Xəbərlər

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır.

“Füyuzat”ın məlumatına görə, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan “ING Group”up hesabatında qeyd edilib.

Bundan əvvəl ING 2024-cü il üçün 5,2%, 2026-cı il üçün isə 4,9% inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9%-ə, 2025-ci ilin əvvəlində isə 5,4%-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub.

Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar əsas faiz dərəcəsini 7,25% səviyyəsində saxlayıb. AMB istehlak qiymətləri indeksinin 2025-ci ilin sonuna qədər illik 5,5%-ə çatacağını, 2026-cı ildə isə inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. Bu da bankın orta müddətdə inflyasiyanı 4±2% hədəf diapazonunda saxlamaq niyyətini əks etdirir.

ING-nin ekspertləri AMB-nin bu ssenarisini real hesab edir:

“2025-ci ilin ikinci rübündə istehlak qiymətləri müvəqqəti olaraq 6%-i keçərsə, bunun kiçik və qısamüddətli bir artım olacağını istisna etmirik”.