiltərədən kənara çıxaraq beynəlxalq leksikona daxil oldu və “bir şəxsi və ya qurumu qəsdən təcrid etmək, onunla iqtisadi və sosial əlaqələri kəsmək” mənasında işlənməyə başladı.
Hazırladı: Mədinə Məcidli



