“Ankara mart ayından etibarən Vaşinqtonla Türkiyə əleyhinə məhdudiyyətlərin aradan qaldırılması perspektivini, o cümlədən Amerikanın Düşmənlərinə Sanksiyalar Yoluyla Mübarizə Aktı (CAATSA) çərçivəsində qadağaların aradan qaldırılması ilə bağlı müzakirələrə başlamaq niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“Türkiyənin ABŞ-da qəbul edilmiş CAATSA qanunu çərçivəsində sanksiyalara daxil edilməsi bizim müttəfiqlik münasibətlərimizə və iki NATO ölkəsi arasında müttəfiqlik ruhuna uyğun gəlmir. Bundan xilas olmalıyıq. Hələ ki, bununla bağlı işə başlamamışıq. Bildiyiniz kimi, Senat, Konqres bu yaxınlarda fəaliyyətə başlayıb. Amerika administrasiyası üçün yeni səhifə açılır, lakin yenilərin köhnə səhifələrdə qalıb-qalmayacağını görmək lazımdır. Bildiyiniz kimi, keçmiş administrasiya ilə xüsusilə son il yarımda çox intensiv diplomatik iş aparılıb. Strateji tərəfdaşlıq mexanizmi yenidən işə başlayıb, bəzi məsələlərdə irəliləyiş əldə olunub”, – nazir qeyd edib.