Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə hakimiyyətinin 2022-ci ildə Rusiyaya qarşı sanksiyalar tətbiq etməmək qərarını tarixi adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
“Biz keçmiş Baş nazir İrakli Qaribaşvilinin üç il əvvəl verdiyi bəyanatı xatırlayırıq. Deyərdim ki, bu, cənab İrakli Qaribaşvilinin verdiyi tarixi qərar və bəyanatdır. O zaman Gürcüstanda gərginliyin artmasına, Gürcüstanı Ukraynada başlayan hərbi münaqişəyə cəlb etməyə birbaşa cəhd var idi və bizim qərarlarımız Gürcüstanda ikinci cəbhənin formalaşmamasında həlledici rol oynayıb”, – deyə Kobaxidze bildirib.
O, həmçinin Rusiyaya qarşı sanksiyaların tətbiq edilməməsi qərarını prinsipial məsələ adlandırıb. Baş nazirin sözlərinə görə, sanksiyalar “pis niyyətlilərin” istədiyi eskalasiya, həmçinin Gürcüstanın “iqtisadiyyatının çökməsi” demək olardı.