Xəbərlər

İstanbul Universitetinin azərbaycanlı professoru İbrahim Yıldırım vəfat edib

Bu gün İstanbul Universitetinin professoru kimi fəaliyyət göstərən, dünya miqyasında tanınan plastik cərrah və elmi tədqiqatçı İbrahim Yıldırım vəfat edib.

Əslən Azərbaycanın Qazax rayonundan olan alim gənc yaşlarından elmə və təhsilə böyük maraq göstərmişdir. O yalnız elmi sahədə deyil, həm də milli düşüncə və vətənpərvərlik ruhunda yetişmiş nəsillər üçün örnək bir şəxsiyyət idi.

İbraim Yıldırım bir çox beynəlxalq universitetlərdə təhsil almış, daha sonra uzun illər bu təhsil ocaqlarında mühazirələr oxumuşdur.

O, tibb sahəsində ilk və uğurlu əməliyyatlara imza atmış, plastik cərrahiyyədə çətin hesab olunan bir çox prosedurları yerinə yetirmişdir. Paralel olaraq etnoqrafik, tarixi və ədəbi tədqiqatlarla da məşğul olmuş, Azərbaycan və Türk dünyasının mədəni irsinin öyrənilməsinə töhfələr vermişdir.

Onun elmi mühazirələri müxtəlif dillərdə yüksək səviyyədə təqdim edilmiş və bu xüsusiyyət onu tələbələr və həmkarları arasında sevilən bir müəllimə çevirmişdir.

Qeyd edək ki, Abbasqulu ağa Bakıxanov, Ünsizadə qardaşları, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Abbas Səhhət, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Sur, Qafur Rəşad Qantəmir və s. haqqında ilk dəfə olaraq doktor İbrahim Yıldırım maraqlı faktları ictimaiyyətə çatdırmışdır. Bakıxanovun sultana hədiyyə etdiyi kitab, Mirzə Ələkbər Sabirin öz əli ilə avtoqraf yazdığı “Hophopnamə” nüsxəsi, Əli bəy Hüseynzadənin siyasi işləri, rəssam Səlim Turanın misilsiz rəsmlər qalereyası, Hüseyn Cavidin tələbə ikən qaldığı yataqxana və nəhayət Mustafa Kamal paşanın yaxın dostu, şuşalı Əhməd bəy Ağaoğlunun “Anadolu agentliyi”nin ilk başqanı olması haqqında “gizli qalmış” faktların üzə çıxması doktor İbrahim Yıldırımın gərgin əməyinin nəticəsidir.

Professor Qarabağ müharibəsi dövründə Azərbaycanda yaralanmış əsgərlərin xaricdə müalicəsini təşkil etmiş, dərman və tibbi ləvazimatlar göndərmişdir.

Müxtəlif illərdə azərbaycanlı gənclərin Türkiyədə təhsil almasına yardımçı olmuş, onların akademik inkişafına dəstək vermişdir.

O, hər zaman milli maraqlar və təhsil məsələlərini müzakirə etmiş və daim Azərbaycanın tərəqqisinə xidmət edən ziyalı şəxsiyyət olmuşdur.

Professor Yıldırım yalnız cərrahiyyə və tibb elmləri ilə deyil, həm də ədəbiyyat və mədəniyyətlə dərindən maraqlanmışdır. O, Azərbaycan ədəbi mühitində yaxından iştirak etmiş, müxtəlif ədəbi məclislərin fəal üzvü olmuşdur.

İbrahim Yıldırım sadəcə bir həkim, alim və müəllim deyildi. O, millətini sevən, özünü xalqına həsr edən bir ziyalı idi. Dünya şöhrətli cərrah, dəyərli alim, milli məfkurəli ziyalı, böyük azərbaycanlı və Azərbaycan adına həmişə ucalıq, şərəf gətirən professor İbrahim Yıldırımın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!