Lüksemburq Şəhər Bələdiyyəsinin (Ville de Luxembourg — VDL) dəvəti ilə Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyası (LuxAz) “La Fête de bienvenue” birgə yaşam tədbirində iştirak edib.
“Füyuzat” xəbər verir ki, paytaxtın yeni sakinlərini salamlamaq, onların şəhərin ictimai və mədəni həyatı ilə tanışlığını təşviq etmək məqsədilə keçirilən tədbirdə LuxAz Azərbaycan mədəniyyətini, milli mətbəxini və assosiasiyanın fəaliyyətini təqdim edib.
Lüksemburq şəhərinin meri Lidi Polferin bu tədbir çərçivəsində şəhər rəhbərliyini, yerli assosiasiyaları və müxtəlif icmaların nümayəndələrini bir araya gətirib. Musiqi proqramı və xor qrupunun çıxışı axşama bayram ab-havası qatıb.
LuxAz stendində qonaqlara Azərbaycan çayı və şərabları, milli təamlar təqdim olunub. Azərbaycan qonaqpərvərliyini əks etdirən bu təqdimat iştirakçılara ölkəmizin zəngin mətbəx ənənələri ilə tanış olmaq imkanı yaradıb.
Stenddə nümayiş etdirilən xalça nümunələri, Bakı və Qarabağın fotolarının yer aldığı kitab və nəşrlər Azərbaycanın mədəni irsini, memarlığını və təbiətini tanıdıb. Təqdim olunan materiallar arasında “İRS” nəşriyyat evinin Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, memarlığı və irsi haqqında müxtəlif dillərdə jurnal və kitabları ziyarətçilərə təqdim olunub.
Ziyarətçilərə, həmçinin LuxAz assosiasiyasının mədəniyyət, təhsil və icma həyatına dair layihələri, eləcə də Azərbaycan ilə Lüksemburq arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti barədə məlumat verilib.
Tədbirdə LuxAz assosiasiyasının sədri Seymur Ahmadov, baş katibi Aynur Qasımova, fəal üzvləri Samir Mammadov, Arzu Süleymanova və Samirə Macidova qonaqları Azərbaycanın milli təamları ilə tanış edib, ölkəmizin mədəniyyəti və assosiasiyanın təşəbbüsləri barədə sualları cavablandırıblar.
Lüksemburq şəhərinin bələdiyyə rəhbərliyinin üzvü Korin Kahen səhnədən çıxışı zamanı LuxAz-a xüsusi təşəkkürünü bildirib. Şəhər merinin birinci müavini Moris Bauer isə LuxAz stendini ziyarət edərək, Azərbaycan təamlarını dadıb.
LuxAz-ın tədbirdə iştirakı Azərbaycan mədəniyyətinin Lüksemburqun beynəlxalq icmasına tanıdılması, yeni əlaqələrin qurulması və mədəniyyətlərarası ünsiyyətin genişləndirilməsi üçün dəyərli fürsət olub.



