Türkiyədə Rami Kitabxanasında Anadolu Agentliyinin (AA) qlobal ünsiyyət partnyoru olduğu “10-cu Beynəlxalq İstanbul Nəşriyyat Professional Görüşləri”nin (İstanbul Publishing Fellowship) açılışı keçirilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Mətbuat və Nəşriyyat Dərnəyinin dəstəyi ilə Türkiyə Mətbuat Nəşriyyat Məslək Dərnəyinin (TBYM) təşkil etdiyi proqram bir çox yerli və beynəlxalq nəşriyyatçıları bir araya toplayıb. Tədbirdə Azərbaycanı MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu təmsil edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Anadolu Ajansı” məlumat yayıb.
Qeyd edilib ki, beynəlxalq müəllif hüquqları mübadiləsinə mühüm töhfə verməsi planlaşdırılan tədbirdə bu il 75 ölkədən nəşriyyatlar iştirak edib.
MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu AA müxbirinə bildirib ki, bu il beşinci dəfə qatıldıqları proqramda əvvəlki illərlə müqayisədə daha çox nəşriyyat iştirak edib və tədbir daha sistematik şəkildə keçirilib.
İllər keçdikcə nəşriyyatların bir-birinə daha da yaxınlaşdığını ifadə edən Aslanoğlu qeyd edib: “İstanbul Publishing Fellowship” proqramı dünya nəşriyyatçılarının görüş nöqtəsinə çevrildi. Bu səviyyəyə çatmağın arxasında böyük zəhmət var. Eyni təcrübəni öz ölkəmizə də daşımaq istəyirik. Eyni məlumatları bölüşmək və nəşriyyat sektorunda bu təcrübələri paylaşmaq istəyirik. Həqiqətən də, belə tədbirlərin həyata keçirilməsi diqqətəlayiqdir”.
Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində və bir çox sahədə sıx əlaqələrin olduğuna diqqət çəkən Aslanoğlu deyib:
“Başqa dövlətlər arasında belə bir nümunə yoxdur. Yəni biz qardaşıq və bu qardaşlıq mədəniyyət və ədəbiyyat sahəsində də özünü göstərir. Azərbaycan oxucusundan türk yazarları haqqında soruşun, onlar bu suala öz yazarları kimi cavab verəcəklər. Çünki onların çoxu türk yazıçılarını oxuyub. Azərbaycanda nəşriyyat sənayesi inkişaf mərhələsindədir. Sovet İttifaqından çıxandan sonra yeni nəsil yazar, oxucu yetişdirə bilərik, bunun üçün yaxşı nümunəyə ehtiyacımız var. Türkiyə nümunəsi həm milli, həm mədəni, həm də ideoloji olaraq, bu inkişafa müsbət təsir göstərə bilər”.
Əsəd Aslanoğlu süni intellektin nəşriyyat sektoruna təsirlərinə toxunaraq tarixdə baş verən mühüm hadisələr kimi, süni intellektin də bəşəriyyətə daha yaxşı təsir edəcəyini bildirib.
O, müəllif hüquqları və dizayn kimi mövzuların süni intellektin nəşriyyata təsirləri ilə bağlı narahatlıq doğuran mövzular arasında olduğunu, lakin nəşriyyatın qeyri-məhdud insan bacarıqları tələb etdiyi üçün bu yeni texnologiyaların sektora müsbət təsir göstərəcəyini gözlədiklərini ifadə edib.
Süni intellekt alətləri sayəsində daha gözəl nümunələrin görünəcəyini vurğulayan Aslanoğlu əlavə edib: “Əlbəttə ki, indi hər nəşriyyat süni intellekt alətlərindən istifadə edir. Ondan kitabın üz qabığının dizaynında da istifadə edirik, amma buna bir fikir, ideya, düşüncə qatmaq lazımdır. Bu vasitələrdən müsbət mənada faydalanırıq, amma sonda işi insan əməyi ilə görürük”.
“İstanbul Publishing Fellowship” çərçivəsində keçirilən panellərdə ABŞ və İngiltərə kimi dünyanın müxtəlif ölkələrindən olan naşirlərin öz təcrübələrini paylaşdıqlarını, bir çox nəşriyyatın süni intellekt modelləri və internetdə bəzi məzmunların müəllif hüququ olmadan istifadəsi ilə bağlı narahatlıqlarını dilə gətirdiklərini ifadə edən Aslanoğlu bildirib ki, bu problemin həlli üçün hələ bir örnək hazırlanmayıb: “Hüquqi həll yolları tapılacağını düşünürəm”.
Aslanoğlu əlavə edib ki, yaxın illərdə Türkiyə ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda nəşriyyat sahəsində proqram həyata keçirmək istəyirlər.
Məlumatın mənbəsinə keçid etmək üçün bu linkə daxil olun.