Hər xalqın tarixində elə anlar olur ki, zamanın sınağından keçərək milli yaddaşımızda əbədi yaşayır. Şübhəsiz ki, Azərbaycan mətbuatı tarixində də belə simvollardan biri “Füyuzat”dır. Bu gün jurnalın 150-ci sayı oxuculara təqdim olunur. Bu təkcə dərginin növbəti nömrəsi deyil, həm də bir əsrdən artıq mövcud olan mətbuat ənənəsinin, milli təfəkkürün və ziyalı sözünün hələ də yaşadığının ifadəsidir.
Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız sonrakı inkişaf mərhələsində xüsusilə dərgilər – jurnal formatındakı nəşrlər vasitəsilə ictimai fikrin, ədəbi-bədii düşüncənin ən dərin qatlarını özündə əks etdirən güzgü rolunu oynadı. Belə ki, qəzet, əsasən, gündəlik hadisələri işıqlandırdığı halda, dərgi düşüncənin, təhlilin, bədii sözün, milli kimliyin formalaşmasına xidmət edir. Qəzet informasiyanı ötürür, dərgi isə həmin informasiyanın arxasında dayanan mənanı, ideyanı şərh edir, sistemləşdirir, nəsildən-nəslə ötürülə biləcək formaya salır. Elə buna görə də dərgilərdə təbliğ edilən ideoloji düşüncələr daha üzünömürlü olub – onlar günün konyunkturasından çox, əbədi dəyərlərin daşıyıcısına çevrilib. “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad” kimi nəşrlər, “Molla Nəsrəddin” satirik jurnalı, nəhayət, “Füyuzat” – bunların hər biri Azərbaycan xalqının cəhalətlə, əsarətlə mübarizəsində, milli şüurun oyanmasında silinməz iz qoyub. Maraqlıdır ki, 1906-cı ildə, “Füyuzat”la, demək olar ki, eyni vaxtda Cəlil Məmmədquluzadə Tiflisdə “Molla Nəsrəddin” satirik jurnalını təsis edirdi – iki fərqli üslub, iki fərqli metod, amma bir ortaq amal: xalqı düşündürmək və maarifləndirmək missiyası. Dərgilər bu mənada təkcə informasiya vasitəsi yox, məktəb, tribuna, hətta bəzən mübarizə meydanına çevrilib.
Bu ənənənin ən parlaq nümunələrindən biri kimi “Füyuzat”ın adını xüsusi hörmətlə çəkmək lazımdır. 1906-cı il noyabrın 1-də Bakıda böyük mütəfəkkir Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə nəşr olunan jurnal, adından da göründüyü kimi, xalqa mənəvi feyz bəxş etmək missiyasını daşıyırdı. Onun səhifələrində Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, İsmayıl bəy Qaspıralı kimi dövrünün ən parlaq ziyalılarının yazıları yer alırdı. Jurnal “türklük, müsəlmanlıq və avropaçılıq” məfkurəsini təbliğ edir, milli özünüdərk prosesinin dərinləşməsində müstəsna rol oynayırdı. Diqqətəlayiqdir ki, “Füyuzat” təkcə ədəbi nəşr olmaqla kifayətlənmirdi. Onun səhifələrində Tolstoy, Höte, Russo, Monteskyö kimi Avropa mütəfəkkirləri haqqında Azərbaycan oxucusuna ilk dəfə ətraflı məlumat verilir, dünya ədəbiyyatı ilə milli düşüncə arasında körpü qurulurdu. Elə bu səbəbdən jurnalın nüfuzu qısa müddətdə təkcə Bakı ilə məhdudlaşmadı, o, çar Rusiyasının müsəlmanlar yaşayan bir çox şəhərlərinə, hətta bütün türk dünyasının fikir mərkəzlərinə yayıldı. Təəssüf ki, bu işıqlı missiya uzun sürmədi – cəmi bir il ərzində 32 sayı çıxan “Füyuzat”ın nəşri mütərəqqi və milli ideyaları yaydığına görə çar hökuməti tərəfindən 1907-ci ilin noyabrında, məhz jurnalın doğum günündə qadağan edildi. Bu qadağa jurnalın ideyalarının yaşamasının qarşısını kəsə bilmədi. “Füyuzat”ın ruhu füyuzatçılıq ədəbi-ictimai cərəyanı kimi Azərbaycan mədəniyyətinin yaddaşına əbədi həkk olundu və sonrakı onilliklərdə formalaşan müstəqil dövlətçilik ideyasının mənəvi zəminlərindən birinə çevrildi.
Düz yüz il sonra, 2007-ci il yanvarın 7-də bu məşəl yenidən alovlandı. Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu özünün ilk və ən mühüm elmi-mədəni təşəbbüsü kimi “Füyuzat”ın nəşrini bərpa etdi. Tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə jurnal klassik “Füyuzat”ın 33-cü sayından nəfis poliqrafik keyfiyyətdə yenidən nəşrə başladı. Bərpa xəbəri elə həmin dövrdə ziyalılar və ictimaiyyət arasında böyük əks-səda doğurdu – “Füyuzat”ın yenidən oxucularla görüşməsi mətbuat tariximizin, ümumiyyətlə, ictimai fikir həyatımızın önəmli hadisəsi kimi qiymətləndirildi.
MİMTA Fondu bu missiyanı yalnız “Füyuzat”la məhdudlaşdırmadı. Elə həmin ideoloji xətt üzrə 2012-ci ildə daha bir tarixi mətbuat nümunəsini – 1911–1912-ci illərdə fəaliyyət göstərmiş “İşıq” qəzetini – “İşıq-qadın” jurnalı adı ilə yenidən oxucuların görüşünə gətirdi. XX əsrin əvvəllərində – qadın hüquqları mövzusunun cəmiyyətdə hələ tabu sayıldığı bir dövrdə “İşıq” qadınların maarifləndirilməsini ön plana çəkərək qısa fəaliyyət müddətində böyük nailiyyətlər qazanmışdı. Vaxtilə Azərbaycan qadınının maarifçilik, təhsil və hüquq mübarizəsinin səsi olan bu nəşr bu gün “İşıq” adı altında qadının cəmiyyətdəki mövqeyini, mənəvi zənginliyini, ailə və tərbiyə mövzularını işıqlandırmaq amalını davam etdirir. Beləliklə, MİMTA Fondu iki qanadlı bir mətbuat irsini bərpa etməklə həm milli-ictimai fikrin, həm də qadın ziyalılığının tarixi yaddaşını canlandırmış oldu, iki tarixi nəşri bir çətir altında – bir fəlsəfi məqsəd ətrafında birləşdirdi: keçmişin dəyərli səhifələrini unutdurmamaq və onları bu günün dili ilə yenidən danışdırmaq.
Bu gün “Füyuzat” yenidən nəşrə başlamasının on doqquz ili tamam olan bir vaxtda 150-ci sayına çatıb. Bu rəqəm özlüyündə çox şey deyir: 150 sayı ardıcıl, fasiləsiz, yüksək poliqrafik keyfiyyətdə çap etmək Azərbaycan dərgiçiliyində nadir hallarda rast gəlinən sabitlik və davamlılıq nümunəsidir.
Bu illər ərzində “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi və mənəvi-əxlaqi mövzuları özündə birləşdirən universal ictimai fikir məcmuəsinə çevrilib. Onun səhifələrində tarixi şəxsiyyətlərimizdən müasir təhsil, elm, mədəniyyət və milli kimlik məsələlərinə qədər geniş səpkili yazılar yer alır. Son saylarda təhsilin müasir düsturlarından musiqi irsimizin qorunmasına, kitab sərgilərindən beynəlxalq mədəni-elmi dialoqlara qədər müxtəlif mövzularda materiallar oxuculara təqdim olunub. Jurnal həm də Azərbaycan jurnalistikasında yeni dərgiçilik dizayn-tipoqrafiyası formalaşdırmağa nail olub – onun nəfis tərtibatı, müasir poliqrafiya standartlarına uyğunluğu bu sahədə bir növ etalon rolunu oynayır. Bu illər ərzində jurnalın daimi müəlliflərinin qələmindən çıxan silsilə kitablar da – elmi-irfani mövzulu araşdırmalar, tarixi hekayələr, publisistik və bədii-fəlsəfi toplular nəşr edilib. Bütün bunlar “Füyuzat”ın təkcə dövri nəşr çərçivəsində qalmadığını, geniş intellektual-nəşriyyat institutuna çevrildiyini göstərir. Bu gün jurnalın redaksiya heyəti tanınmış yazarlar, dəyərli fikir adamları və əsasən, gənc, vətənpərvər ziyalılardan formalaşıb – bu da füyuzatçılıq ənənəsinin nəsildən-nəslə ötürülməsinin canlı təsdiqidir. Əli bəy Hüseynzadənin bir vaxtlar ətrafına gənc, mütərəqqi fikirli ziyalıları topladığı kimi, bugünkü “Füyuzat” da eyni prinsip üzərində qurulub: təcrübəli qələm sahiblərini gənc nəsillə birləşdirmək, ənənəyə sadiq qalaraq onu yeniləmək.
Rəqəmsal əsrin tələblərinə cavab olaraq MİMTA Fondu “Füyuzat”ın fəaliyyət dairəsini çap səhifələri ilə məhdudlaşdırmadı. Bu gün “fuyuzat.az” veb-saytı fəaliyyət göstərir, sosial media hesabları minlərlə izləyici toplayır. Ən əhəmiyyətlisi isə odur ki, “Füyuzat TV” adlı internet televiziyası yaradılıb. Bu addım, əslində, çox dərin bir məntiqin davamıdır: bir əsr əvvəl kağız üzərində, hərflərlə formalaşan füyuzatçılıq ideyası bu gün ekran vasitəsilə, videoformatda yeni nəsillərə çatdırılır. “Füyuzat TV” vasitəsilə jurnalın səhifələrində müzakirə olunan mövzular – tarix, milli-mənəvi dəyərlər, ədəbiyyat, ictimai-siyasi proseslər – daha geniş auditoriyaya çatdırılır.
“Füyuzat” kimi köklü ənənəyə malik dərgilər milli kimliyi yaşadan, tarixi yaddaşı qoruyan və mənəvi-əxlaqi dəyərləri nəsildən-nəslə ötürən əvəzsiz körpülərdir. Əli bəy Hüseynzadənin bir əsr öncə səpdiyi toxumlar MİMTA Fondunun səyi ilə yenidən cücərərək 150-ci sayı ilə gələcək günlərə doğru boy atır. Bu, bütövlükdə Azərbaycan milli mətbuatının və onu formalaşdıran ideyaların ölməzliyinin sübutudur.
“Füyuzat”ın yolu göstərir ki, milli mətbuat tarixi hər gün yenidən yazılan, yenidən nəfəs alan canlı bir prosesdir. Nə qədər ki belə dərgilər var, o feyz, o mənəvi bərəkət Azərbaycan xalqının üzərinə yağmaqda davam edəcək.
Tural İsmayıl



