Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-dən Bakı şəhərində fəaliyyət göstərən dünyada ilk və özəl miniatür kitab muzeyidir. Bu muzey “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğunun ərazisində, Şirvanşahlar Sarayının (XIV əsr) yaxınlığında yerləşir. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətdə toplanmış nadir kolleksiya əsasında yaradılmışdır. Zərifə xanım 36 il ərzində muzeydə dünyanın 80 ölkəsində çap edilmiş 8700-dən çox miniatür kitabı toplamışdır.
Bu gün muzeydə 145 kv.m. sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 5600 miniatür kitab, o cümlədən “Ginnesin rekordlar kitabı”nın standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan 3370 ədəd miniatür kitab nümayiş etdirilir. Keçmiş SSRİ-də səhifə ölçüsü 100×100 mm olan kitablar miniatür sayılırdı və təbii ki, miniatür kitablar muzeyində təqdim edilən kolleksiyada da həmin dövrün ölçülərinə müvafiq olan mini kitablar nümayiş edilir.
Kitabların əksəriyyəti ingilis dilində çap olunanlardır. Onların ölçüsü 2 millimetrdən 10 millimetrə qədərdir. Kolleksiyadakı ən kiçik kitab isə Yaponiyada çap edilən 3 mikrokitabdır. Kitablar – “Doğum daşı”, “Zodiak nişanları və onun rəmzləri”, “Güllərin dili” adlanır. Bu kitablar 1979-cu ildə nəşr olunub. İncəliklə hazırlanmış kitabların cildləri qoyun dərisindən hazırlanıb və hər biri cəmi 16 səhifədən ibarətdir. Həmin kitabların oxunması üçün xüsusi lupa da təqdim olunur.
Burada olan kitabların çoxunun yaşı 100 ildən çoxdur. Muzeydə sərgilənən, 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr olunan, muzeyin ən qədim kitabı “Quran”, XVII əsrə aid dini kitablar, eləcə də A.S.Puşkinin sağlığında çap edilmiş əsərlər oxucuları keçmişə aparır.
Miniatür Kitab Muzeyi təkcə Azərbaycanın deyil, dünya mədəni irsinin bir parçasıdır. Burada ABŞ, Yaponiya, İngiltərə, Fransa, Almaniya, Ukrayna və digər ölkələrdə çap olunmuş kitablar sərgilənir. 62 ölkədən gətirilmiş nadir kitablar muzeyə beynəlxalq əhəmiyyət qatır.
Miniatür Kitab Muzeyi bu gün 10 mindən çox unikal kitabı ilə dünyanın ən böyük miniatür kitab kolleksiyasını nümayiş etdirir. Muzeyin fəaliyyət dairəsi təkcə Bakı ilə məhdudlaşmır. 2014-cü ildə Naxçıvan şəhərində yerləşən Məmməd Səid Ordubadi adına kitabxanada muzeyin filialı yaradılmışdır. Bu filialda 100-ə yaxın miniatür kitab sərgilənir ki, bu da Azərbaycanın tarixi və mədəni dəyərlərini ölkənin digər bölgələrində tanıtmaq məqsədi daşıyır. Bu addım muzeyin kolleksiyasını daha geniş auditoriyaya çatdırmağa xidmət edir və miniatür kitabların dünyadakı unikal irs kimi tanınmasına töhfə verir.
Miniatür Kitab Muzeyi dünya ictimaiyyəti tərəfindən də maraqla qarşılanır, hər il dünyanın müxtəlif ölkələrindən minlərlə turist muzeyi ziyarət edir.
Ləman Vahid