Xəbərlər

Kuleba: Ukrayna hava hücumundan müdafiə sistemlərini almasa, iqtisadiyyatını itirəcək

“Kiyev Qərb ölkələrindən yeni hava hücumundan müdafiə sistemləri almasa, Ukrayna iqtisadiyyatı məhv olacaq”.

“Füyuzat”ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba söyləyib.

“Əgər havadan müdafiə sistemlərini əldə etməsək, iqtisadiyyatımız məhv olacaq. İqtisadiyyat məhv olanda nə baş verdiyini bilirsiniz. Bu, sosial və hərbi sahədə mənfi nəticələrə gətirib çıxaracaq”, – o bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, Qərb liderlərinin onların ölkələrinin Ukraynaya İsrail kimi hava hücumundan müdafiə sahəsində kömək edə bilməyəcəyi barədə bəyanatları ilə razılaşa bilməz.

“Mən bir çox Qərb liderlərindən eskalasiyanın mümkünlüyü ilə bağlı arqumenti eşitmişəm. Bunu bu həftənin sonunda keçiriləcək görüşdə İngiltərənin xarici işlər naziri Devid Kemeron ilə müzakirə etmək niyyətindəyəm”, – Kuleba əlavə edib.