Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) dəstəyi ilə filologiya elmləri doktoru, Qarabağ Universiteti Elm şöbəsinin müdiri, dosent Elçin İbrahimovun “Birinci Türkoloji Qurultayda ortaq əlifba, imla və ədəbi dil məsələləri” adlı kitabı işıq üzü görüb. “MİMTA Yayımları”da işıq üzü görən 474 səhifəlik bu nəşr 1926-cı ildə Bakıda keçirilmiş tarixi Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunub.
Kitabda Türk dünyasının dil birliyi yolunda atılan ilk mühüm addımlar, qurultayın əsas mövzularından olan ortaq əlifba və orfoqrafiya məsələləri geniş elmi təhlillərlə təqdim edilir. Müəllif əsərdə tarixi qərarları sistemli şəkildə araşdırmaqla yanaşı, bu istiqamətdə qarşıda duran müasir çağırışları da diqqət mərkəzinə çəkib.
Tədqiqat əsəri dilçilik, türkologiya və yazı sistemləri ilə maraqlanan bakalavr, magistr və doktorantlar, habelə bu sahədə çalışan mütəxəssislər üçün dəyərli elmi mənbə hesab olunur.






