Mədinə Məcidli Xəbərlər

Dejavü və jamais vu nədir?

“Dejavü” fransız dilindən götürülmüş və mənası “artıq görülmüş” deməkdir. İnsanın indiki anda yaşadığı bir vəziyyəti, hadisəni və ya məkanı əvvəllər də eyni şəkildə yaşamış kimi hiss etməsidir. Yəni insan ilk dəfə gördüyü bir yeri və ya ilk dəfə baş verən bir hadisəni sanki əvvəllər də görüb – bildiyi kimi qəbul edir. Bu hiss adətən çox qısa sürür, bir neçə saniyə davam edir, amma insanda olduqca güclü və qəribə bir təəssürat yaradır. “Dejavü” elm tərəfindən paranormal bir hadisə kimi yox, beynin yaddaş sistemi ilə bağlı psixoloji və nevroloji bir proses kimi izah olunur. İnsan beynində yaddaşın tanıma və xatırlama sistemləri var və dejavü zamanı bu sistemlər arasında qısa bir uyğunsuzluq yaranır. Beyin indiki anı səhvən tanış kimi qəbul edir, əslində həmin vəziyyətin haradan tanış olduğunu xatırlaya bilmir və buna görə də insanda “mən bunu əvvəllər yaşamışam” hissi yaranır. Bəzi elmi izahlar bunu beynin məlumatı emal etmə prosesindəki kiçik gecikmələrlə əlaqələndirir, yəni gözlə gördüyümüz məlumat beynin müxtəlif hissələrinə bir az fərqli zamanda çatır və bu da beyin tərəfindən iki dəfə yaşanmış kimi qəbul edilir. Digər bir izaha görə isə beynin temporal lob adlanan hissəsində yaranan qısa və ani aktivliklər belə hisslərə səbəb ola bilər. “Dejavü” daha çox gənclərdə, stress və yorğunluq zamanı, yuxusuzluq hallarında və yeni mühitlərə tez-tez düşən insanlarda daha çox müşahidə olunur. Əksər hallarda bu tamamilə normal bir hal sayılır və insanların həyatında bir neçə dəfə baş verə bilər. Yalnız çox tez-tez və güclü şəkildə təkrarlanarsa, bəzi nevroloji problemlərlə əlaqəli ola bilər, bu nadir hallarda olur. “Dejavü” insan beyninin nə qədər mürəkkəb və maraqlı işlədiyini göstərən təbii bir fenomendir.

“Jamais vu” fransız dilindən gələn bir anlayışdır və “heç vaxt görməmiş kimi” mənasını verir. İnsanın əslində çox yaxşı tanıdığı bir şeyi birdən–birə yad qəribə və ya ilk dəfə görürmüş kimi hiss etməsi ilə xarakterizə olunur. Beyin tanış olan informasiyanı tanımırmış kimi qəbul edir və insan sanki reallıqda qısa bir tanıma pozuntusu yaşayır. Məsələn insan çox istifadə etdiyi bir sözü yazarkən birdən o söz ona mənasız və yad görünə bilər və ya gündəlik etdiyi bir hərəkət məsələn qapını açmaq və ya açarı çevirmək ona sanki yeni bir fəaliyyət kimi qəribə gələ bilər. Bəzən isə tanıdığı bir insanın adı və ya siması bir anlıq tanınmaz hala düşə bilər. Elm bu hadisəni tam şəkildə izah etməsə də əsas səbəb kimi beynin tanıma və avtomatik işləmə sistemindəki qısa müddətli pozuntu göstərilir xüsusilə bir söz və ya hərəkət çox təkrarlandıqda beyin onu avtomatik olaraq işləməyi dayandırır və nəticədə həmin şey yad kimi qavranılır. Yorğunluq stress diqqətin dağılması və zehni yüklənmə də bu cür halın yaranmasını gücləndirə bilər. “Jamais vu” qısa müddətli bir qavrayış dəyişməsi kimi qəbul edilir və tezliklə normal hiss bərpa olunur. Belə vəziyyət “dejavü”  ilə ziddiyyət təşkil edir, çünki “dejavü” tanımadığın bir şeyi tanış kimi hiss etməkdir, “jamais vu” isə əksinə tanış olanı yad kimi qəbul etməkdir. 

Hazırladı: Mədinə Məcidli