Mədinə Məcidli • Xəbərlər

Ərzaqdan yaranan dəyər

Gündəlik həyatımızda tez-tez işlətdiyimiz “maaş” sözü ilk baxışda sıradan bir iqtisadi anlayış kimi görünür. Onun kökü insanlıq tarixinin çox qədim qatlarına, duzun həyati əhəmiyyət daşıdığı dövrlərə gedib çıxır. Sözün mənşəyini anlamaq üçün əvvəlcə duzun tarixdəki rolunu xatırlamaq lazımdır. Bu gün sadəcə mətbəxdə istifadə etdiyimiz bir maddə kimi görünən duz, qədim zamalarda həyat demək idi.

Qədim Roma dövründə duzun  dəyəri daha da aydın görünür. Romalılar üçün duz o qədər qiymətli idi ki, onun daşındığı yollar belə xüsusi adlarla tanınırdı. Məşhur “Via Salaria” – “Duz yolu” – tarixə düşmüş mühüm ticarət marşrutlarından biri idi. Duz, imperiyanın müxtəlif bölgələrinə daşınır və iqtisadi dövriyyənin əsas hissəsini təşkil edirdi. Hətta bəzi hallarda duz birbaşa mübadilə vasitəsi kimi istifadə olunurdu və onun dəyəri pul qədər, bəzən isə puldan daha yüksək sayılırdı. Məhz bu kontekstdə “maaş” anlayışının kökü meydana çıxır. Latın dilində “salarium” sözü “duz pulu” mənasını verirdi. İlkin olaraq Roma əsgərlərinə duz almaq üçün verilən ödənişi ifadə edirdi.

Duz “maaş” anlayışının ən məşhur simvoluna çevrilsə də, tarix boyu əmək qarşılığında istifadə olunan yeganə ərzaq olmayıb. İnsan cəmiyyətləri uzun müddət pul sistemləri formalaşmamışdan əvvəl gündəlik həyatda ən vacib olan məhsulları bir növ dəyər ölçüsü kimi qəbul edirdilər. Taxıl, çörək, düyü, kakao kimi ərzaqlar da müxtəlif mədəniyyətlərdə maaş və ya ödəniş anlayışı ilə sıx bağlı olub.

Məsələn, qədim Misirdə və Mesopotamiyada işçilərə verilən qarşılığın əsas hissəsini taxıl təşkil edirdi. Buğda və arpa iqtisadi vahid sayılırdı. Piramidaların tikintisində çalışan fəhlələrə müəyyən miqdarda taxıl və ondan hazırlanmış çörək verilirdi.

Asiyada, xüsusilə qədim Çində düyü əsas dəyər vahidlərindən biri hesab olunurdu. Vergilər, borclar və maaşlar bəzən düyü ilə ödənilirdi. Bir insanın var-dövləti onun nə qədər düyü ehtiyatına sahib olması ilə ölçülə bilərdi. Belə yanaşma uzun müddət davam etmiş və bəzi bölgələrdə pul sistemləri ilə paralel şəkildə işlənmişdir.

Daha fərqli bir nümunə isə Mərkəzi Amerikada, xüsusilə astek və mayya sivilizasiyalarında görünür. Kakao dənələri bir növ pul funksiyasını yerinə yetirirdi. İnsanlar alış-veriş edərkən və ya xidmət qarşılığında ödəniş edərkən kakao dənələrindən istifadə edirdilər. Hətta müəyyən sayda kakao dənəsi ilə konkret məhsulların alınması mümkün idi.

Köçəri və yarımköçəri cəmiyyətlərdə sərvət torpaqdan çox heyvanlarla ölçülürdü. Əmək qarşılığında verilən mükafat da çox vaxt bu məhsullar şəklində olurdu. Bütün nümunələr göstərir ki, “maaş” anlayışı əslində puldan çox əvvəl mövcud olub və onun kökü insanın əsas ehtiyaclarına – qidalanmağa dayanır. Hansı ərzaq daha vacib idisə, o da dəyərin ölçüsünə çevrilirdi.

Hazırladı: Mədinə Məcidli