Köşə Yazıları Orxan Vəliyev

“Füyuzat”: fikri başlanğıc

“Füyuzat” məktəbdir!

Cəmi 32 sayı nəşr edilən “Füyuzat”ın qısa ömrü modern Azərbaycanın “uğursuzluğunu” da izah edir. Çünki modern dünya yazıb-oxumaq anlayışı üzərinə bina edilmişdi. Daha doğrusu, bilgi əldə etmək insanlıq tarixində ilk dəfə fərqli bir mərhələyə çatmışdı. Ana dildə mətbuatın, dərgiçiliyin varlığı da milli-dövlət anlayışının, kimliyinin inşasında əsas məcra idi. Ancaq “Füyuzat” jurnalının fərqi Azərbaycan xalqının Kürəkçay, Gülüstan və Türkmənçayla itən əlaqəsini bərpa uğrunda düşüncə dili yaratmağa çalışmasında idi. Axı böyük mədəniyyətlər bir şəkildə dini də qurduqları sistemə inteqrasiya edə bilmişdilər. Cəmi 32 nömrə çıxan “Füyuzat” nəhayət 21-ci əsrdə bərpa edilə bildi. Beləliklə, “Füyuzat” jurnalı artıq 18 ildir ki, qaldığı yerdən ənənəyə bağlı qalmaqla bərabər, dövrün tələblərini də nəzərə alaraq füyuzat mirasını davam etdirir.

Modern dünya insan mərkəzli inşa edildi və tədricən millətlər siyasi təşkilatlanmanın mərkəzi prinsipinə çevrildi. Daha doğrusu, insana dair siyasi və hüquqi yanaşmada elmi metodların dominant olduğu bir yanaşma ortaya çıxdı. Buna paralel olaraq seçki institutu və parlamentlərin ortaya çıxması da demokratiyanın modern və insan (millət) mərkəzli yorumunun nəticəsi oldu. Digər tərəfdən, modern dünyanın inşasında özünəməxsus rol oynayan kapitalizm yeni dünyada milli dillərin yaranmasında həlledici rol oynadı. Belə ki, millətşünaslıq elmi ədəbiyyatında çap kapitalizmi olaraq bilinən qəzetlər, jurnallar millətlərin ortaya çıxmasında özünəməxsus rol oynamışdır. Məlum modern dünya oxumaq və yazmaq anlayışının geniş şəkildə yayıldığı bir prinsiplə formalaşmışdı. Belə olan halda Hadinin millətlər arasında öz millətinin izini axtarması və millətinin inkişafı üçün “oyan” metaforundan istifadə etməsi anlaşılandır.

Azərbaycanda çap kapitalizmi XIX əsrin sonunda neft bumu ilə ortaya çıxmış və ilk qəzet kimi “Əkinçi” yaradılmış, ardınca isə digər qəzet və jurnalların nəşri ilə bu ənənə davam etmişdir. Ancaq iyirminci əsrin əvvəlində ana dildə mətbuata dair liberallaşma çap kapitalizmi və milli mətbuat üçün yeni mərhələni başlatmış oldu. Həmçinin iyirminci əsrin əvvəlində artıq milli maraqları öndə tutan gənc aydın zümrə yetişmişdi. Beləliklə, XX əsrin ilk on illiyində qısa müddət ərzində fəaliyyət göstərən və modern Azərbaycanın və ümumən türk dünyasında milli fikrin formalaşmasında əhəmiyyətli iz buraxan “Füyuzat” ortaya çıxmış oldu. Beləliklə, “Füyuzat” Azərbaycan üçün milli fikrin başlanğıcı olaraq qəbul edilə bilər.

“Füyuzat” jurnalının ana mottosu “biz kimik?” sualı üzərinə qurulmuşdur. Ancaq bu sual sadəcə Azərbaycanla məhdudlaşdırılmadı və jurnalda dərc olunan müəlliflər də nəzərə alınanda türk dünyasına dair geniş bir fəaliyyəti öhdəsinə götürdüyünü demək mümkündür. “Füyuzat” jurnalı modernləşmə prsosesində keçmişə dair radikal yanaşmanın zərərlərini ortadan qaldırmağa çalışaraq keçmişdən qopmadan düşüncə dili yaratmağa təşəbbüs etdi. Demək istədiyim budur ki, bir milləti sadəcə tək bir kültür elementi üzərində bina etmək mümkün deyil. Daha doğrusu, bu qəbildən bir formalaşdırma “cır” nəticə verəcəkdir. “Füyuzat” isə Azərbaycan xalqının formalaşmasındakı ünsürləri və onların izlərini nəzərə alaraq bir dil formalaşdırmağa təşəbbüs etmişdir.

Bu düşüncə müvəffəq olduğundan on illiklər sonra müsətqil Azərbaycanda bu ənənə qaldığı yerdən, eyni prinsiplə davam etməkdədir. Azərbaycan “Füyuzat” ənənəsini mühafizə etməlidir ki, düşüncə dili formalaşsın.