Görəsən, gecikmişəm? Yaşıdlarım irəliləyir, kimsə öz biznesini qurur, kimsə arzuladığı peşəyə sahib olur, kimsə böyük uğurlara imza atır. Mən isə hələ də yolun başlanğıcındayam. Düşüncə insanın daxilində görünməz tələskənlik yaradır. Elə bil həyat hamı üçün eyni vaxtda başlayır və eyni yaşda nəticə verməlidir. Halbuki tarixin uğurlu insanlarının həyat hekayələri bunun tam əksini göstərir.
Henri Ford avtomobil sənayesində inqilab yaradanda artıq 40 yaşında idi. 1903-cü ildə Ford Motor Company şirkətini qurdu və sonradan avtomobil istehsalını kütləviləşdirən sistemin əsasını qoydu. Onun uğuru gənclik illərində əldə etdiyi nəticələrlə yox, illərlə formalaşan təcrübəsi və inadkarlığı ilə bağlı idi.
Kristian Dior moda dünyasına böyük addımını 41 yaşında atdı. 1946-cı ildə öz moda evini yaratdı, 1947-ci ildə təqdim etdiyi kolleksiya isə dünya modasına yeni nəfəs gətirdi. Bu gün onun adı zəriflik və yüksək moda anlayışı ilə yanaşı çəkilir.
Anri Matisse sənət yolunda müxtəlif çətinliklər yaşadı. O, ömrünün son illərində, fiziki imkanları məhdudlaşdıqda belə yaradıcılığını dayandırmadı. Kağız kəsimləri ilə yaratdığı əsərlər onun sənət dünyasında yeni mərhələ açdı.
Rey Krok 52 yaşında McDonald’s restoranlarının inkişafı ilə məşğul olmağa başladı. O, mövcud kiçik restoran modelini genişləndirərək dünyanın ən tanınmış qida şəbəkələrindən birinə çevrilməsində mühüm rol oynadı.
Tadao Ando memarlıq təhsili almadan, əsasən özünütəhsil və təcrübə yolu ilə bu sahədə inkişaf etdi. Sonradan dünyanın nüfuzlu memarlarından birinə çevrildi və 1995-ci ildə Pritzker mükafatına layiq görüldü.
Harland Sanders isə gecikmiş uğurun ən məşhur nümunələrindəndir. 65 yaşından sonra KFC brendinin françayzinq yolu ilə genişlənməsinə başladı. Onun resepti və biznes yanaşması beynəlxalq miqyasda tanındı.
Cəmiyyət bizə çox vaxt müəyyən yaşda universiteti bitirməyi, iş tapmağı, ailə qurmağı, ev sahibi olmağı və müəyyən mövqeyə çatmağı gözlədiyini hiss etdirir. Gözləntilər insanı öz həyatını başqalarının nəticələri ilə müqayisə etməyə sövq edir. Halbuki başqasının iyirmi beş yaşında əldə etdiyi uğur sənin otuz yaşında quracağın həyatın dəyərini azaltmır. Ağacların hamısı eyni fəsildə çiçəkləmir. Bəzi arzular daha çox zaman, bəzi məqsədlər daha çox təcrübə, bəzi uğurlar isə daha çox səbir tələb edir. İnsan özünü başqalarının təqvimi ilə ölçdükcə, sahib olduğu imkanları görməkdə çətinlik çəkir. Bəlkə də sən gecikməmisən. Sadəcə öz hekayənin hələ oxunmamış səhifələrindəsən. Qarşına çıxan hər fürsəti dəyərləndirmək, öyrənməkdən çəkinməmək və yenidən başlamaq üçün özünə icazə vermək lazımdır. Sənin uğurunun vaxtını başqalarının təqvimi müəyyən etmir. Əsas məsələ neçə yaşında başladığın yox, başlamaq üçün özündə cəsarət tapa bilməyindir.
Müəllif: Mədinə Məcidli



