Xəbərlər

DİM-də “Ali təhsil müəssisələrinin sərgisi” açılıb

Dövlət İmtahan Mərkəzində (DİM) “Ali təhsil müəssisələrinin sərgisi”nin açılışı olub.

“Füyuzat” xəbər verir ki, sərginin açılışında DİM-in aparat rəhbəri Vəfadar Misirov ali təhsil müəssisələrinə qəbul kampaniyası və ixtisas seçimi barədə məlumat verib. Aparat rəhbəri ixtisas seçimi ərəfəsində abituriyentlərlə ali təhsil müəssisələrinin nümayəndələrinin birbaşa ünsiyyət imkanının əhəmiyyətini vurğulayıb. Daha sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, “e-psixoloq.az” psixoloji dəstək platforması və “otk.az” onlayn sınaq imtahanı portalı stendlərlə təmsil olunur.

İyulun 31-dək davam edəcək sərginin məqsədi abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminə dəstək göstərməkdir. Tədbir çərçivəsində iştirakçılar DİM mütəxəssisləri tərəfindən hazırlanmış “Peşə seçimi” testlərindən də ödənişsiz faydalana bilirlər.

Sərgi iştirakçıları ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, təhsil haqları, təqaüd imkanları, güzəştlər və digər məsələlər barədə məlumat əldə etmək imkanı qazanırlar.