Ədəbiyyat • Fidan Vahid • Xəbərlər

Katrin Mansfild – Milçək

“BURADA adam özünü rahat hiss edir!” – deyə qoca Vudifild xırıltılı səslə dilləndi. O, müdirin masasının yanındakı böyük, yaşıl dəri kresloda oturub uşaq arabasından boylanan körpə kimi ətrafı izləyirdi. Sözü bitmişdi; getmək vaxtı çatmışdı. Amma istəmirdi. Təqaüdə çıxandan və… insult keçirəndən sonra arvadı ilə qızları ona ancaq çərşənbə axşamı evdən çıxmağa icazə verirdilər. Çərşənbə axşamları geyinib-keçinməsinə, üst-başını səliqəyə salmasına icazə verir, bütün gününü şəhərdə keçirməsi üçün onu yola salırdılar. Arvadı ilə qızları onun nə iş gördüyünü heç cür anlaya bilmirdilər. Yəqin, elə bilirdilər ki, gedib köhnə dostlarının zəhləsini tökür… Bəlkə də, haqlı idilər… Amma hamımız son zövqlərimizə ağacın payızdan qalan son yarpaqlarına sarıldığı kimi məhəbbətlə bağlanırıq… Elə buna görə də qoca Vudifild siqar çəkir, kreslosunda fırlanan köhnə dostuna heyrətlə baxırdı. Dostu ondan beş yaş böyük olsa da, sağlam, gümrah və həyat dolu idi; sükanı əlindən buraxmamışdı. Təkcə ona baxmaq belə adama xoş gəlirdi. “Sözün düzü, bura lap rahat olub!”, – deyə qoca həm kədərlə, həm də heyranlıqla dilləndi.

– Hə, rahatdır, – müdir razılaşdı və kağız bıçağını “Financial Times” qəzetinə toxundurdu.

Əslində, o, otağı ilə fəxr edirdi; otağına heyranlıqla baxılmasını, xüsusilə də qoca Vudifildin onu bəyənməsini xoşlayırdı. Boynuna şərf dolamış bu zəif, qoca adamın gözü qarşısında otağın düz ortasında, öz stolunda əyləşmək onu məmnun edirdi.

Otağı bu yaxınlarda səliqəyə salmışam, – deyə o, artıq neçə… neçə həftədir ki… təkrarladığı sözlərə yenidən başladı. – Xalça təzədir. Böyük ağ dairələri olan alqırmızı xalçanı göstərdi. – Mebellər də təzədir. – Kitab şkafı ilə ayaqları qıvrılmış bəkməzə oxşayan masaya tərəf başı ilə işarə etdi. – Elektrik qızdırıcısı! – deyə o, tərsinə çevrilmiş mis tavanın içində zərifcə işıldayan, mirvari kimi parlaq, şəffaf, sosiskaya bənzər beş qızdırıcı elementə az qala zəfər çalmış kimi əlini uzatdı.

Ancaq stolunun üstündəki şəkli qoca Vudifildə göstərmədi. Arxa fonda fotoqrafların qurduğu xəyalı mənzərə, süni ağaclar və süni buludlar görünən hərbi geyimli, ciddi görkəmli gəncin şəklini… Düzdür, altı il əvvəl ilk dəfə gördüyü bu fotoda Vudifild üçün indi yeni heç nə yox idi.

– Sizə demək istədiyim bir şey var idi, – qoca Vudifild nəyisə xatırlamağa çalışaraq çaşqın halda dilləndi. Amma nə idi, xatırlamıram. Səhər bura gəlməyə hazırlaşanda yadımda idi.

Onun əlləri əsməyə başladı, üzünə qırmızı ləkələr düşdü.

“Yazığın axırı çatıb”, – deyə müdir düşündü və qocaya qarşı içində bir şəfqət duydu. Göz vurub zarafatla dedi:

– Bəri bax, bilirsən məndə nə var? Can dərmanı… Soyuğa çıxmazdan əvvəl sənə yaxşı təsir edər. Əla şeydir. Uşağa da versən, ziyanı olmaz. O, saatının zəncirindən bir açar çıxardı, masasının altındakı dolabın qıfılını açdı və içəridən enli, alçaq, tünd rəngli bir şüşə götürdü.

– Bax, əsl dərmandı, – dedi. – Bunu aldığım adam mənə tam məxfi şəkildə deyib ki, bu viski Vindzor qəsrinin zirzəmilərindən gətirilib.

Qoca Vudifild şüşəni görən kimi ağzı açıq qaldı. Müdir cibindən dovşan çıxarsaydı, yəqin, belə təəccüblənməzdi.

– Viskidir? – deyə zəif səslə dilləndi.

Müdir şüşəni çevirib etiketini məhəbbətlə ona göstərdi.

Bəli, viski idi.

– Bilirsən, – deyə müdirə heyrətlə baxaraq dilləndi, – evdə mənə ondan içməyə icazə vermirlər. – Elə görkəm almışdı ki, sanki toxunsan ağlayacaqdı.

– Hə, bax, təkcə bu məsələdə biz qadınlardan çox bilirik, – deyə müdir səsləndi. Su qrafininin yanında, masanın üstündə duran iki qədəhi götürmək üçün cəld əyildi və iksinə də viski süzdü. – Birnəfəsə iç. Xeyrinədir. Bir də içinə su qatma. Belə şeyin dadını pozmaq günahdır. Ah!

O öz qədəhindəkini birnəfəsə içdi, dəsmalını çıxarıb bığını tələsik sildi və viskini ağzında o yan-bu yana gəzdirən qoca Vudifildə gözucu baxdı.

Qoca udqundu, bir anlıq susdu, sonra zəif səslə dedi:

– Fındıq dadı var!

Amma içki onu isidirdi; az keçmədən yaddaşı da açıldı – xatırladı.

– Hə, bax, demək istədiyim bu idi, – deyə stuldan güclə qalxdı. – Fikirləşdim, bunu bilməyin xoşuna gələr. Qızlar keçən həftə Belçikada idilər, yazıq Regginin qəbrini ziyarət etməyə getmişdilər. Elə orada sənin oğlunun qəbrinə də rast gəliblər. Deyəsən, bir-birinə çox yaxın yerləşirlər.

Qoca Vudifild susdu, amma müdir heç nə demədi. Onun deyilənləri eşitdiyini ancaq titrəyən göz qapaqları ələ verirdi.

– Qızlar oranın səliqə-sahmanından çox razı qalıblar, – deyə qocanın səsi eşidildi. – Hər şeyə yaxşı baxırlar. Sən hələ ora getməmisən, eləmi?

– Yox, yox! – Müdir müxtəlif səbəblərdən Belçikaya getməmişdi.

– Oranın ərazisi çox böyükdür, – deyə qoca titrək səslə danışdı, – hər  yanı səliqəlidir. Bütün qəbirlərin üstündə güllər bitir. Enli, yaraşıqlı cığırlar var.

Səsinin tonundan aydın sezilirdi ki, enli, yaraşıqlı cığırlar xoşuna gəlir. Yenə sükut çökdü. Sonra qocanın çöhrəsi qəfildən işıqlandı.

– İnanmazsınız, – qoca təngnəfəs halda dilləndi, – otel mürəbbənin bir balaca bankasına görə qızlardan nə qədər pul istəyib. On frank! Bu lap soyğunçuluqdur! Üstəlik, Gertruda deyir ki, banka çox balaca imiş, heç yarım kronluq da yox, bir qaşıq mürəbbə götürüblər, əvəzində isə on frank istəyiblər. Amma bilirsiniz, Gertruda nə edib? Bankanı götürüb, özü ilə gətirib. Düz də edib. Qoy bizdən sui-istifadə etməsinlər. Elə bilirlər ki, bura gəlmişiksə, pulumuzun sayı-hesabı yoxdur. Bax belə! – Qoca bunları deyib qapıya tərəf yönəldi.

– Tamamilə haqlısan, tamamilə! – deyə müdir səsləndi, halbuki qocanın nədə haqlı olduğunu anlamırdı. Masasının arxasından dolanıb qocanın ayaqlarını sürüyə-sürüyə qapıya doğru getməsini izlədi və onu yola saldı. Vudifild getmişdi.

Müdir uzun müddət tərpənmədən dayanıb boşluğa baxdı. Bu vaxt ağarmış saçlı ofis xidmətçisinin ona göz qoyduğunu gördü. O bu görkəmi ilə gəzməyə aparılmasını səbirlə gözləyən itə oxşayırdı.

Nəhayət, müdir dilləndi:

– Meysi, yarım saat ərzində heç kimi qəbul etməyəcəyəm. Başa düşdün? Heç kimi.

– Baş üstə, cənab.

Qapı örtüldü. Ağır, inamlı addımlar parlaq xalçanın üstü ilə geri qayıtdı, kök bədən kresloya çökdü. Müdir irəli əyilib üzünü əlləri ilə örtdü. O, ağlamaq istəyirdi, ağlamağa qərarlı idi, ağlamaq üçün hər şeyi hazırlamışdı…

Qoca Vudifildin oğlunun qəbrindən söz salması müdir üçün dəhşətli zərbə olmuşdu. Elə bil yer yarılmış, o da oğlunu orada, uzanmış halda görmüşdü. Vudifildin qızları da başının üstündən oğluna baxırdılar. Qəribə idi: altı ildən çox vaxt keçsə də, müdir oğlunu həmişə hərbi formasında, eyni əbədi yuxuya getmiş halda təsəvvür edirdi.

– Oğlum! – deyə müdir inildədi.

Amma hələ gözündən yaş gəlməmişdi. Oğlunun dünyaya gəldiyi gündən o yorulmaq bilmədən işləyir, işini genişləndirir, möhkəmləndirirdi. Bütün bunları onun üçün edirdi, yalnız onun üçün. Yoxsa hər şeyin nə mənası vardı? Oğulsuz həyatının mənası yox idi. Oğlu olmasaydı, məgər özünü hər şeydən məhrum edərək, qul kimi işləyər, inadla qarşısına qoyduğu məqsədə doğru irəliləyərdimi? O, heç vaxt ağlından çıxmayan bir xəyalla yaşayırdı: oğlu bir gün onun yerini tutacaq, başladığı işi davam etdirəcəkdi.

Arzusuna çatmağına az qalmışdı. Müharibədən əvvəl oğlu işin bütün incəliklərini diqqətlə öyrənmişdi. Hər səhər evdən birlikdə çıxır, axşamlar da eyni qatarla geri qayıdırdılar. Hamı onları təbrik edirdi! Əlbəttə ki, edirdi! Oğlu işi hamıdan tez mənimsəmişdi. Üstəlik, hamı onu sevirdi, hamı tərifləyirdi, hətta qoca Meysi də. Amma o heç vaxt ərköyünlük etməzdi. Onun ürəyi elə təmiz idi ki… Həmişə xeyirxahlığı ilə seçilirdi. Xoşrəftar idi, hamıya deyəcək yaxşı bir söz tapardı. Baxışları hələ də uşaq baxışları idi, bir də tez-tez təkrarladığı bir ifadəsi vardı: “Nə gözəldir!”

Oğlunun ölümündən sonrakı ilk aylarda, hətta illərdə müdirə kiçik bir xatirə kifayət edirdi ki, onu elə bir kədər bürüsün, yalnız şiddətli ağlama tutması onu yüngülləşdirə bilsin. O vaxt o, zamanın heç nəyi dəyişməyəcəyini deyir, bunu hamıya söyləyirdi. Başqaları bəlkə itkiyə alışar, həyatlarına davam edə bilərdilər, amma o yox. Bu necə mümkün ola bilərdi? Axı onun oğlu tək idi.

İndi isə o yox idi və bir daha heç vaxt olmayacaqdı. Sanki heç yaşamamışdı… Bir gün Meysi ona teleqram gətirib vermişdi və sanki bütün dünya başına uçmuşdu. “Dərin təəssüflə bildiririk ki…” O gün idarədən həyatı alt-üst olmuş bir adam kimi çıxmışdı.

Altı il, düz altı il… Zaman necə də tez keçir. Halbuki adama elə gəlirdi ki, bütün bunlar dünən baş verib. Müdir təəccüblə başını qaldırdı. Nəsə düz deyildi. Özünü istədiyi kimi hiss edə bilmirdi. Oğlunun şəklinə baxmaq qərarına gəldi. Əslində, bu şəkli o qədər də sevmirdi: üzündəki qeyri-təbii ifadəyə, soyuq və sərt baxışlara görə. Oğlu heç vaxt belə baxmazdı.

Elə bu vaxt müdir gördü ki, bir milçək onun enli mürəkkəbqabısına düşüb və oradan çıxmaq üçün zəif, amma ümidsizcəsinə çapalayır. “Kömək edin! Kömək edin!” – deyə milçəyin çırpınan ayaqları sanki yalvarırdı. Amma mürəkkəbqabının divarları yaş və sürüşkən idi; milçək yenidən aşağı düşdü və üzməyə başladı. Müdir qələm götürdü, milçəyi mürəkkəbdən çıxarıb bir parça quruducu kağızın üstünə atdı. Milçək yayılan qara ləkənin ortasında bir anlıq hərəkətsiz qaldı. Sonra ön ayaqlarını tərpətdi, balaca bədənini var gücü ilə gərdi və çevrildi. Ardınca dərhal qanadlarını təmizləməyə başladı. Ayağını qanadının üstündə dəryazı itiləyən daş kimi yuxarı-aşağı gəzdirirdi: yuxarı-aşağı, yuxarı-aşağı.

Bir az dincəldikdən sonra milçək sanki barmaqlarının ucuna qalxaraq, əvvəlcə bir qanadını, sonra o birini açmağa çalışdı. Buna nail oldu və oturub balaca bir pişik kimi üzünü təmizləməyə başladı. Ön ayaqlarını yüngülcə, sevinclə bir-birinə sürtürdü. Təhlükə sovuşmuşdu və o, həyatına davam etməyə hazır idi. Ancaq müdirin ağlına bir fikir gəldi. Qələmini yenidən mürəkkəbə batırdı, yoğun biləyini qurutma kağızının üstünə qoydu və milçək qanadlarını tərpədib uçmağa çalışarkən üstünə iri, ağır bir mürəkkəb ləkəsi düşdü. Görəsən, bu dəfə neyləyəcəkdi? Doğrudan da, neyləyəcəkdi? Yazıq milçək, deyəsən, bərk çaşqınlığa düşmüşdü və qarşıda onu nəyin gözlədiyini bilmədiyindən tərpənməyə belə cürət etmirdi. Bir qədər sonra, nəhayət, sürünə-sürünə quru bir yerə çatdı. Ön ayaqları yenidən tərpəndi, balaca bədəni gərildi və hər şey əvvəldən təkrarlandı, yalnız bu dəfə daha ləng.

“Cəsur balaca məxluq”, – deyə müdir düşündü və milçəyin cəsarətinə həqiqətən heyran qaldı. Bax, belə də olmalıdır. Düzdür. Heç vaxt ölümə təslim olma; hər şey yalnız… Amma milçək yenə əziyyətli işini başa çatdırmışdı və müdirin qələmini yenidən mürəkkəblə doldurub təzəcə təmizlənmiş bədəninin üstünə bir damcı da tünd mürəkkəbi tam nişan alaraq salmağa ancaq vaxtı çatdı. Bəs bu dəfə necə olacaqdı? Milçək tamamilə hərəkətsiz uzanmışdı. Yenidən ön ayaqlarını tərpətməsinə qədər uzun, əzablı saniyələr keçdi. Müdir rahat nəfəs aldı:

– Ay səni çoxbilmiş… – milçəyə yaxınlaşıb nəvazişlə dedi.

Hətta qurumasına kömək etmək üçün ağlına parlaq fikir gəldi: milçəyin üstünə üfləmək. Bununla belə, milçəyin bu dəfəki cəhdlərində bir çəkingənlik, bir gücsüzlük vardı. Müdir qərara gəldi ki, bu, sonuncu olsun və qələmini mürəkkəb qabının dibinəcən batırdı.

Hər şey bitmişdi. Sonuncu mürəkkəb damcısı islanmış qurutma kağızının üstünə düşdü və milçək onun içində hərəkətsiz qaldı. Arxa ayaqları bədəninə yapışmışdı, ön ayaqları isə görünmürdü.

– Hə, tərpən görək, – müdir dedi. – Cəld ol!

Qələmi ilə milçəyi tərpətdi, amma əbəs yerə. Hərəkət etmədi, edə bilməzdi. Milçək ölmüşdü.

Müdir onu kağız bıçağının ucunda götürüb zibilqabına atdı. Sonra bir anda dəhşətə qapıldı. Onu büsbütün bürüyən əzici kədərdən qorxuya düşdü. İrəli atılıb Meysi üçün zəngi basdı.

– Mənə təzə qurutma kağızı gətir – amiranə səslə qışqırdı. – Tez ol!

Qoca xidmətçi asta-asta uzaqlaşarkən müdir bir az əvvəl nə haqda düşündüyünü xatırlamağa çalışdı. Nə idi axı? Bu…

O, dəsmalını çıxarıb yaxasını sildi. Amma nə qədər çalışsa da, heç nə yadına düşmədi.

İngilis dilinə çevirdi: Fidan Vahid