Füyuzat 124 Kültür-sənət Mübariz Süleymanlı

DİN, MƏDƏNİYYƏT VƏ MİLLİ DÖVLƏT

M.Ə.Rəsulzadə inanırdı ki, türk milləti dünya mədəniyyətinə orijinal və zəngin mədəniyyət əlavə edə biləcəkdir. Çünki artıq XIX əsrin əvvəllərindən etibarən “mədəniyyət dünyası tarixində ən böyük rol oyna­yan milliy­yət fikri XX əsrin başlaması ilə daha artıq qüvvətlənmiş, Av­ropa və Amerika hüdudunu aşaraq Yaxın və Uzaq Şərq məmləkətlərini də öz təsiri ilə bürümüşdü” [Resulzade M.E. Bugünün ilhamı // “Odlu yurd”, Sayı: 4, Mayıs 1929, s.118-121.]. “Milli dirilik” başlıqlı silsilə məqalələrində [Rəsulzadə M.Ə. Milli dirilik // “Dirilik” jurnalı, 1914-cü il, №3; №5] millətin, dil və mədəniyyət birliyinə dayandığını, müsəlmanlığın milləti deyil, ümməti ifadə etdiyi qənaətində olan M.Ə.Rəsulzadə milliyyəti təşkil edən amilləri təhlil etmişdir.

Milliyyətin dar və birtərəfli tərifi yerinə Azərbaycan türklərinin Rusiya imperiyası daxilində hakim və işğalçı milliyyətlə heç bir münasibəti olmayan ayrı və müstəqil milli bir mövcudiyyət olduğunu izah edən M.Ə.Rəsulzadə “Açıq söz” qəzetinin belə bir milli məfkurənin orqanı olmaq üzrə nəşrinə başlamışdı. Qəzetin ilk sayında M.Ə.Rəsulzadə məqaləsini bu sözlərlə bitirirdi: “Ayrı-ayrı milliyyətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə sahib olmalıdırlar”. M.Ə.Rəsulzadənin həmin dövr qənaətləri təsdiqləyir ki, Azərbaycanda milli mənlik şüurunun ümummüsəlman və ümumtürk şüurundan ayrılması prosesi artıq qarşısıalınmaz xarakter almışdı.

Dünyəvilik ideyalarının ardıcıl tərəfdarı olmuş M.Ə.Rəsulzadə dini mənəvi məsələ hesab edərək onun siyasətə qarışmasının əleyhinə çıxış etmişdir. Bu mənada onun “Müsavat”ın I qurultayındakı çıxışı çox səciy­yəvidir. Həmin nitqində o, qətiyyətlə bildirirdi: “Məscidə daxil olan şəxs siyasəti, partiyanı, ideyanı unutmalı və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə məşğul olmamalı və siyasi mübarizədə məscid bitərəf qalmalıdır” [Azərbaycan Respublikası Dövlət Arxivi: f.894, siy.10]. M.Ə.Rəsulzadənin təkidi ilə partiya proqramına əlavə olunmuş xüsusi bənddə deyilirdi: “Hökumət din və məzhəblərdən heç birini digərlərindən üstün tutub onu himayə və mühafizə edə bilməz”. Bununla da sonradan Azərbaycan Cümhuriyyətində dinin dövlətdən ayrıl­ması prinsipinin əsası qoyul­muşdu. Qurultayın yekunları göstərir ki, əsas müddə­aları M.Ə.Rəsulzadə tərəfin­dən işlənib hazırlanmış azərbaycançılıq konsepsiyası rəsmi şəkildə “Müsavat”ın siyasi doktrinası qismində təsdiqlənmişdir. Bütövlükdə isə partiyanın proqramı “Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbin mədəniyyət və demokratik cərəyanlarının təbii sintezindən ibarət idi”.

Cümhuriyyətə qədərki dövrdə Azərbaycan top­luluğundakı üç əsas fikir cərəyanından bəhs edən M.Ə.Rəsulzadə “Azərbaycan davası” başlıqlı məqaləsində yazırdı ki, bunlar­dan biri dini düşüncədən irəli gələrək milliyyət fikrinə xor baxan islami ittihadçı­lıq­dır. Buna müqabil yenə milliyyət ayrılığını rədd edən kosmopolit bir fikir cərəyanı – sosializm vardı. Biri sağçı, digəri solçu olan hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün ya “Rusiyada müsəlmanlıq”, ya da “Rusiyada sosializm” vardı.

Milli olmayan bu cərəyanların arasında isə milli Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə dururdu. Tarix və mədəniyyət anlayışında türkçü olan bu milliyyətçi zümrənin hədəfi siyasi sahədə Azərbaycanın muxtariyyəti və istiqlalı idi.

1917-ci ildə qurulmuş “Türk Ədəmi Mərkəziyyət Firqəsi” ilə birləşən “Müsavat” partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu olan bütün türk ellərinin yaxın tarixində də mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramda Azərbaycan muxtariyyəti fikrinin irəli sürüldüyü gündən etibarən gürcülərdə menşevik, ermənilərdə daşnak partiyaları kimi, Zaqafqaziyada Azərbaycan türklüyünü təmsil edən üçüncü bir güc halına gəlmişdi [Resulzade M.E. Azerbaycan davası // “Azerbaycan”, Ankara, Mayıs-Haziran, 1954, Sayı: 2-3 (26-27), s.3-7.]. Çarlığın devrilməsindən sonra Bakıda “İsmailiyyə” sarayının möhtəşəm salonunda toplanan “Qafqaz Müsəl­manları Qurultayı”nda yeni rejim məsələsi qarşısında türk­lərin tutacaqları mövqe müzakirə və münaqişə edilərkən yalnız dini və mədəni mux­ta­riy­yətlə kifayətlənən “vahid və mərkəziyyətli Rusiya Cümhuriyyəti” tərəfdar­la­rının sağ­dan və soldan gələn hücumlarına qarşı türk demokratiyasının milli dövlət fikrini, yalnız Nə­sib bəy Yusifbəyli ilə M.Ə.Rəsulzadə müdafiə edə bilmişdi. 1–11 may 1917-ci ildə Moskvada toplanan Rusiya türklərinin böyük qurul­tayında da şid­dətlə çarpışan bu iki tezisdən milli dövlət fikri M.Ə.Rəsul­zadənin hesabatından və müdafiə nitqindən [yenə orada] sonra qəbul edilmişdi.

İnsanlıq və mədəniyyət baxımından milli dövlət qurmağın zəruri, ən demokratik yol olduğunu isbat edən M.Ə.Rəsulzadə bütün millətlərlə bərabər rus əsarətində olan türklər üçün də milli dövlət qurmaq haqqının tanınmasını hərarətlə müdafiə edə bilmişdir. O, bütün millətlərin milli mövcudluğunu mühafizə və milli mədəniyyətlərini inkişaf etdirmək üçün milli hüdudları daxilinə çəkilib istiqlala qovuşmalarını müdafiə etməklə yanaşı, həm də “dünya federasiyasında” birləşə biləcəklərinə inanmış, hər kəsi də buna inandırmışdır. M.Ə.Rəsulzadə Bakıda fəaliyyətə başlayan Azərbaycan parlamentindəki (7 dekabr 1918-ci il) açılış nitqində bu məsələyə toxunmuşdur. Onun parlamentin təşkil etdiyi üçüncü Fətəli xan hökumətinin bəyannaməsi ilə bağlı çıxışı bir hökumət proqramı mahiyyətində idi. M.Ə.Rəsulzadənin yeni qurulan milli dövlətin istinad etməsi lazım olan demokratik əsaslarını, daxili və xarici siyasətini bir-bir izah edən bu nitqi “milli mədəniyyət təməlinə dayanan gələcək demokratik konstitusiya layihəsini də təşkil edirdi. O, Azərbaycan Cümhuriyyətinin təşəkkülü ilə milli dövlət məfkurəsinin zəfərini görür və bu zəfər nəşəsi ilə coşur və hər kəsi çaşdırırdı”. 28 may 1919-cu ildə, Azərbaycan istiqlalının birinci ildönümü münasibətilə “Azərbaycan” qəzetinə verdiyi bəyanatda: “Milli mədəniyyət əsasında dayanması və milli demokratik türk dövlətçiliyi təməli üzərinə qurulması etibarilə Azərbaycan ilk türk dövləti və ilk müsəlman cümhuriyyətidir” [yenə orada] , – deyərək bunu izah və isbat edirdi.

“Milli həyat, milli varlıq, milli mənlik və milli ruhun əsasını, baş mənbəyini təşkil edən milli harsdır” deyən M.B.Məmmədzadəyə görə 28 May “milliyyət dövrü”nün sonu, “millət” dövrünün əvvəli idi. Mədəni-ictimai təşəkkül və inkişafın məhsulu olan “millət” dövrü ilə Azərbaycan cəmiyyəti “milli bir məfkurə” ətrafında siyasi hakimiyyət davasına başlayırdı. Beləcə, Əhməd Ağaoğlunun bildirdiyi kimi “mərifəti qövmiyyə” [Ağaoğlu A. Türk alemi // Türk Yurdu (yeni harflerle basımı). 17 ciltte, 1-17-ci ciltler. Ankara: Tutubay Yayınları, 1999-2001, c.1, sayı 1, 1911, s.16-17.], yəni milli kimlik, “ideal” sahədən “real” sahəyə verilmiş oldu. M.Ə.Rə­sulzadə isə “türk mənşəli bütün digər dövlətlər başlıca olaraq dini təməl üzərində qərar tutduqları halda, Azərbaycan Cümhuriyyəti müasir milli-mədəni müstəqillik təməlinə, türk milli-demokratik dövlət qurumu zəmininə əsaslanır və bu baxımdan bizim cümhuriyyətimiz ilk türk dövlətidir” [Resulzade M.E. Azerbaycan Cumhuriyeti hakkında ümumi malumat // “Azerbaycan”. Ankara, Sayı: 1, Nisan 1952, s.4-7.] deyirdi.

Əgər M.B.Məmmədzadə Cümhuriyyətin quruluşunu “xanlıq və dərəbəylik dövründən sonra demokratik bir hərəkat olaraq ortaya çıxan Azərbaycan türk milliy­yətçiliyinin məntiqi bir sonucu” [Mehmetzade M.B. Azerbaycan Cümhuriyetinin Menşei Hakkında // “Azərbaycan” dergisi, Sayı: 272, Mart-Nisan 1990, s.20-21.] kimi dəyərləndirirdisə, M.Ə.Rəsulzadə isə deyirdi: “Rusiya idarəsin­dəki müsəlmanlara “Türk” dedirtmək indi qazanılmış bir davadır. Yalnız “Türk” kəlməsi deyil, “Azərbaycan” adı da qazanıl­mışdır” [Resulzade M.E. Seçme eserler 1. Kitaplar. Ötüken neşriyat A.Ş. (Neşre hazırlayanlar: Yavuz Akpınar, İrfan Murat Yıldırım, Sabahattin Çağın), İstanbul – 2020, 519 s.].

Ümumilikdə milli istiqlal davasını mədəni millətlər ailəsində özünəməxsus bir evə malik olmaq davası ilə eyniləşdirən M.Ə.Rəsulzadəyə görə 28 May, müasir Azərbaycan cəmiyyətinin milli tərəqqi və mədəni inkişaf seyrini icmal edərək ona yaşadığımız milli istiqlal məfkurəsi ilə dolu, bö­y­ük dövr ilə mütənasib bir şəkil və istiqamət vermişdir.