Ev dörd divar, bir dam, bir neçə otaqdan ibarət deyil, əslində. Ev görünməyən izlərin, dinməz səslərin, unudulmuş gülüşlərin və gizlədilmiş göz yaşlarının toxunduğu yerdir. Hər daşında bir nəfəs, hər pəncərəsində bir baxış, hər qapısında bir ümid gizlənir. İnsan evə gələr, çiynində dünyanın yorğunluğunu daşıya-daşıya, amma ev hər dəfə onu səssiz qucaqlayar. Ev elə bir sığınacaqdır ki, ora nə baş verirsə versin, dönüb gəldiyin, səni gözləyən, səni susaraq anlayan yeganə yerdir.
Bəzən elə olur ki, ev bir səhnəyə çevrilir. Divarları tamaşa salonunun sərhədləri kimi, pəncərələri isə səhnənin pərdələri kimi görünür. İnsanlar bu evdə, bu səhnədə aktyorlardır. Ancaq onlar öyrədilmiş rolları deyil, öz həyatlarını canlandırırlar. Sevinəndə ürəkdən sevinir, ağlayanda gizlətmədən ağlayırlar. Hər addım, hər baxış, hər nəfəs bu səhnənin bir hissəsidir. Bəziləri uşaq təbəssümü ilə işığı artırır, bəziləri ayrılıq kədəri ilə otaqlara kölgə salır. Tamaşa səssizdir, amma duyğular gurultulu.
Bir evdə neçə-neçə addımlar atılıb zamanla, neçə dəfə ayaqlar titrəyərək bir qapının kandarında dayanıbdır. Bir körpənin ilk qığıltısı, bir ananın pıçıltı ilə dediyi dualar, bir qocanın qaranlığa qarışan son nəfəsi… Bütün bunlar evin görünməyən divarlarında yaşamağa davam edir. İnsan çıxıb getsə də, ev onu yaddaşında saxlayar, adını bir küncdə astaca pıçıldayar.
Evlər də nəfəs alır. Gözlə görünməsə də, içlərində zamanın tozunu toplayır, xatirələrin kölgəsini daşıyır. Bir otağın divarında oynayan işıq, bəlkə, illər əvvəl bir uşağın gülüşünü yamsılayır; bir pəncərənin kənarında əsən külək, bəlkə, bir vaxtlar ayrılığı gözləyən bir insanın dualarını daşıyır. Ev təkcə maddi deyil. O həm də ruhdan ibarətdir. İçində yaşayan hər insan oraya bir az öz ruhundan hopdurur. Ona görə də heç bir ev başqa bir evə bənzəmir.
Bəzən bir ev tərk edilir. Divarlar susur, qapılar cırıldamır, pəncərələr nəfəs almır. O zaman evin özü də qocalır, yorulur sanki. Divarlarında çatlar əmələ gəlir, döşəmələrdən səssiz şikayətlər ucalır. Çünki ev içində həyat olduqca canlıdır. İnsanlar çıxıb gedəndə o da yavaş-yavaş zamanın qaranlığına qarışır. Hər evin özünəməxsus bir sonu var, elə insanların da olduğu kimi.
Bir evin içində neçə bahar doğur, neçə payız solur… Hər fəsil evin nəfəsini dəyişir. Baharda pəncərədən süzülən işıqlar daha ümidli olur. Yayda otaqların içi istiliklə dolur, uşaqların ayaq səsləri döşəmələrdə iz qoyur. Payızda ev bir az yorğunlaşır, bir az kədərlənir; pəncərənin önündə düşən yarpaqlar insana həyatın faniliyini xatırladır. Qış gələndə isə ev tamam başqa cür nəfəs alır: sobanın isti nəfəsi, yorğana bürünüb edilən söhbətlər… Bütün bunlar evin yaddaşına bir iz kimi həkk olunur.
Ev yalnız sevincin deyil, kədərin də şahididir. Bir qonaq otağında neçə dəfə ayrılıqlar yaşanıb, neçə dəfə qaranlıq gecələrdə kiminsə gizli göz yaşları damlayıb. Amma ev heç zaman şikayət etmir. O yalnız dinləyir, yalnız saxlayır. Bəlkə də, dünyanın ən səbirli dinləyicisi evlərdir: insanın ən dərin acılarını belə sakitcə öz içində gizlədən…
Bütün evlər bir zaman dilimi daşıyır. Orada yaşananlar sonsuz bir əkiz zaman kimi təkrar-təkrar dövr edir. Bir ananın oğluna toxunuşu, bir atanın qızına öyrətdiyi ilk sözlər, bir nənənin soba başında söylədiyi nağıllar… Bunların hamısı zamanla evin döşəməsində, divarında, havasında ilişib qalır. İllər keçsə də, həmin nağılın bir parçası pəncərənin bir küncündə əsən küləklə yenə səslənir.
Ev həm də bir ümiddir. İnsanın hər çətinlikdən sonra qayıdacağı bir liman. Həyatın çətin yollarında insan bəzən yalnız ona sığınmaq istəyər. Yad bir şəhərdə, yad bir küçədə belə, insan tanımadığı bir evin pəncərəsinə baxıb için-için “kaş burada bir evim olaydı” deyə düşünür
Ev yalnız daşdan, taxtadan, divardan ibarət deyil. O, birlikdə böyüdüyümüz, sevindiyimiz, ağladığımız anların toxunduğu bir varlıqdır.
Ev – həyatımızın səssiz şahididir. Orada yaşanan hər hiss, hər təbəssüm, hər hönkürtü evi bir az daha canlı, bir az daha gerçək edir.
Və bir gün insan çıxıb gedər… Ev isə qalır. İçi boşalsa da, xatirələrlə doludur yenə də. Sükut içində pıçıltılarını saxlayar, yeni insanları gözləyər. Yenidən bir körpənin ilk qığıltısına qulaq asmaq üçün… Yenidən bir gəncin ümid dolu baxışlarını izləmək üçün… Yenidən bir qocanın son dualarına şahid olmaq üçün…
Çünki ev həyatın özü kimidir: gələnlər, gedənlər, doğulanlar, ölənlər… Amma geridə qalan isə həmişə sevgi və xatirədir.
Müəllif: Hürzət Təhməzli