Xəzər dənizi dünyanın ən iri daxili su hövzəsidir. O, Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanla sərhədlənib. Dənizin uzunluğu 1200 km, sahəsi 392 min km², orta dərinliyi 207 metr, ən dərin yeri isə 1025 metrdir. Xəzərin ən dərin nöqtəsi Lənkəran çökəkliyi adlanır.
Yer üzündə Xəzər dənizindən sonra ən böyük, şimali Amerikada yerləşən Yuxarı Göl adlanan gölün sahəsi 82,7 min km²-dir. Bu da o deməkdir ki, Xəzər dənizi 4,5 dəfə Yuxarı Göldən daha böyükdür.
Xəzər dənizinin adı ilk dəfə Assuriyadan olduğu güman edilən gil qabın üzərində “Cənub dənizi” olaraq qeyd edilib. Yunan coğrafiyaçılara görə isə bu dəniz Kaspiy və Hirkan kimi adlanıb. Kaspi adı Xəzər dənizinin sahilində yaşamış Kaspi tayfalarının adı ilə əlaqələndirilir. Hirkan adı isə Xəzər dənizinin sahilində qurulan Hirkan dövlətinin adı ilə bağlıdır.
Mütəxəssislər qeyd edir ki, Xəzər dənizi Mezozoy erası ərəfəsində digər okeanların parçası olmuş, zamanla əhəng daşı, tabaşir, gil, qum kimi çöküntülərin səthə çıxması nəticəsində okeandan ayrılaraq Qara dəniz ilə birləşmişdir. Milyonlarla il sonra Xəzər dənizi Qara dəniz hövzəsindən tədricən ayrılmışdır. Xəzər dənizi hər dövrdə baş verən iqlim dəyişikliklərindən təsirlənmişdir. Müəyyən periodlarda kiçilmiş və ya böyümüşdür.
Bizim Xəzərə göl yox, dəniz deməyimiz romalılarla bağlıdır. Çünki romalılar düşünürdülər ki, suyu şirin olan hövzələr göl, suyu duzlu olan hövzələr isə dənizdir. Buna görə də, Xəzər tarixən dəniz olaraq adlandırılıb. Müasir dövrümüzdə isə Xəzər dənizi siyasi, mədəni, tarixi önəminə görə, həm də ərazisinin böyüklüyünə əsasən, dəniz olaraq adlandırılır.
Xəzər dənizi xüsusilə Azərbaycan üçün böyük önəm daşımaqdadır, çünki hal-hazırda Azərbaycanda hasil olunan neftin 67%-i, təbii qazın isə 95%-i Xəzərdən çıxarılır. Amma bu o demək deyil ki, Xəzər dənizi yalnız Azərbaycan üçün önəm daşıyır, əksinə o, həmsərhəd olduğu bütün ölkələr üçün çox faydalıdır. Xəzər dənizi həm də siyasi önəm daşımaqdadır, məhz buna görə də tarix boyu böyük imperiyalar Xəzərə sahib olmaq istəmişdir. Xəzər dənizi eyni zamanda turizm üçün də əhəmiyyətlidir.
Lakin günümüzdə Xəzərin problemləri bir xeyli artmaqdadır. Digər ölkələr tərəfindən törədilən ekoloji terrorlar, Xəzərin əsas qidalandırıcı çayları olan Volqa, Kür və Araz çaylarındakı su səviyyəsinin aşağı düşməsi, kənd təsərrüfatı sahələrində istifadə olunan gübrələrin bir hissəsinin yağıntı və suvarma suları ilə yuyularaq dənizə axması və qlobal istiləşmə kimi faktorlar Xəzər dənizinin sahəsinin kiçilməsinə və dənizdə yaşayan canlıların tələf olmasına səbəb olur.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Xəzər dənizinin ekoloji təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm əhəmiyyətə malik bir sıra dövlətdaxili addımlar atmışdır. Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində dənizin ekoloji təhlükəsizliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2001-ci ildə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi yaradılmışdır.
Tərlan Bayramzadə