Ədəbiyyat • Günel Natiqqızı • Xəbərlər

Lenti qarışmış kaset

Soyuq xəzrinin pəncərəyə vurduğu yağış damlaları qəlbimdəki xatirələri yenidən oyadır. Ancaq xəzri tək deyil. Bu dəfə yağışla bərabər, dinlədiyim melodiyalar da kömək edir ona. Yazılarımın bir çoxunda məni müşayiət edən melodiyalar indi özü də yazıya çevrilir. Axı onlar da mənim uşaqlıq dostlarımdandırlar. Elə yağış damlaları kimi ahəstə-ahəstə keçid edən melodiyanın sehri ilə uşaqlığıma qayıdıram:

Günortadır, hər kəs evdədir. Qırmızı maqnitafonun evlərdə sadəcə bəzək kimi durmayan vaxtlarıdır. Boz kasetin lenti fırlanır. Kasetin üzərində müəllif qeydi olmadığından onu həmişə qulaq asdığımız boz kaset adlandırırıq. Anam mətbəxdə işləyir. İndi yazılarımda yol yoldaşım olan melodiyaların kasetidir anamı müşayət edən. Ennio Morrikonenin bəstələri…

Musiqi başladığı an oturduğum otağın divarları görünməz olur. Xəzrinin fit çaldığı küçələr, qəzəblənən dəniz dalğalarının sahilə çırpılan köpükləri və küləyin qovduğu saralmış yarpaqlar hər notun ritminə uyğun olaraq gözlərimin önündə canlanır. Musiqinin sehri bundadır: o, insanı zamandan və məkandan qopararaq xəyalların ən dərin, ən toxunulmaz qatlarına aparır. Notlar pıçıldadıqca uzaq üfüqlər yaxınlaşır, külək dənizin ətrini otağıma gətirir. Bəzən bir saniyəlik melodiya fasiləsi belə insanı saysız xatirələrin, yarımçıq qalmış mənzərələrin və uşaqlıq xəyallarının qucağına atmağa yetir:

Yenə həmin adi günlərdən biri. Həmişə qulaq asdığımız boz kaseti işə salmağa çalışıram. Birdən kasetin lenti bir-birinə dolaşır, lentlə birgə melodiyalar da qarışır. Bir müddət sonra bir neçə yeni kaset alınsa da, həmin boz kasetsen tapılmır…

Elə həmin boz kasetdəki melodiyaların sədaları altında yada saldığım bu xatirə, əslində, həm də insan ömrünü təsvir edir. Melodiyalar kimi ruhumuza hopan insanı itirdikdə heç bir şey onu əvəz edə bilmir. Bunu təkcə filmlərin yox, həyatın filminin bəstəkarı Ennio Morrikonenin qəlb yaddaşımda qoyduğu izlər bir daha təsdiq edir.

“Le vent le cri” səslənir. Notların qanadlarında qəzəblənən dəniz dalğalarının təlatümü hiss olunur. Zərif qəhrəmanımı xatirəyə döndüyü gün içimdə qopan tufanla yaranmış dalğalar kimi.

Lenti dolaşan kaset, əslində, elə bizim ömrümüzün güzgüsüdür. Həyat da bəzən ən gözəl melodiyanın ortasında birdən-birə dayanır, ritm pozulur və taleyimizin lentləri bir-birinə düyünlənir. Əziz bir insanı, uşaqlığımızın saf anlarını və ya toxunulmaz xatirələrimizi itirəndə zənn edirik ki, həyatımızın musiqisi yarımçıq qaldı və o düyünlər bir daha açılmayacaq. Lakin o dolaşıq lentlərin içində belə yeni bir səs var. İtki acısı nə qədər dərin olsa da, xatirələrin işığı bizə təkrar nəfəs almaq, yenidən yaşamaq və ağrılarımızı sözlərə çevirib yazmaq gücü verir. Musiqi susmur, o, sadəcə formasını dəyişib qəlbimizin ən dərin küncündə yaşamağa davam edir.

Yazımla birgə melodiyanın sonuna yaxınlaşıram. Gülümsəyərək fikrimdən keçirirəm. Bir ümid işığı da yandırır qəlbdə bu melodiya. Yaşamağa və yazmağa ümid. Və bir həqiqəti deyir mənə:

Ruhumuza hopanları hər zaman qəlbimizdə tapa bilərik. Artıq sadəcə xatirələrdə yaşayan qırmızı maqnitafon, lenti qarışmış boz kaset və anam kimi…

Bakı, 10 noyabr, 2026-cı il.

Müəllif: Günel Natiqqızı