Xəbərlər

Hakan Fidan sabah Ukraynaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Andriy Sibiqanın dəvəti ilə mayın 29-30-da Ukraynaya səfər edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Xarici işlər naziri Hakan Fidan 29-30 may 2025-ci il tarixlərində Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın dəvəti ilə Ukraynaya səfər edəcək. Hakan Fidanın Ukrayna prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmiqal tərəfindən qəbul edilməsi planlaşdırılır. Təmaslar zamanı nazir Fidan Türkiyənin bu günə qədər üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini bildirəcək. O, həmçinin Rusiya Federasiyası ilə Ukrayna arasında danışıqların aparılması, Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkəcək”, – mənbə qeyd edib.

Türk nazir həmçinin Kiyevdəki danışıqlar zamanı “diqqəti Rusiya və Ukrayna arasında müharibənin ciddi və pisləşən mənfi nəticələrinə cəlb etməyi, müharibənin diplomatik yollarla dayandırılmasının və ədalətli və davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulamağı” planlaşdırır.

“Xarici işlər naziri Türkiyənin Ukraynanın bərpasında rol oynamağa hazır olduğunu bəyan edəcək. O, iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan əməkdaşlıq çərçivəsində, ilk növbədə, ticarət, enerji, müdafiə və təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin inkişafı üçün atıla biləcək addımları müzakirə edəcək”, – mənbə bildirib.