Xəbərlər

Cəlal Qasımov: “Executive MBA” proqramına 850-dən çox müraciət daxil olub”

Bakıdakı “Executive MBA” proqramına 850-dən çox müraciət daxil olub.

“Füyuzat” xəbər verir ki, “PAŞA Holdinq” MMC-nin baş icraçı direktoru Cəlal Qasımov İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, SOCAR və İspaniyanın IE Universitetinin tərəfdaşlığı ilə Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında bildirib.

Onun sözlərinə görə, hazırda ilk qrupda 40 nəfər iştirak edir: “Onlardan 16-sı “PAŞA Holdinq” və onun şirkətlərindən, 16-sı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və onunla əlaqəli bizneslərdən, 8-i isə Azərbaycanın digər biznes ictimaiyyətindəndir. Mənim baxışıma görə, bu tərkib xüsusi imkan yaradır. İştirakçıların əksəriyyəti iki böyük qurumdan, iki böyük təşkilatdan gəlsə də, bu, onların eyni yanaşmalara, təcrübələrə və yaxud problemlərin həlli üsullarına malik olması demək deyil. Digər şirkətlərdən olan həmkarlarınızla birlikdə müxtəlif təşkilatların problemlərə necə yanaşdığını, biznes qərarlarını necə qəbul etdiyini, hansı çətinliklərlə üzləşdiyini, necə uğur qazandığını və bəzən uğursuzluğa düçar olduğunu müqayisə edə biləcəksiniz. Əsas dəyər nəyin yararlı, nəyin yararsız olduğunu və hər bir təşkilatın zamanla standart kimi qəbul etdiyi məsələləri açıq şəkildə müzakirə etməkdən yaranacaq”.

“Beləliklə, ilk qrupumuz olaraq üzərinizə böyük məsuliyyət düşür. Çünki siz özünüzdən sonra gələnlər üçün bu proqramın standartlarını və mədəniyyətini müəyyənləşdirəcəksiniz. Hər bir şirkət qurularkən səhmdarlar kapital yatırırlar və bu kapital pul, yaxud digər maddi və ya qeyri-maddi aktivlər şəklində şirkətin ilkin aktivlərini təşkil edir. Şirkət həmin aktivlərdən düzgün istifadə edərsə, böyüyür. Müəyyən mərhələdə isə növbəti addımı atmaq üçün yeni investisiyalara, yeni insanlara, yeni şirkətlərə və ya IPO (səhmlərin açıq satışı) vasitəsilə yeni kapitala ehtiyac yarana bilər. Bəzən şirkətin böyüməsi yeni liderlik səviyyəsini də tələb edir. Lakin bu kapitalın və ya liderliyin rolu təkcə genişlənməni maliyyələşdirməkdən və yaxud dəyişiklik etməkdən ibarət deyil. Əslində, onlar şirkətə fərqli baxış bucağı gətirir, köhnə yanaşmaları sual altına alır və şirkətin təkbaşına əldə edə bilməyəcəyi imkanlar açır. Məncə, insan həyatı da bundan fərqli deyil. Biz dünyaya gələndə valideynlərimiz bizə ilk və ən dəyərli kapitalı verirlər. Əlbəttə ki, söhbət puldan getmir (təəssüf ki, bəzən pul da olur), amma ən əsası onlar bizə illərini, günlərini, dəqiqələrini, yəni həyatlarını verirlər. Bu kapitalın necə bölüşdürülməsi məsuliyyəti isə tədricən bizim üzərimizə düşür. Yaşlandıqca qərarları daha çox özümüz verməyə başlayırıq”, – deyə holdinq rəsmisi əlavə edib.