Günel Natiqqızı Köşə Yazıları

Əsl sual sənsən…

Yəqin ki, nə vaxtsa belə bir ifadə rastınıza çıxıb: “Sən danışanda axan sular durulur”. Bəli, bəzən həyatın qaçaqaçında dayanmaq üçün qəlb dili ilə danışan, ruhumuzu danışdıra bilən birinə ehtiyac duyuruq. Fikir burulğanında itib qaldığımız anlarda isə köməyimizə sözlərin arasındakı sehrli dayanacaqlar – durğu işarələri çatır. Sadəcə sözlərimizin deyil, həyatımızın da dayanacağına bənzəyir onlar. Bəzən qaçmağa çalışdığımız, bəzən də artıq gözləməyə alışdığımız dayanacağa. Onlar bizimlə yaşayır, həyatın ritmini tutur. Bizə yön verən bir dirijor kimi toxunur ömrümüzə. Yalnız onların deyil, bizimlə birgə var olan duyğuların sirrini açmaq üçün də yenə onlardan birinə – suallara sığınırıq. Sual bəzən cavabdan daha çox danışan bir axtarışdır. Gəlin elə bu axtarışlardan yola çıxıb hisslərimizə tərcüman olan gizli dirijorlarımızın kimliyini öyrənək:

Nöqtə bir fikri tamamlamaq cəsarətidir. O həm də bir yola son qoymaq, düşüncəni olduğu yerdə dondurmaq deməkdir. Nöqtə cəsarət tələb edir – tərk etmək, susmaq cəsarəti. Və çox zaman həyatın hansı yerdə bitməli olduğunu da bizə məhz bu balaca işarə öyrədir.

Vergül sözlərin əl-ələ tutması, bir anlıq dayanıb davam etmək arzusudur. Həm birləşdirir, həm nəfəs aldırır. Bəzən bir fikrin içində ikinci nəfəs, bəzən isə bir münasibətdə verilən fürsətdir vergül.

Nida duyğunun coşğusu, hisslərin cilovsuz halıdır. O, bəzən sevinci, bəzən qəzəbi, bəzən də içimizə sığmayan bir həsrəti daşıyır. İnsan özü bəzən bir nidaya çevrilir. Görünməyən, amma içində qopan bir səsə. Bu səsin haradan gəldiyini bilmirik, amma tanıyırıq. Bu səs qulaqla yox, ruhla eşidilir. Bu zaman içimizdə bir misra doğur:

“Əsl nida sənsən –
Məktubu qasidin,
Son sözü məhkumun,
Sübutu şahidin”.

Üç nöqtə keçmişlə gələcək arasında salınmış körpüdür. Susduğumuz, amma hələ demədiyimiz sözlərin ipucu. Sanki cümlənin sonunu sənə buraxır: “Bəlkə də, sən davam etdir…” deyir. O həm də ümidsizliyin, həsrətin, möcüzə gözləntisinin səsidir. Üç nöqtə içində tamamlanmamış bir şeyi buraxır – sənə, vaxta, taleyə…

İnsan münasibətləri də durğu işarələri kimidir: Düzgün yerdə susmasan, səni səhv anlayarlar. Lazımi anlarda bir nida qədər coşmasan, hisslərin itər. Sual verməsən, cavab ala bilməzsən. Hər cümləni nöqtə ilə bitirmək də olmur axı… Bəziləri üç nöqtə istər, bəziləri vergüldən sonra gələcək bir izah. Onlar danışmaq üçün yox, susmaq üçün yaranıb. Amma bu sükutun içində danışmaqdan daha çox söz var. Bəzən bir yazını yalnız nida ilə yox, pauza ilə, dəqiq ifadə ilə yox, anlaşılmaz sükutla daha yaxşı başa düşürsən. Həyat da belədir. Sözlərdən və pauzalardan ibarətdir. Yəni durğu anlarından. Bəzən danışmaq yayındırmaqdır. Susmaq dərinləşmək. Durğu işarələri bizə bunu öyrədir.

Bəlkə, bir nida işarəsisən sən – içində saxladığın coşqu ilə. Bəlkə, bir vergül – heç vaxt ayrılmaq istəmədiyin birinin cümləsində. Ya da bir nöqtə – getməyə qərar verdiyin yerdə. Kim bilir? Yenə də sual çıxır ortaya. Bəs onun sehri nədir? Bu suala isə onun başqa bir dostu cavab verir. Əsl sualın səndə olduğunu, sən olduğunu. Bəlkə də, sualın ardında gizlənən üç nöqtəsən sən. Çünki hələ deyilməmiş çox şey var…

Əsl sual sənsən –
İzahı bir kitab,
Bitərmi min qələm,
Yetərmi bir cavab?!

Müəllif: Günel Natiqqızı