Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir keçirilib.
“Füyuzat” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbir iştirakçılarına Folklor Studiyasının hazırladığı “44 gün Qarabağda” adlı videçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olduğunu bildirib. O, uzun illər davam edən işğalın aradan qaldırılması və ərazi bütövlüyünün bərpası istiqamətində aparılan danışıqların nəticə vermədiyini, bu şəraitdə Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmək üçün hərbi yola müraciət etmək məcburiyyətində qaldığını qeyd edib.
Direktor Vətən müharibəsinin nəticələrinin yalnız hərbi və siyasi müstəvi ilə məhdudlaşmadığını, onun Azərbaycan cəmiyyətinin mənəvi-psixoloji vəziyyətinə və kollektiv yaddaşına da mühüm təsir göstərdiyini vurğulayıb. O, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik məharəti, cəsarəti, qətiyyəti, siyasi iradəsi və uzaqgörən siyasəti ilə sıx bağlı olduğunu bildirərək, mürəkkəb hərbi-siyasi şəraitdə qəbul edilən strateji qərarların, dövlət rəhbərliyinin nümayiş etdirdiyi qətiyyətli mövqenin və milli məqsədlərə ardıcıl şəkildə yönəlmiş siyasi kursun Zəfərin əldə olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Hikmət Quliyev çıxışında Vətən müharibəsinin ən ağır nəticəsinin şəhid və qazilərin verdiyi böyük qurban olduğunu diqqətə çatdırıb. O, Vətən uğrunda canından keçənlərin böyük əksəriyyətinin gənclərdən ibarət olduğunu bildirərək onların həyatlarını xalqın və dövlətin gələcəyi naminə fəda etməsini vətəndaş məsuliyyəti, mənəvi borc və tarixi yaddaş anlayışları kontekstində səciyyələndirib. Qeyd edib ki, şəhidlərin və qazilərin fədakarlığı yalnız yaşadığımız dövrün deyil, gələcək nəsillərin də yaddaşında yaşadılmalı, onların keçdiyi şərəfli yol milli yaddaşın mühüm tərkib hissəsi kimi qorunmalı və gələcək nəsillərə ötürülməlidir.
Direktor 44 günlük müharibənin Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq işğaldan azad edilən hər bir yaşayış məntəqəsinin xalqın tarixi və mənəvi yaddaşında özünəməxsus məna daşıdığını bildirib. O, müharibənin cəmiyyətə təsirindən danışarkən qeyd edib ki, bu savaş, demək olar, hər bir ailənin həyatında bu və ya digər şəkildə iz qoyub. Bu baxımdan şəhid və qazilərin yaşadığı ağrı və itkilərin yalnız ayrı-ayrı ailələrin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin ortaq mənəvi təcrübəsi kimi dərk edilməsinin vacibliyini diqqətə çatdırıb.
Hikmət Quliyev çıxışının sonunda Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən birinin hərbi müstəvidə əldə olunmuş Zəfərin intellektual, mədəni və mənəvi müstəvilərdə davam etdirilməsi olduğunu bildirib. Bildirib ki, şəhidlərin ruhuna ehtiram yalnız onların xatirəsinin yad edilməsi ilə məhdudlaşmamalı, onların uğrunda mübarizə apardığı dəyərlərin qorunması, milli yaddaşın yaşadılması və həmin dəyərlərin gələcək nəsillərə ötürülməsi ilə davam etdirilməlidir.
Daha sonra Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əpoş Vəliyev Vətən müharibəsində şəhid olan qardaşı Vüsal Vəliyevlə bağlı xatirələrini bölüşüb. O, müharibədən təxminən bir həftə əvvəl Vüsalla son görüşünü xatırladaraq qardaşının həmin görüşdə qələbəyə və işğal altında olan torpaqların azad ediləcəyinə inamını ifadə etdiyini bildirib.
Əpoş Vəliyev çıxışında şəhidlərə və qazilərə göstərilən ehtiramın xalqın milli yaddaşında mühüm yer tutduğunu qeyd edib. Şəhidlər xiyabanında və Anım Günü, Zəfər Günü ilə bağlı keçirilən tədbirlərdə insanların kütləvi iştirakını şəhidlərin cəmiyyətdəki mənəvi dəyərinin göstəricisi kimi səciyyələndirib. O, xalqın şəhid ailələrinə və qazilərə göstərdiyi dəstəyin ön cəbhədə döyüşən hərbçilərin mənəvi ruhuna da təsir etdiyini bildirib. Çıxışının sonunda müharibələrin və qarşıdurmaların əbədi olmadığını, gələcəkdə qonşuluq və münasibətlərin bərpa oluna biləcəyini qeyd edən Əpoş Vəliyev tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və şəhidlərin, onların ailələrinin və qazilərin daim ehtiramla yad edilməli olduğunu bildirib.
Daha sonra Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu çıxış edərək folklorun yalnız xalq yaradıcılığı nümunələrinin məcmusu deyil, eyni zamanda xalqın tarixi yaddaşını, yaşadığı hadisələri və milli-mənəvi təcrübəni özündə yaşadan mühüm mənbə olduğunu bildirib. O, apardığı folklor toplama və araşdırmaları xatırladaraq 1905 və xüsusilə 1918-ci il hadisələrinin folklor nümunələrində də iz buraxdığını qeyd edib. Alim tarixi yaddaşın qorunmasında folklor materiallarının öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Elçin Qaliboğlu xalqın müxtəlif tarixi sınaqlara baxmayaraq öz milli-mənəvi köklərini qoruyub saxladığını bildirib. O, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinin yaşadılmasının və qazanılmış Zəfərin qorunmasının hər bir nəsil qarşısında mühüm məsuliyyət qoyduğunu qeyd edib. Alim xüsusilə gələcək nəsillərin milli yaddaşı, folklor irsini və Vətən anlayışının mənəvi dəyərlərini qoruyaraq yaşatmasının vacibliyini diqqətə çatdırıb.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxış edərək Vətən müharibəsinin ilk günlərinin ağır və mürəkkəb şəraitdə keçdiyini bildirib. O, Azərbaycan əsgərinin uzun illər davam edən işğal və qarşıdurma şəraitindən sonra mürəkkəb hava və döyüş şəraitində böyük iradə nümayiş etdirdiyini, torpaqların azad olunması uğrunda mübarizədə həmrəyliyin və mənəvi ruhun mühüm rol oynadığını qeyd edib. İlhamə Qəsəbova qazilərin və şəhidlərin fədakarlığından danışaraq onların Vətən qarşısında göstərdikləri misilsiz xidmətin hər zaman ehtiramla xatırlanmalı olduğunu vurğulayıb.
İlhamə Qəsəbova çıxışında döyüş meydanında şəhid və yaralıların geridə buraxılmamasına xüsusi diqqət çəkib, bu yanaşmanın Azərbaycan əsgərinin insana və döyüş yoldaşına münasibətini əks etdirdiyini bildirib. O, Murovdağın azad edilməsinin həm hərbi, həm də mənəvi baxımdan əhəmiyyətini qeyd edərək, əvvəlki döyüşlərdə itkin düşmüş hərbçilərin ailələrinin illərlə daşıdığı ağrı və gözləntiyə toxunub. Qeyd edib ki, müharibə xalq üçün eyni zamanda həm qələbə sevinci, həm də ağır itkilərin gətirdiyi kədər demək idi.
Çıxışının sonunda İlhamə Qəsəbova müharibənin ailələrdə, xüsusilə şəhid anaları və yaxınlarında buraxdığı dərin izlərdən danışıb. O, folklorda mövcud olan yaraların sağalmaması ilə bağlı süjetlərdən birini xatırladaraq həmin motivin müharibənin yaratdığı ağrı və yaddaşın uzunmüddətli xarakterini ifadə etdiyini bildirib. Bu baxımdan müharibənin yaratdığı ağrı, qəhrəmanlıq, şəhidlik, itki və yaddaş kimi məqamların xalqın mənəvi yaddaşında, folklor nümunələrində və şifahi xalq yaradıcılığında öz əksini tapdığını vurğulayıb.
Tədbir Vətən müharibəsinin tarixi əhəmiyyəti, şəhidlərin əziz xatirəsi və Zəfərin milli yaddaşda yaşadılması ilə bağlı fikirlərin səsləndirilməsi ilə davam edib.







