“Cənubi Koreya 11 fiziki və 15 hüquqi şəxsə Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında qanunsuz hərbi əməkdaşlıq və ya Pxenyanın nüvə raket proqramı ilə əlaqəli olduqlarına görə sanksiyalar tətbiq edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Respublikasının Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Bu tədbir Qərb dövlətlərinin xarici işlər nazirlərinin Rusiya ilə KXDR arasında əməkdaşlığa dair birgə bəyanatı ilə əlaqədar həyata keçirilir. Dekabrın 16-da Avstraliya, Böyük Britaniya, İtaliya, Kanada, Yeni Zelandiya, Koreya Respublikası, Fransa, Almaniya, ABŞ, Yaponiyanın xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Ali Nümayəndəsi Rusiyanı ən sərt şəkildə qınayıblar. Moskva isə Pxenyanla qeyri-qanuni hərbi-texniki əməkdaşlıq ittihamlarını dəfələrlə rədd edib”, – məlumatda bildirilib.