Sentyabrın 19-da paytaxt Bakımızda, şəhərimizin rəmzlərindən olan, tarixi məkan – İçərişəhərin Qoşa Qala qapıları yaxınlığında möhtəşəm bir tədbirin iştirakçısı olduq. Qədim ənənələrin yenidən həyata qayıtmasının, dirçəlməsinin və Sentyabrın 19-da paytaxt Bakımızda, şəhərimizin rəmzlərindən olan, tarixi məkan – İçərişəhərin Qoşa Qala qapıları yaxınlığında möhtəşəm bir tədbirin iştirakçısı olduq. Qədim ənənələrin yenidən həyata qayıtmasının, dirçəlməsinin və əvvəlki kimi sevgi ilə qarşılanmasının şahidi olduq. Söhbət İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun təşəbbüsü ilə keçirilən Milli Geyimlər Günü tədbirindən gedir.
Tarixən geyim insanın yalnız hansı xalqa mənsub olduğunu deyil, onun sosial və ictimai mövqeyini, kimliyini və bir şəxsiyyət kimi cəmiyyətdəki yerini müəyyən etməyə kömək edən əsas açarlardan biri olub. Bu baxımdan Azərbaycan milli geyimlərinin vətənimizin bütün rəngarəngliyini özündə ehtiva etdiyini desək, yanılmarıq.
Hər bir bölgəmizin, şəhərimizin və ucqar kəndimizin milli geyimi özündə keçdiyi tarixi yolu əks etdirməklə yanaşı, yurdumuzun hər bir bucağının bir-birinə sıx bağlı olduğunu, əslində vahid bir bütöv təşkil etdiyini də göstərir. Bu qədim irsi qorumaq, gələcəyə ötürmək və yaşatmaq bizim ən əsas məqsəd və vəzifələrimizdəndir.
“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyi olaraq biz də bu amal və bu məqsəd naminə bütün qüvvələrimizi birləşdirərək çalışırıq. 19 sentyabr 2026-cı ildə keçirilən Milli Geyimlər Günü çərçivəsində İctimai Birlik olaraq bu mühüm işə elmi və tədqiqat fəaliyyətimizlə öz töhfəmizi verdik.
Tədbir çərçivəsində Bakı Fotoqrafiya Evində təşkil olunan elmi-praktik seminarda Azərbaycan geyimləri və onların tarixi ilə bağlı maraqlı tarixi faktlar dinləyicilərin diqqətinə çatdırıldı. Seminarda “Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Günay Həsənova təşkilatçı və moderator kimi çıxış etməklə yanaşı, “Səfəvi dövrü Azərbaycan geyim mədəniyyəti” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzə zamanı Səfəvi dövrünün geyimləri və onların dünyanın bir çox muzeylərində saxlanılan nümunələri haqqında məlumat verildi. Bu nümunələrin bəzən başqa xalqların adına qeyd olunması məsələsinə də toxunuldu. Səfəvi ərazisində istehsal olunmuş parçaların və onlardan tikilən geyimlərin Qərb geyim mədəniyyətinə mühüm təsir göstərdiyi, saray nümayəndələri və əsilzadə təbəqəsi arasında üstünlük verilən geyim və status göstəricilərindən biri olduğu vurğulandı.
Həmçinin Dohada təşkil olunmuş və Şah Abbas Səfəvi dövrünün tekstil irsinə həsr edilən beynəlxalq tədbir haqqında məlumat verilərək, bu irsin dünya toxuculuq və moda ənənələrinə təsiri diqqətə çatdırıldı. Orta əsr Avropa səyyahlarının qeydlərinə əsaslanan məlumatlar əsasında Səfəvi sarayında formalaşan toxuculuq ənənələrinin, ipəkçilik və geyim mədəniyyətinin müxtəlif istiqamətlərdə dünyaya yayılmasına dair faktlardan bəhs edildi.
Elmi-praktik seminarın digər məruzəçisi tarix üzrə fəlsəfə doktoru Günel Rəhimli çıxışını Səfəvi dövlətində baş geyimlərinə həsr etmişdi. “Qızılbaş tacı – Səfəvi baş geyimləri” adlı məruzədə Səfəvi dövlətində baş tacının dövlətin yaranışından sonuna qədər keçdiyi inkişaf yoluna nəzər salındı.
Qeyd olundu ki, bu baş geyimi sadəcə geyim elementi deyil, dini-ideoloji məna daşıyan və tədricən hakimiyyət və güc rəmzinə çevrilən mühüm atribut olub. Eyni zamanda Avropa və Şərq mənbələrində verilən Səfəvi hökmdarlarının təsvirlərindən istifadə etməklə tacların zaman ərzində hansı dəyişikliklərə məruz qaldığı göstərildi.
Sözsüz ki, Azərbaycan ərazisində ipəkçilik, tikmə sənəti və bunlarla bağlı geyim mədəniyyəti haqqında biliklər yalnız tarixi qaynaqlara və səyyahların qeydlərinə əsaslanmır. Azərbaycan ərazisində aparılan çoxsaylı arxeoloji tədqiqatlar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri bu tarixi ənənəni sübut edən ən dəyərli tapıntılardandır. Arxeoloji materiallar arasında toxuculuq məmulatları, ipək parçalar və geyim nümunələri xüsusi yer tutur.
Məhz bu mövzu elmi-praktik seminarın digər məruzəçisi Aytən Əsədovanın çıxışının əsasını təşkil edirdi. “Arxeoloji tədqiqatlarda qədim geyimlərə aid tapıntılar” adlı məruzədə Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə edilən materiallar əsasında qədim geyim mədəniyyəti haqqında maraqlı fikirlər təqdim edildi. O cümlədən, yaxın vaxtlarda Naxçıvanda Xarabagilan tarixi abidəsindən aşkar edilmiş kiçik qız uşağına aid geyim qalıqları həmin ərazidə geyim mədəniyyətimizin, zənginliyinin göstəricilərindən biri kimi diqqətə çatdırıldı.
Elmi-praktik seminar yalnız məruzələrlə deyil, tədbirə gələn qonaqların, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri Rüfət Mahmudun və qoruğun əməkdaşlarının iştirakı ilə daha da maraqlı və məzmunlu oldu. Qonaqların çıxışları, fikir və təklifləri, eləcə də aparılan səmimi və məhsuldar fikir mübadiləsi seminarın elmi mühitini daha da zənginləşdirdi.
Milli Geyimlər Günü çərçivəsində tədbirlər milli geyimlərin sərgilənməsi və etno-dəfilə ilə davam etdi. Şəhərin tarixi məkanı və daim turistlərin diqqətində olan Qoşa Qala qapıları bu dəfə milli moda nümayişinin məkanına çevrildi. Ənənəvi Azərbaycan geyimlərində olan gənc qızlar və oğlanlar tarixin əzəmətini öz libaslarında daşıyaraq həm şəhər sakinlərinə, həm də xarici qonaqlara Azərbaycan milli geyimlərinin möhtəşəmliyini nümayiş etdirdilər.
Bu hissədə xüsusi olaraq “Parla Öz Geyim” evinin milli libaslarını, həmçinin milli ornamentlərlə işlənmiş jilet və arxalıqları vurğulamaq istərdik. Etnoqraf Günay Çapayın hazırladığı kompozisiyada gənclər bulaq başından su gətirmə, şal bağışlama kimi rəmzi məna daşıyan kiçik etnoqrafik epizodları canlandırdılar. Rəngarəng və milli ruhla dolu bu geyimlərlə bir daha xalqımızın istedadını, rəng və çalar duyumunu, öz ənənəsinə və keçmişinə bağlılığını nümayiş etdirdi.
Beləliklə, “Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyi Milli Geyimlər Günü çərçivəsində iki istiqamətdə – elmi-praktik seminarın təşkili, moderatorluğu və elmi məruzə ilə, eləcə də etno-dəfilədə “Parla Öz Geyim” kolleksiyası ilə iştirak etdi. Bu iki istiqamət milli geyim irsinin həm elmi şəkildə araşdırılmasına, həm də müasir təqdimat və istifadəsinə diqqət yönəldilməsi baxımından əhəmiyyətli oldu.
Arzu edirik ki, bu ənənə davamlı olsun və Milli Geyimlər Günü gələcəkdə də geniş şəkildə qeyd edilsin. Milli geyimlər və libaslar yalnız təntənəli günlərdə geyinilən paltar obrazından çıxaraq gündəlik həyatımızda istifadə olunan, milli ruhumuzu və kimliyimizi gücləndirən bir dəyərə çevrilməlidir.
Günay Çapay Həsənova
tarix üzrə fəlsəfə doktoru, etnoqraf“Etnoqrafik Tədqiqatlara Dəstək” İctimai Birliyinin idarə heyətinin sədr










