Xəbərlər

Ceyhun Bayramov: Orta Dəhlizin inkişafı əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanlar yaradır

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə çıxış edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, XİN başçısı çıxışı zamanı üçtərəfli əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını vurğulayıb.

Nazir diqqətə çatdırıb ki, təhlükəsizlik, iqtisadiyyat, ticarət, investisiya, infrastruktur və nəqliyyat-kommunikasiya daxil olmaqla, geniş əməkdaşlıq sahələri mövcuddur.

Ceyhun Bayramov, həmçinin Asiyanı Avropa ilə birləşdirən mühüm ticarət və nəqliyyat marşrutu olan Orta Dəhlizin inkişafı vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlavə imkanları qeyd edib.

Çıxışda mövcud regional potensialdan istifadə edərək Yaxın Şərq və Əfqanıstan da daxil olmaqla, daha geniş regionun sülh, təhlükəsizlik və inkişafına töhfə verilməsi də vurğulanıb.