Hamı öz varlığında böyük bir dünya daşıyır və “bu dünyada” bir-birindən fərqlənən doğru və yanlışlarımız, stilimiz, yaşam tərzimiz, baxış bucağımız var. Lakin bir çoxları insanları qəliblərə sığdırmağa çalışır. Fəqət düşünmürlər ki, saysız-hesabsız qar dənəsinin hər birini fərqli naxışlarla bəzəyən Yaradan bizi də fərqliliklərlə xəlq edib. Birini digərinə uyğunlaşdırmağa məcbur etmək və ya “sən onun kimi olmalısan, onun kimi geyinməli, danışmalı, hərəkət etməlisən” demək, bir dünyanın digər dünyanın içinə sığdırmağa çalışmaq insanları görünməz dəmir barmaqlıqlar arasına salıb buxovlamaq deməkdir. Bu isə ağlasığmazdır, çünki biz əzəldən bəri hürr yaşamağa adət etmişik. Axı biz robot deyilik ki, bir-birimizi yamsılayaq və standart qəliblərə sığaq. İnsanı dəyişdirməyə çalışmaq bir çiçəyi başqa rəngə boyamaq kimidir…
Biz niyə başqaları kimi olmağa cəhd etməliyik və ya olmalıyıq? Bizi sevən insanlar onsuz da bizi olduğumuz kimi qəbul etməli deyilmi?..
İnsanların qapalı pəncərələr arxasında özünəxas rəngarəng dünyası var, bəzi dünyalar hələ də sirli adalar kimi kəşf edilməyib. Sırf bizlər görə bilmirik deyə onu adiləşdirib yox etməli, digərləri kimi olmasınımı tələb etməliyik? Halbuki qarşımızdakı hər bir insanın görünən tərəfi ilə yanaşı, daxilində gizlətdiyi böyük bir dünyası da var. Onu görmədən, tanımadan kimsəyə hökm verib yarğılamaq doğru olmaz. Belə insanların daxilində “standart insanlar”dan fərqli sehirli bir dünya var, o dünya ki orada hələ də parlamağı, işığı ilə gözləri qamaşdırmağı, könlümüzü aydınlandırmağı gözləyən nə cövhərlər var.
İnsanları dəyişdirməyək, olduğu kimi sevək, qəbul edək və ən əsası anlayaq. Necə ki ətrafı öz uğultusu ilə ağuşuna alan küləkləri, göydən yerə alov yağdıran günəşi, yağanda dinmək bilməyən, göz yaşı kimi dupduru olan yağış damcılarını qəbul etdiyimiz kimi özümüzü də, ətrafımızdakıları da qəbul edək. İnsanlar bütünlüklə yanlışlardan ibarət ola bilməz. Əgər biz ən pis zamanda belə gözümüzü, könlümüzü gözəlliklər görməyə yönəltsək, onda baxdığımız hər yerdə güllük-gülüstanlıq görərik.
Hər fərq bir rəngdir, hər insan isə bir naxış – həyat bu rəng və naxışlarla gözəldir…
Dünyanın bir parçası olaraq öz dünyamızı var edərək daşımaq, fərqliliklərə imza atmaq, olduğumuz kimi yaşayaraq kainatın bir parçasını özümüzdə daşımaq çox özəl və dəyərlidir. Bunu isə hər insan bacarmır.
Çoxları ətrafdakıların basqısına məruz qalaraq öz dünyasındakı işığı söndürüb ətrafdakıların işığına sığınır.
Kimisə xoşbəxt etmək üçün özümüzdən, öz arzularımızdan, xəyallarımızdan imtina etməyək.
Kainatda öz dünyasını qoruyan, özünə dəyər verən, hörmət edən insanlara sonsuz sayğılarımla…