Xəbərlər

İnsan danışığı ilə tanınar

İnsan haqqında ilk təəssüratımızı çox vaxt onun görünüşü, geyimi və davranışları formalaşdırır. Lakin zaman keçdikcə insanın əsl xarakterini üzə çıxaran ən mühüm xüsusiyyətlərdən birinin danışıq tərzi olduğunu anlayırıq. Söz insanın düşüncəsinin, dünyagörüşünün, tərbiyəsinin və daxili aləminin ifadəsidir. Eyni fikri iki insan söyləyə bilər, lakin həmin fikrin qarşı tərəfdə yaratdığı hiss tamamilə fərqli olar. Birinin söylədiyi söz insana təsəlli verər, digərinin eyni məzmunlu cümləsi qəlbdə inciklik yaradar. Fərqi yaradan sözlərin məzmunu ilə yanaşı, onların hansı səslə, hansı münasibətlə və hansı niyyətlə ifadə edilməsidir.

Sədi Şiraziyə aid edilən “Yanlış üslub doğru sözün qatilidir” fikri məhz insan münasibətlərinin incə məqamlarından birinə toxunur. Şirazinin əsərlərində sözün məsuliyyəti, danışıq mədəniyyəti, təmkin, səbir və insanlara münasibət mühüm yer tutur. Onun düşüncəsinə əsasən, danışmaq qabiliyyəti insana verilmiş böyük nemətdir və həmin nemətin dəyəri ondan necə istifadə etməyimizlə ölçülür.

XIII əsr fars ədəbiyyatının görkəmli nümayəndəsi Sədi Şirazi ədəbiyyata insan xarakterini, həyat təcrübəsini və əxlaqi dəyərləri dərindən müşahidə edən mütəfəkkir kimi daxil olub. Onun “Gülüstan”və “Bustan” əsərləri əsrlər keçməsinə baxmayaraq, insan davranışları haqqında öz aktuallığını qoruyan düşüncələrlə zəngindir. Sədi insanın böyüklüyünü var-dövlətdə, mövqedə və zahiri görünüşdə axtarmır. O, insanın dəyərini ağlında, davranışında, mərhəmətində və başqalarına münasibətində görür. Şairin əsərlərində dilin qorunması, danışmazdan əvvəl düşünmək və sözün yerini bilmək xüsusi əhəmiyyət daşıyır.

“Gülüstan” əsərinin giriş hissəsində Sədi Şirazi dilin insanın daxili aləmini tanıdan açar olduğunu bildirir. “İnsanın ağzındakı dil fəzilətli insanın xəzinəsinin qapısını açan açardır. Qapı bağlı qalarsa, qarşımızdakının qiymətli daşlar satan tacir, yoxsa dəyərsiz əşyalar satan birisi olduğunu necə bilmək olar?”. Şair burada danışığı insanın şəxsiyyətini üzə çıxaran vasitə kimi təqdim edir. Söz insanın daxilində gizlənən keyfiyyətləri görünən hala gətirir.

Sədi Şirazinin diqqət çəkdiyi başqa bir məqam susmağın və danışmağın doğru vaxtını müəyyənləşdirməkdir. O, “Gülüstan” əsərində belə bir fikir irəli sürür: “İki hal düşüncənin zəifliyini göstərir: danışmaq lazım gələndə susmaq və susmaq lazım gələndə danışmaq”. Danışıq mədəniyyəti insanın hər vəziyyətdə söz söyləməsi ilə ölçülmür. Ağıllı insan qarşısındakını dinləməyi, fikrini ölçüb-biçməyi və münasib məqamda danışmağı bacarır. Susmaq hər zaman müdriklik, danışmaq isə hər zaman cəsarət hesab edilə bilməz. Haqsızlıq qarşısında susmaq bəzən qorxaqlığa, qəzəb anında düşünmədən danışmaq isə peşmanlığa çevrilə bilər. Əsas məsələ insanın hansı məqamda hansı davranışın daha doğru olduğunu anlamasıdır.

Sədi insanın söyləyəcəyi söz üzərində əvvəlcədən düşünməsini də vacib sayır. “Danışmazdan əvvəl düşünmək, söylədikdən sonra peşman olmaqdan yaxşıdır” fikri onun yaradıcılığında ifadə olunan müdrik yanaşmalardandır. Bu düşüncə gündəlik həyatımızın ən adi münasibətlərində belə böyük əhəmiyyət daşıyır. Qəzəbli olduğumuz zaman söylədiyimiz bir cümlə illərlə davam edən münasibətə kölgə sala bilər. Ani emosiyanın təsiri ilə deyilən sərt söz sonradan üzr istəməklə belə tamamilə silinmir. Dil yarası gözlə görünməsə də, insanın yaddaşında uzun müddət yaşaya bilər.

Üslub insanın səsində, baxışında, mimikasında, dinləmək bacarığında və qarşısındakı insana göstərdiyi münasibətdə özünü büruzə verir. Bir insana “Sən səhv edirsən” söyləməyin də müxtəlif yolları var. Həmin fikri alçaldıcı tonda ifadə etmək qarşı tərəfdə müdafiə hissi yarada bilər. Eyni düşüncəni sakit, əsaslandırılmış və hörmətli şəkildə çatdırmaq isə insanı öz səhvini qəbul etməyə yaxınlaşdırar. Tənqid etmək asandır, insanın qüruruna toxunmadan səhvini göstərmək isə daha böyük düşüncə və mənəvi yetkinlik tələb edir.

Ədəbiyyat tarixində sözün gücü və insan münasibətlərindəki rolu haqqında düşünən çoxsaylı müəlliflərə rast gəlirik. Məsələn, Lev Tolstoyun əsərlərində insanın mənəvi dünyası, vicdanı və davranışlarının məsuliyyəti geniş şəkildə işlənir. Dostoyevskinin qəhrəmanları isə bir çox hallarda daxili ziddiyyətləri, qüruru, peşmanlığı və insanın öz vicdanı ilə mübarizəsini nümayiş etdirirlər. Bu müəlliflərin yaradıcılığı bizə göstərir ki, insan münasibətlərində bir cümlənin arxasında bütöv bir xarakter dayana bilər. İnsanın susduğu məqam onun söylədiyi onlarla cümlədən daha çox şey danışır.

Uilyam Şekspirin “Hamlet” əsərində də insanın özünə və başqalarına münasibəti, sözün arxasında dayanan niyyət və davranışların mənəvi tərəfi diqqət mərkəzindədir. Əsərin məşhur “Özünə sadiq ol” fikri insanın daxili bütövlüyünü qorumasının vacibliyini xatırladır. Özünə hörmət edən insan qarşısındakının da şəxsiyyətinə hörmət göstərməlidir. Çünki insanın özünü ifadə etmək azadlığı başqasını alçaltmaq hüququ vermir.

Sözün üslubu ailə münasibətlərində daha aydın görünür. İnsan ən yaxınlarının yanında özünü rahat hiss etdiyindən düşünmədən danışmağa meyil göstərə bilər. Ana ilə övlad, bacı ilə qardaş, dostlar və həyat yoldaşları arasında yaranan incikliklər məhz sərt ifadələrdən qaynaqlanır. “Mən sadəcə həqiqəti dedim” cümləsi isə hər zaman davranışa bəraət qazandırmır. Həqiqəti söyləmək vacibdir, lakin həqiqətin hansı formada çatdırılması da həmin qədər əhəmiyyətlidir. Qarşımızdakı insanın qəlbini qırmadan fikir bildirmək mümkündür. Bunun üçün empatiya, səbir və öz davranışına nəzarət tələb olunur.

İnsan münasibətlərində üzr istəməyin də xüsusi yeri var. Səhvini qəbul etmək zəiflik yox, xarakter göstəricisidir. Qarşı tərəfin incindiyini gördükdə özünü müdafiə etmək əvəzinə onun hisslərini anlamağa çalışmaq münasibətlərin qorunmasına kömək edir. “Mən elə demək istəmirdim” ifadəsi ilə kifayətlənmək əvəzinə, söylənilən sözün qarşı tərəfə necə təsir etdiyini düşünmək lazımdır.

Eyni zamanda nəzakətli danışmaq insanın hər kəslə razılaşması mənasına gəlmir. İnsan öz etirazını bildirə, sərhədlərini qoruya, haqsızlığa qarşı çıxa və sərt mövqe nümayiş etdirə bilər. Sadəcə, bütün bunları təhqirə, istehzaya və alçaltmağa yol vermədən həyata keçirmək mümkündür. Mədəni insan öz fikrindən imtina etmədən qarşısındakının şəxsiyyətinə hörmət göstərə bilir. Həqiqi üslubun gücü də məhz buradadır: insanın mövqeyini qoruyaraq münasibətlərdəki insani dəyərləri zədələməmək.

Müəllif: Mədinə Məcidli