Mədinə Məcidli • Xəbərlər

Leonardo da Vinçinin həyatını üzərində qurduğu 7 əsas prinsip

Əksər insanlar Leonardo da Vinçini rəssam kimi tanısalar da, o, eyni zamanda memar, alim, musiqiçi, riyaziyyatçı, ixtiraçı, geoloq, astronom, xəritəçi, botanik, tarixçi və yazıçı idi.

  1. Maraq

Da Vinçinin həyata qarşı doymaq bilməyən marağı və daim öyrənmək üçün amansız axtarışı var idi. O, hadisələrə və ağlına gələn ssenarilərə mütləq “Bəs əgər…” və “Görəsən, necə olar?” sualları ilə yanaşardı. “Bəs əgər…” ifadəsi təxəyyülümüzü hərəkətə gətirməyə xidmət edir. Gözdən qaçırmış ola biləcəyimiz fürsətləri görməyimizə və fərqli əlaqələr qurmağımıza kömək edir. Həmçinin beynimizi daha çox məqsədə yönəltməyin yollarından biridir.

“Görəsən, bu insanla söhbətə başlasam, necə olar?”

“Görəsən, həmin təlimdə iştirak etsəm, necə olar?”

“Görəsən, həmin məşqə başlasam, necə olar?”

“Görəsən, necə olar?” sualı ətrafımızda baş verənləri passiv şəkildə müşahidə etmək və ya avtomatik reaksiyalar vermək əvəzinə, həm öz hərəkətlərimizi, həm də başqalarının motivlərini sorğulamağımıza səbəb olur. Da Vinçi həyatının bir saniyəsini belə boşa keçirməzdi. O, həmişə nəsə yaradır, ehtimallar irəli sürür və həyatı dərindən araşdırırdı.

“Həyata doymaq bilməyən bir maraqla yanaş və fasiləsiz öyrənmək üçün daim axtarışda ol.” – Leonardo da Vinçi

      2. Sübut

Da Vinçi üçün təcrübədən və səhvlərindən dərs almaq çox dəyərli idi. Buna görə də o, çoxsaylı sınaqlar keçirir və əldə etdiyi bilikləri yoxlamağa böyük əhəmiyyət verirdi. Bizə heç nəyi adi qəbul etməməli olduğumuzu, hər şeyi sınaqdan keçirməli və həyatı birbaşa təcrübə etməli olduğumuzu xatırladır. Həmçinin bizdən şeytanın vəkili rolunu oynamağı da tələb edir. Burada hər gün öz inanclarımızdan birinə qarşı mümkün olan ən güclü arqumenti qurmağa çalışaraq zehni məşqlər etməkdən danışıram. Da Vinçi bizi bir növ özümüzə meydan oxumağa dəvət edir.

     3. Hiss etmə

Da Vinçi ətrafındakı dünyadan inanılmaz dərəcədə ilham alırdı. Hiss orqanlarını nə qədər iti və həssas edirdisə, onun dahiliyi də bir o qədər üzə çıxırdı. Rəsm çəkərkən o qədər dərindən diqqətini cəmləyirdi ki, çəkdiyi rəsmdən başqa heç nəyi görmür, hiss etmir və eşitmirdi. Kitab oxuyarkən də eyni cür davranırdı. Beynindəki bütün düşüncə və xəyalları bir kənara qoyur, yalnız həmin an oxuduqlarına diqqət yetirirdi. Musiqiyə qulaq asarkən isə yalnız musiqinin ritmlərinə və onun oyatdığı hisslərə diqqət yetirirdi. Nə edirdisə etsin, bütün hiss orqanlarını gördüyü işə yönəldirdi. Hətta bu barədə belə deyir və öyrənmək qabiliyyətimizin zəifliyini də bununla əlaqələndirir:

“Orta insan görmədən baxır, eşitmədən dinləyir, hiss etmədən toxunur, dad almadan yeyir, bədəninin fərqində olmadan hərəkət edir, qoxu duyğusunun fərqinə varmadan nəfəs alır və düşünmədən danışır. Belə bir duyğu korluğu şəraitində yaddaşın kainatla əlaqəsi kəsilir.”

Sonuncu dəfə nə vaxtsa bir təcrübədən həqiqətən zövq almaq üçün dayanıb düşündüyünüzü xatırlayırsınızmı? Təcrübələrimizi daha canlı hiss etmək və yeni təcrübələrin qapılarını açmaq üçün hiss orqanlarımızın imkanlarını daim inkişaf etdirməli və onları daha həssas etməliyik. Yazını oxumağa davam edərkən, Da Vinçi kimi bütün diqqəti yayındıran amillərdən və düşüncələrdən uzaqlaşıb yalnız buraya fokuslanmağa çalışmaqla başlaya bilərsiniz.

“Beş hiss orqanımız ruhun idarəçiləridir.” – Leonardo da Vinçi

      4. Dumanlılıq

Sfumato qeyri-müəyyənliyi, qəribəlikləri və aydın olmayan vəziyyətləri qəbul etməyə hazır olmaq deməkdir. Qeyri-müəyyənliklərlə dolu müasir dünyamız üçün nə qədər vacib bir prinsipdir, elə deyilmi?

İnsanlar, adətən, naməlumluqdan və cavablandırılması mümkün olmayan suallardan narahat olurlar. Buna görə də nəzarət edə bilmədikləri hər şeydən qaçmağa çalışırlar. Da Vinçi isə naməlum olanları kəşf etməkdən və qeyri-müəyyənliklərdən zövq alırdı. Bundan əlavə, o, fikirləri və əks mövqeləri anlamaq və onlar arasında məna əlaqəsi qurmaq baxımından olduqca qeyri-adi qabiliyyətə malik idi. Prinsipi öz həyatımıza tətbiq etmək üçün belə başlaya bilərik: həyatımızda çaşqınlıq yaradan və ya hər hansı nəticə ilə bağlı özümüzü qeyri-müəyyən hiss etdiyimiz vəziyyətlərin siyahısını hazırlaya, sonra isə bu vəziyyətlərin bizdə yaratdığı duyğuları araşdıra bilərik. Beləliklə, qeyri-müəyyənlik hissi ilə bir qədər daha barışıq olarıq.

       5. İncəsənət və Elm

Da Vinçiyə görə, incəsənət məntiq və təxəyyül arasındakı tarazlığın inkişaf etdirilməsidir. İnsanların əksəriyyəti beyninin həm sol, həm də sağ yarımkürəsindən istifadə etmir.

Beynin sol yarımkürəsi ilə əlaqələndirilən insanlar sözlərlə düşünür və xətti düşüncə tərzindən istifadə edirlər. Onlar məntiqli və planlı olurlar. Konkret nəticələrlə maraqlanırlar. Beynin sağ yarımkürəsi ilə əlaqələndirilən insanlar isə təxəyyüllə düşünür, daha çox hiss etdiklərinə diqqət yetirirlər. Onlar yaradıcı və bütöv yanaşma tərzinə malik olurlar. Da Vinçi beynimizin hər iki hissəsindən istifadə etməli olduğumuza inanırdı. O, bütün beyninin imkanlarını işə salmağa üstünlük verirdi. Elə onun fikirlərini rəsm vasitəsilə təsvir etməyə olan marağı da buradan qaynaqlanırdı. Axı məntiqdən uzaq təxəyyül o qədər də faydalı deyil, təxəyyüldən məhrum məntiq isə darıxdırıcıdır.

        6. Fiziki sağlamlıq

Prinsip sağlam zehinlə yanaşı, sağlam bədəni qorumaqla bağlıdır. Bədənimizin və zehnimizin sağlam və ahəngdar olması bizə zəriflik, özünəinam və bütövlük qazandırır. Da Vinçi zehninin optimal səviyyədə işləməsi ilə yanaşı, bədəninin də potensialından istifadə etməli olduğunu düşünürdü. Nümunə olaraq, kifayət qədər yatmadığımız zaman işimizin səmərəsinin azalmasını, sağlam və yetərli qidalanmadıqda, eləcə də hərəkətsiz həyat sürdükdə həm zehni, həm də fiziki enerjimizin aşağı düşməsini göstərə bilərəm. Nəticə etibarilə, zehnimizin sağlam və gümrah olmasını istəyiriksə, bədənimizi də sağlam və gümrah saxlamalıyıq.

       7. Əlaqələndirmə

Hər şeyin və hər hadisənin bir-biri ilə əlaqəli olduğunu qəbul etmək və bu əlaqəni dərk etməkdir.Da Vinçi həndəsənin anatomiya ilə, anatomiyanın incəsənətlə, təbiətin isə mühəndisliklə əlaqəsini görərək bütün bunları öz tədqiqatlarında birləşdirmişdi.O, quşlarla maşınlar arasında əlaqə qurmuş, uçan maşınlar və quşların uçuşunun təbiəti haqqında 35.000-dən çox söz yazmış və 500-dən çox eskiz hazırlamışdı.O, həyatı boyunca tamamilə fərqli dünyalar arasında əlaqələr qurmuşdu.Əlaqələndirmə bacarığını inkişaf etdirmək üçün evinizdən təsadüfi olaraq üç əşya seçə və onların arasında əlaqələr tapmağa çalışa bilərsiniz. Bu, həqiqətən də möhtəşəm bir zehni məşqdir.

“Görməyi öyrənin. Hər şeyin bir-biri ilə əlaqəli olduğunu dərk edəcəksiniz.”– Leonardo da Vinçi

Müəllif: Mədinə Məcidli