“Füyuzat”ın yazarı, dərginin bədii redaktoru, Bakı Dövlət Universitetinin doktorantı, filoloq Ülviyyə Rəhman qızı İbrahimova Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransında – NASCO 29-da iştirak edib.
“Füyuzat” xəbər verir ki, əməkdaşımız 30–31 oktyabrda Naxçıvan Dövlət Universitetində təşkil edilən NASCO 29-da “Mövlud Süleymanlının “Yel Əhmədin bəyliyi” povestində leksik-poetik obrazlılıq” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən konfransa 123 elm və təhsil müəssisəsindən ümumilikdə 1627 məqalə və tezis təqdim olunub. Texniki və elmi komitələrin qiymətləndirməsindən sonra 1382 doktorant, dissertant və gənc tədqiqatçının təqdim etdiyi 1028 elmi iş konfransın proqramına daxil edilib.
Hibrid formatda təşkil olunan konfransda 504 nəfər əyani, 878 nəfər isə onlayn iştirak edib. Elmi məruzələrdən 370-i əyani, 658-i onlayn formatda olmaqla 21 zalda, 104 elmi bölmə üzrə dinlənilib. Dinləyicilərlə birlikdə konfransın ümumi iştirakçı sayı 5000 nəfəri ötüb.
Tədqiqat materiallarının təqdim edildiyi 123 müəssisədən 104-ü yerli, 19-u isə xarici ölkələrin aparıcı ali təhsil və elmi mərkəzləri olub.
Konfrans sosial və humanitar elmlər, mühəndislik elmləri, iqtisadiyyat və idarəetmə elmləri, təbiət elmləri, riyaziyyat və texnologiya elmləri, ictimai sağlamlıq və tibb elmləri istiamətlərini əhatə edib.





