Həyatda bəzi anlayışlar var ki, onların mənasının açılması qarşısında dünyadakı bütün dillər acizdir. Bu anlayışlardan biri də dostluqdur. İnsan ömrü boyu bir çox şeyə sahib ola bilər – zənginliyə, şöhrətə, biliyə, gücə. Amma bunların heç biri dostluğun verdiyi o dərin hüzurla müqayisə oluna bilməz. Dostluq elə bir xəzinədir ki, onu tapmaq da çətindir, qorumaq da. Dostun bir kəlməsi bəzən ən güclü dərmanı belə əvəz edər, bir baxışı könül yaralarını sağaldar, bir sarılması isə həyatın bütün yükünü azaldar.
Dostluq nədir? Dostluq sevgidir, diqqətdir, qayğıdır, güvəndir, sədaqətdir, sirdaşdır. Bu anlayışlar sözlərin sərhədlərindən çıxaraq hisslərin, duyğuların dərinliklərində həyat tapar. Dostluq sanki Eyler Ven dioqramı kimidir. Bir düşünün… Eyler-Venn diaqramında iki və daha artıq fərqli dairələr ortaq cəhətləri ilə bir araya gəlirlər. Dostluq da bax belədir. Müxtəlif xarakterli, müxtəlif zövqlü insanların qəlbən bir araya gəlməsidir. Fərqliliklərə rəğmən eyni mərkəzdə qovuşmaq, bir-birinin iç dünyasına körpülər salmaq, ruhların səssiz ahəngi ilə bir yerdə addımlamaqdır dostluq. Çünki o, ağılın, düşüncənin bəhrəsi deyil, qəlbin, ruhun və zamanın əməyidir. O nə pulla alına bilir, nə də saxta sözlərlə qazanıla bilir. Onun əsasını səmimiyyət, düzlük və qarşılıqlı anlayış təşkil edir.
Bəzən bir dost səssizliyi ilə danışar, sözsüz anlayar. O sənin üzündəki təbəssümün arxasındakı göz yaşını görə bilər. Dost bir çətin anında əlindən tutan deyil sadəcə, bəzən heç bir şey demədən yanında dayanan, susaraq sənə güc verəndir. Deyirlər əsl dost dar gündə tanınar. Mənsə düşünürəm ki, dost sevincli günlərdə tanınar. Çünki dar günündə yad bir insanın belə sənə ürəyi yanıb, yanında ola bilər. Amma hər kəs sənin xoş gününə sevinib, yanında olub sənə dəstək ola bilməz. Əsl dost sənin uğurunu qısqanmaz, əksinə sənin uğurlarına qəlbən sevinər. Bəlkə də, öz uğuru kimi görüb sevinc göz yaşları tökər.
Dostsuz insan zülmət dolu dünyaya bənzər. Çünki dost zülmət gecəni öz işığı ilə aydınladan ay, qaranlığa bürünmüş kövrək qəlbi isə nura qərq edən günəşdir. Bəzən bir dostun bircə “mən burdayam” deməsi ən uzun və ən dərin dualardan təsirli ola bilər. Bu işıq, bu istilik insanın həyatına istiqamət verər, onu boşluqdan, ümidsizlikdən çəkib çıxarar. Dost elə bir aynadır ki, sən özünü onda görərsən – zəifliklərini, güclü tərəflərini, hətta bəzən özünün belə fərqində olmadığın hisslərini. O sənin sükutunun dilini öyrənmiş biridir, sənin gözlərinə baxaraq qəlbini oxuyan biridir.
Dostluq elə bir sehrli qüvvədir ki, onun sunduğu eşq şərabı sanki ruhunu məst edər. Səni bu dünyadan alıb başqa aləmlərə aparar. Və təəssüf ki, bu eşq şərabından dadmaq hər kəsə nəsib olmaz. Hər kəs dost ola bilməz, hər kəsə dost olmaq da olmaz. Bəzən illər keçir, yollar ayrılır, insanlar dəyişir, amma bir zamanlar qəlbinin aynasında parlayan bir dostun xatirəsi heç solmur. Çünki dostluq zamana meydan oxuyur, məsafələrə qalib gəlir.
Dostluq həyatın ən gözəl musiqisidir. Bu musiqinin notları səmimiyyətdən, harmoniyası anlayışdan, ritmi isə qarşılıqlı etimaddan yaranır. Həyat bəzən gözlənilməz fırtınalarla dolu olsa da, səninlə birgə çətir tutan bir dost varsa, o yağış da gözəllik gətirir. Və insan bu dünyada ən çox nəyə ehtiyac duyur? Maddi şeylərə deyil, məhz belə dostluğa.