Əksəriyyətimiz lap kiçik yaşlardan kitablarla əhatə olunmuşuq. Valideynlərimiz yatmazdan əvvəl bizə nağıllar oxuyar və ya vaxtaşırı bizi müxtəlif kitabxanalara aparardılar. Yəqin ki, uşaqlıq illərindən sevimli kitablarımız da yaddaşımızda qalıb. Kitablar, həqiqətən də, bir çox nəsillər boyu insanların gündəlik həyatının bir hissəsi olub. Lakin əvvəllər kitab əldə etmək indiki qədər asan deyildi. Heç bilirdinizmi ki, bu gün rəflərimizi bəzəyən müasir kitablar indiki formasını alana qədər bir neçə dəfə dəyişikliklərə məruz qalmalı olub?
Nədir kitab?
Müasir kitab “bir tərəfi boyunca yapışdırılmış və ya tikilmiş, üz qabığı ilə cildlənmiş yazılı və ya çap olunmuş səhifələrdən ibarət əsər” kimi müəyyən edilir. Lakin tarix boyu insanlar yazı yazmaq üçün müxtəlif materiallardan istifadə ediblər. Kitabların tarixini araşdıran mütəxəssislər onların mənşəyini lövhələr, bambuk, fıstıq ağacının qabığı və papirus vərəqləri kimi qədim yazı materiallarına qədər izləyirlər.
Kitabı ilk dəfə kim icad edib?
Müxtəlif sivilizasiyaların yazılı sənədləri qoruyub saxlamaq üçün özünəməxsus üsulları olub. Bu üsulların tarixi təxminən e.ə. 3500-cü ildə Mesopotamiyada başlayır.
Mesopotamiya, e.ə. 3500–3000-ci illər
Mesopotamiyanın ilk sakinləri gil lövhələr hazırlamaqla tanınırdılar. Onlar bu lövhələrin üzərində izlər yaratmaq üçün kalamus adlanan, ucu itilənmiş qamış qələmlərdən istifadə edirdilər. Nəm gil üzərində kalamus vasitəsilə yaradılan pazşəkilli – ucu nazik, getdikcə qalınlaşan işarələr mixi yazı adlanır. Mesopotamiyalılar gil üzərində işarələri həkk etdikdən sonra lövhələri qurutmaq üçün oddan istifadə edirdilər. Müasir İraq ərazisində yerləşən Nineviyada bu cür lövhələrdən 20 mindən çoxu aşkar edilib. Onlardan bəzilərinin tarixi e.ə. VII əsrə qədər gedib çıxır. Bu lövhələr Assuriya krallarının kitabxanasını və arxivini təşkil edirdi. Onlar bizə həmin dövrdə kitabların və yazılı sənədlərin necə sistemləşdirildiyi barədə təsəvvür yaradır. Lövhələrdən dünyanın müxtəlif yerlərində, o cümlədən Çili, Almaniya, Filippin və hətta Sahara səhrasında XIX əsrə qədər istifadə olunub.

Misir, e.ə. 3000-ci illərin əvvəlləri
Misirdə insanlar papirus qamışının gövdəsindn özək hissəsini çıxarırdılar. Sonra bu materialı nəmləndirir, sıxır, qurudur, yapışdırır və kəsərək vərəqlər hazırlayırdılar. Hazırlanan vərəqlərin ən keyfiyyətliləri müqəddəs mətnlərin yazılması üçün ayrılırdı.
Papirusun yazı materialı kimi hələ I Misir sülaləsi dövründə istifadə edildiyi məlumdur. Bununla bağlı ilk sübutlardan birinə e.ə. təxminən 2400-cü ildə yaşamış V sülalə hökmdarı Neferirkare Kakayın kitablarına dair qeydlərdə rast gəlinir.
Papirus bitkisindən hazırlanan zolaqlar bükülərək tumarlar düzəldilirdi. Bu tumarların uzunluğu, adətən, 14–52 fut (təxminən 4,3–15,8 metr) arasında olurdu, lakin daha uzun tumarlar da hazırlanırdı. Məsələn, III Ramzesin hakimiyyəti dövründən bəhs edən bir tumarın uzunluğu 40 metrdən çox idi.
Tumarlar üfüqi istiqamətdə açılırdı. Mətn onların yalnız bir tərəfində yerləşir, yazılar isə sütunlara bölünürdü. Lakin papirusun uzun zolaqlar şəklində bükülməsi tumarları açmağı və oxumağı olduqca çətinləşdirirdi. Papirus asanlıqla çatladığı üçün bu gün həmin tumarların yalnız bəzi fraqmentləri qorunub saxlanılıb.

Yunanıstan, e.ə. 500–200-cü illər
Təxminən bu dövrdə qoyun və keçi dərilərindən hazırlanan perqament papirusla müqayisədə daha davamlı yazı materialı kimi istifadə olunmağa başladı. Roma alimi Varron perqamentin ixtirasını qədim Perqam şəhərində papirus çatışmazlığı ilə əlaqələndirirdi.
Perqamenti adi dəridən fərqləndirən cəhət ondan ibarətdir ki, perqament hazırlanarkən dərilər əhənglə işlənir, lakin aşılanmır. Perqament rütubət dəyişikliklərinə həssas olur, buna görə də islandıqda korlana bilər. Ən yüksək keyfiyyətli perqament növü “vellum” adlanır. Vellum xüsusilə çox gənc buzov və ya oğlaq dərisindən hazırlanan, adi perqamentdən daha yumşaq, ağ və nazik, xüsusi növ perqamentdir.
Çin, e.ə. 100-cü il
Təxminən eramızın I əsrində Tsay Lun müxtəlif materiallar üzərində təcrübələr apararaq kağızı təkmilləşdirdi. O, tut ağacının qabığından, çətənədən, köhnə parçalardan və hətta balıq torlarından istifadə edirdi.
Çində “jiandu” və ya “jiance” adlanan ilk kitablar çox nazik zolaqlara bölünmüş, qurudulmuş bambuk parçalarından hazırlanırdı. Bu zolaqlar ipək, çətənə və ya dəri vasitəsilə bir-birinə bağlanırdı.
Roma, e.ə. 100-cü il
Romalılar heyvan dərisindən hazırlanan vellum vərəqlərini taxta üzlüklər arasında birləşdirərək cildləyirdilər. Bu üzlüklər eynilə müasir kitablarımız kimi açılıb bağlanırdı. Bu cür kitablar kodeks adlanırdı. Hətta həmin “ilk kitablarda” mündəricat və axtarılan məlumatları tapmaq üçün göstərici də olurdu.
Kodeks tumarla müqayisədə daha yığcam idi və onu daşımaq daha asan idi. Rəvayətə görə, ilk xristianlar İncil mətnlərini xarici ölkələrdə yayarkən məhz bu cür sənədlərdən istifadə edirdilər.
Bəs ilk kitab nə vaxt ixtira edilib?
“İlk kitablar” arasında eramızdan əvvəl IV minillikdə meydana gəlmiş qədim tumarlar da var idi. Lakin bu gün tanıdığımız, səhifələri bir-birinə cildlənmiş kitab formasında çap edilmiş ən qədim kitab “Almaz sutrası”dır. Bu kitabın təxminən eramızın IX əsrində, Tan sülaləsi dövründə, taxta lövhələr üzərində çap üsulu ilə hazırlandığı güman edilir.
Orta əsrlərdə rahiblər kitabları sətir-sətir, əl ilə köçürürdülər. Bu proses çox vaxt apardığı üçün kitab sahibi olmaq olduqca baha başa gəlirdi. Əslində, hər bir kitab katibin, cildçinin, sahibinin, eləcə də rəssamın əməyini və fərdi yanaşmasını əks etdirən, əl ilə hazırlanmış unikal bir əsər idi.

Əlyazma kitablarında illüstrasiyalar, eramızın 600–800-cü illəri
Əlyazmalar, əsasən, perqament üzərində əl ilə yazılırdı. Kitablar qızıl və gümüşlə bəzədilməyə, onların səhifələrinə müxtəlif illüstrasiyalar əlavə edilməyə başlandı. Beləliklər, kitablar zəngin insanların kolleksiyalarını bəzəyən nəfis sənət əsərlərinə çevrildi.
Taxta lövhələr üzərində çap, eramızın 800-cü ili
Çinlilərin artıq özlərinə məxsus hərəkətli şrift sistemi də var idi, sistemdə ayrı-ayrı simvolların və ya hərflərin qəliblərindən istifadə olunurdu. Həmin qəliblər xüsusi çərçivədə birləşdirilərək sözlər və mətnlər yaradılırdı. Daha sonra çərçivələrə mürəkkəb çəkilir və onlar kağıza bənzər materialın üzərinə sıxılaraq mətnin səhifə üzərində əks olunması təmin edilirdi. Qəliblərdən təkrar istifadə etmək mümkün olduğuna görə vaxta və əməyə qənaət edirdi.
Çinlilərin istifadə etdiyi qəliblər gildən hazırlanırdı və buna görə də asanlıqla qırılırdı. Koreyalılar isə daha möhkəm olan tuncdan hazırlanmış hərəkətli şrift sisteminə malik idilər.
Hərəkətli şrift sistemi, eramızın 1000–1400-cü illəri
Çində ağacdan hazırlanmış ilk hərəkətli şrift sistemi təxminən eramızın 1000-ci ilində ixtira edildi. Lakin Çin heroqliflərinin mürəkkəbliyi və ağacın nəmi özünə çəkmə xüsusiyyəti bu sistemdən istifadəni çox zəhmət tələb edən bir prosesə çevirirdi. Buna görə də həmin üsul geniş yayılmadı. Bunun əvəzinə, təxminən 1200-cü ildə Koreyada Qoryo sülaləsi dövründə ilk metal hərəkətli şrift sistemi ixtira edildi. 1377-ci ildə çap edilmiş bu ilk kitab “Cikci” (Jikji) adlanırdı.
1439-cu ildə İohann Qutenberq metal emalı sahəsindəki bacarıqlarından istifadə edərək kitabların kütləvi istehsalına imkan verən sistemli və etibarlı çap maşını hazırladı. Kütləvi şəkildə çap edilmiş ilk kitab “Qutenberq Bibliyası” idi. Kitab 1455-ci ildə metal hərəkətli şriftlərdən istifadə edilməklə çap olundu.
Yeni çap maşını insanlara kitabları, broşürləri və qəzetləri daha çox sayda çap etmək imkanı verdi, beləcə, nəşrlər geniş kütlə üçün daha əlçatan oldu.
Cib kitabının ixtirası, eramızın 1500-cü ili
İtalyan humanisti Aldo Manutsio İtaliyada “Aldin” mətbəəsini yaratdı. O, kursiv şriftin yaranmasına, nöqtəli vergüldən geniş istifadə olunmasına və müasir yumşaq üzlüklü kitabın ilkin formasının meydana gəlməsinə töhfə verdi: kitablar vellumla cildlənmiş kiçik həcmli nəşrlər idi.
Aldo Manutsio qədim yunanların dəyərli əsərlərini qoruyub saxlamağa da böyük maraq göstərirdi. Buna görə də həmin əsərləri kiçik, cibdə daşına bilən kitab formatında çap edirdi. O, səhifəyə daha çox söz yerləşdirmək üçün kursiv şriftdən istifadə edir, bununla da kitabları daha çox əhali üçün əlçatan edirdi.
Amerikada ilk kitab, eramızın 1600-cü illəri
Puritanlar Yeni Dünyaya gəldikdən sonra cəmi iyirmi il ərzində oraya çap maşını gətirdilər. Beləliklə, 1640-cı ildə Amerikada ilk kitab – “The Bay Psalm” çap olundu. Bu günə qədər həmin kitabın yalnız on bir nüsxəsinin mövcud olduğu məlumdur.
Xlorun əlavə olunması, eramızın 1744-cü ili
İsveçli kimyaçı Karl Vilhelm Şeele 1744-cü ildə xlor elementini kəşf etdikdən sonra bu, kitab səhifələrinin hazırlanmasına da təsir göstərdi. Artıq kağız vərəqlərini ağartmaq və onların rəngini ağ etmək üçün istifadə edilə bilən kimyəvi maddə mövcud idi.
Kitab üzlüklərinin əlavə edilməsi, eramızın 1834-cü ili
Bu gün istifadə etməyi sevdiyimiz, kitabın üzərinə keçirilən və çıxarıla bilən kağız üzlüklər 1834-cü ildə meydana çıxdı. Bu cür üzlüyə malik ilk kitab Valter Skottun hekayələr toplusu olan “Xatirə əşyası” (The Keepsake) idi. Kitab üzlüklərinin görünüşü və dizaynı təxminən altmış il dəyişməz qaldı.
Ucuz yumşaq üzlüklü kitabların meydana çıxması, 1832–1860-cı illər
Çap xərclərinin davamlı şəkildə azalması və əhali arasında təhsilin inkişaf etməsi kütləvi tirajla çap olunan ilk yumşaq üzlüklü kitabların yayılmasına şərait yaratdı. Böyük Britaniyada kitabların əsas oxucu kütləsini gənclər və fəhlə sinfinə mənsub yetkin insanlar təşkil edirdi. Hər biri bir penniyə (pul vahidi) satıldığı üçün həmin nəşrlər “penny dreadfuls”, “penny blood” və ya “penny number” adları ilə tanınırdı.
Kitablar ağac liflərindən hazırlanmış ucuz kağız üzərində çap olunurdu. Həmin dövrdə nəşr edilən ən məşhur seriyalardan biri “Black Bess or the Knight of the Road” (Qara Bess və ya yol cəngavəri) idi. Seriya ümumilikdə 254 hissədən ibarət idi.
Bu arada Amerikada da oxşar ucuz kitablar yayılırdı. Onlara “ucuz romanlar” deyirdilər. Müasir dövrdə bu termin daha çox sensasiyalı hadisələri əks etdirən hekayələrə aid edilir. Lakin həmin dövrdə bu ad, əsasən, yumşaq üzlüklü kitabların qiyməti ilə bağlı idi.
Sərt üzlüklü kitabların üstünlük qazanması, XX əsrin əvvəlləri
XX əsrin əvvəllərində sərt üzlüklü kitablar daha çox populyarlıq qazandı. Naşirlər yumşaq üzlüklü kitabları keyfiyyət baxımından daha aşağı hesab edir və onlara yuxarıdan aşağı baxırdılar. Həmin dövrdə aparılan araşdırmalar göstərirdi ki, insanların əksəriyyəti ucuz yumşaq üzlüklü kitablar əvəzinə, bahalı sərt üzlüklü kitabları almağa üstünlük verirdi.
Bu dövr ərzində Boni qardaşları “Müasir kitabxana” (Modern Library) nəşriyyatını yaratdılar. Müəssisə sonradan günümüzün ən böyük nəşriyyatlarından biri olan “Random House” şirkətinə çevrildi.
Boni qardaşları digər çap müəssisələrinin yol verdiyi səhvləri təhlil edərək əlverişli bir həll yolu tapdılar: illik abunə haqqı əsasında fəaliyyət göstərən poçt sifarişli kitab klubu yaratdılar. Sistem vasitəsilə abunəçilərə müntəzəm olaraq yumşaq üzlüklü formatda, yüksək keyfiyyətli ədəbiyyat nümunələri göndərilirdi.
1937-ci ildən etibarən yumşaq üzlüklü kitabların yenidən populyarlaşması
“Penguin”nəşriyyatı dizaynlarında müəyyən dəyişikliklər etməklə yumşaq üzlüklü kitabların yenidən populyarlaşmasına təkan verdi. Şirkət həmçinin yüksək riskli addım ataraq ən yaxşı və yüksək ədəbi dəyərə malik əsərlərin 20 000 nüsxəsini çap etdirdi. Risk özünü doğrultdu və şirkət sonra iki əlavə nəşr markasını da əhatə edəcək şəkildə genişləndi. Bunlardan “Pelican” daha çox maarifləndirmək məqsədi daşıyırdı, “Puffin” isə gənc oxucular üçün nəzərdə tutulmuşdu.
Kompüterlərin meydana çıxması
1970-ci illərdə kommersiya məqsədli mikroprosessorun ixtira edilməsi ilə kitabların mətnlərinin yığılması, səhifə tərtibatı və dizaynı prosesi sürətləndi. Kitabların redaktə edilməsi və dizaynı mərhələlərini həyata keçirmək daha asan oldu. İnkişaf kitabların rəqəmsallaşdırılmasına da yol açdı. 1980-ci illərdə CD-yə yazılan ilk kitablardan biri – “The New Grolier Electronic Encyclopedia” (Yeni Grolier elektron ensiklopediyası) bu prosesin başlanğıcını qoydu.
Rəqəmsal dövrdə nəşriyyat işi
Əvvəllər kitablar milyonlarla nüsxə şəklində ənənəvi üsulla çap edilirdisə, bu gün tələb əsasında çap sistemi mövcuddur. Sistem yalnız insanların almağa hazır olduqları sayda kitab çap etməyə imkan verir.
1971-ci ildə “Project Gutenberg” layihəsi kitabları rəqəmsal formata çevirməyə başlayanda internet dövrünə də yol açıldı. Elektron kitab, yəni e-kitab anlayışı meydana gəldi və inkişaf etməyə başladı.
Tərcümə etdi: Mədinə Məcidli



