Türk dünyası arasında əlaqələri gücləndirən əsas amil siyasi sərhədlər deyil, ortaq dil, mədəniyyət və mənəvi bağlardır.
“Füyuzat” AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun prezidenti, professor Dərya Örs bildirib.
D.Örs qeyd edib ki, Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər uğurla davam edir və ilin sonunda yubiley proqramının yekun toplantısının keçirilməsi planlaşdırılır.
“Türkün nəfəs aldığı, türk adının yaşadığı hər yerdə elmimiz, biliyimiz və imkanlarımızla xidmət etməyə çalışırıq. Türk dünyasının ən böyük sərvəti ortaq tariximiz, dilimiz və mədəniyyətimizdir”, – deyə o vurğulayıb.
Professorun sözlərinə görə, əvvəlki nəsillərin qoyduğu zəngin elmi və mədəni irsi qorumaq, onu daha da inkişaf etdirərək gələcək nəsillərə çatdırmaq hər bir türkoloqun vəzifəsidir. “Biz keçmişdən aldığımız güc və ilhamla daha firavan, sülh və əmin-amanlıq içində yaşayan Türk dünyasının formalaşması üçün çalışmalıyıq. Müharibələrin azaldığı, qardaşlığın, dostluğun və ədalətin gücləndiyi, dillərin və dinlərin ayrılıq deyil, birləşdirici amilə çevrildiyi bir dünya naminə daha çox işləməli və ortaq dəyərlərimizi yaşatmalıyıq”, – deyə alim əlavə edib.



