Avropa Gənc Vəkillər Assosiasiyası (EYBA) Avropanın gənc vəkillər kollegiyalarını vahid təşkilatda birləşdirir.
“Füyuzat” xəbər verir ki, bunu EYBA-nın vitse-prezidenti Federiko Kamurati təşkilatın Bakıda keçirilən payız konfransının açılış mərasimində deyib.
O, EYBA-nın 1993-cü ildə təsis edilmiş gənc hüquqşünasların Avropa qeyri-kommersiya assosiasiyası olduğunu vurğulayıb:
“Assosiyasiya bütün Avropadan olan gənc vəkillər kollegiyalarını vahid bir nümayəndəlik təşkilatında birləşdirir. Bu gün biz 200 000-dən çox vəkili, gənc hüquq mütəxəssisini öz sıralarımızda birləşdiririk və fəaliyyətimiz əsasən demokratiya, insan hüquqları, hüququn aliliyi və ədalət mühakiməsinə əlçatanlığın təşviqinə yönəlib. Fəaliyyətlərimiz çərçivəsində hər il müntəzəm konfranslar təşkil etmişik. Avropanın müxtəlif böyük şəhərlərində, yerli vəkillər kollegiyaları ilə birgə təşkil edilən yaz, yay və payız konfranslarımızı keçiririk”.
Onun sözlərinə görə, EYBA yerli vəkillər kollegiyalarını müxtəlif yollarla dəstəkləyirlər:
“Məqsədimiz gənc vəkillərin maraqlarını, təhsilini və rifahını yaxşılaşdırmaq, gənc vəkillər arasında peşəkar və sosial əlaqələr qurmaqdır. Konfransda müzakirə edəcəyimiz məsələlər arasında süni intellekt sistemləri də var. Bunları yaradan və icad edən insanların bəzilərinin bu cür sistemlərin inkişafı ləngitdiyi barədə xəbərdar etdiyini görürük. Lakin mən süni intellektin inkişafa və innovasiyalara dəstək olduğunu düşünürəm”.



