Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası – Böyük Səhra və ya Sahara. Sahara dünyanın ən böyük isti səhrası olmaqla yanaşı, Antarktida və Arktikanın soyuq səhralarından sonra üçüncü ən böyük səhradır. Sahəsi 9,4 milyon kv. km-dir. Bu isə onun təxminən Amerika Birləşmiş Ştatları böyüklüyündə bir ərazini, həmçinin Afrika qitəsinin təxminən üçdə birini əhatə etdiyini göstərir.
Sahara qərbdən Atlantik okeanı, şərqdən Qırmızı dəniz, şimaldan Aralıq dənizi və cənubdan Sahel savannası ilə həmsərhəddir. Böyük Səhra müxtəlif torpaq xüsusiyyətlərinə malikdir, lakin ən çox məşhur olanı filmlərdə də təsvir olunan qum təpələridir. Qum təpələri 183 metr hündürlüyünə çata bilir və bütün səhranın təxminən 25%-ni əhatə edir. Digər topoqrafik xüsusiyyətlərinə dağlar, yaylalar, qum-çınqıllı düzənliklər, şoranlıqlar, hövzələr və çökəkliklər daxildir.
Səhradakı ən yüksək nöqtə Çadda sönmüş vulkan olan Emi Koussidir ki, onun hündürlüyü 3415 metrə çatır. Ən dərin nöqtəsi isə Misirin şimal-qərbindəki Qəttara çökəkliyidir. O, dəniz səviyyəsindən 133 metr aşağıdadır. Regionda suyun qıt olmasına baxmayaraq, Sahara iki çay – Nil və Nigeri, həmçinin 90-dan çox vahə üçün əsas su mənbəyi olan ən azı 20 mövsümi göl və nəhəng su təbəqələrini ehtiva edir. Su idarəsi orqanları bir vaxtlar Saharadakı sulu təbəqələrin “qalıq sulu təbəqələr” olduğunu düşünürdülər. Uzaq keçmişdə müxtəlif iqlim və geoloji şəraitdə yığılan su ehtiyatlarının bu resursların həddindən artıq istifadəsi səbəbindən tezliklə quruyacağından qorxurdular. Bununla belə, 2013-cü ildə araşdırmalar nəticəsində sulu təbəqələrin hələ də yağış və axıntı ilə qidalandığı aşkar edilib. Saharanın sərt, quraq şəraitinə baxmayaraq, burada bir çox bitki və heyvan növlərinə rast gəlmək mümkündür. Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Saharada təxminən 500 bitki, 70 məməli, 90 quş, 100 sürünən növü və çoxsaylı hörümçəklər, əqrəblər, həmçinin digər kiçik buğumayaqlılar yaşayır. Dəvələr isə Saharanın ən simvolik heyvanlarından biridir. “Səhra gəmiləri” kimi də tanınan dəvələr Saharanın isti, quraq mühitinə yaxşı uyğunlaşıblar. Bellərindəki hürgüclər vasitəsilə onlar bir həftədən çox susuz və bir neçə aydan çox qidasız qala bilirlər. Saharadakı bitki növləri quraq şəraitə uyğunlaşmışdır. Suyun buxarlanmasının qarşısını almaq üçün yarpaqları tikana çevrilmiş, kökləri torpağın dərin qatlarına suyu tapmaqdan ötrü uzanmışdır.
Bizim üçün qəribə görünsə də, bu ərazidə 2 milyon əhali yaşayır. Gündüzlər temperatur +58 dərəcəyə qədər qalxsa da, gecələr -6 (şaxta) dərəcəyə qədər düşür. Səhranın yarısında illik 79 mm yağıntı müşahidə olunduğu halda, digər yarısında bu rəqəm 100 mm-dir. Yəni cəmi 179 mm. Qar səhranın yüksək dağlıq ərazilərində nadir hallarda müşahidə olunur. Alçaq ərazilərinə isə ilk dəfə 1979-cu ilin 18 fevralında yağıb (Əlcəzairin cənubuna). Eyni ərazidə qar 2012-ci ildə ikinci, bu qış isə üçüncü dəfə təkrarlanıb.
Ləman Vahid