Yəqin ki, bəşər övladının hansı dövlət və millətin bir parçası olmasından asılı olmayaraq bütün ölkələrdə eyni problem qalmaqdadır: mənəvi və vicdani öhdəliklərini yerinə yetirməyən, yaxud yetirə bilməyən bizlər davamlı başqalarından bizim etmədiyimizi, bacarmadığımızı etməsini istəyirik.
Digər ölkələrdən xəyali danışmaqdansa, hər gün gözümüzün önündə yaşadıqlarımızı qələmə alaraq özümüzdən və reallıqdan danışsaq, lap yerinə düşər…
Məsələn, mağazada Həsən dayının növbəsinə icazəsiz və üslubsuz şəkildə sahiblənən Vüqar iki gün sonra özünün növbəsinə üslubsuz şəkildə biri sahiblənəndə artıq haqq, ədalət, mənəvi-əxlaqi keyfiyyətlərdən danışmağa başlayır. Amma ondan iki gün əvvəlki haqsızlıq və üslubsuzluğuna cavab verməsini tələb edəndə: “Əşi, nə dəxli var?”, – deyir.
Dərsdə mövzu maraqsız olduğu üçün, yaxud da “kefi istədiyi üçün” səs salıb dərsi pozan, özü ilə bərabər öyrənmək həvəsi və əzmi olanları da uçuruma sürükləyən Əli qiymət yazılan vaxt Elgizdən aşağı qiymət alanda etiraz edir. Müəllim ona səbəbləri və səhvlərini, üslubsuzluqlarını xatırladanda isə: “Əşi, nə dəxli var?”, – deyir…
Məmur özbaşınalığından əziyyət çəkən Ənvərə jurnalist Mirzə, hüquqşünas Arif, prokuror Vəli üz çevirib: “Mənə dəyməyən ilan çox yaşasın”, – deyəndə və bir müddət sonra həmin Mirzə, Arif və ya Vəli özü özbaşınalığın qurbanına çevriləndə haray salıb imdad diləyir. Ona keçmiş, özünün bivecliyi xatırladılanda isə: “Əşi, nə dəxli var?”, – deyir…
Böyük övladını düzgün tərbiyə edə bilməyən valideyni zorakılığa məruz qalmış başqa bir uşağın valideyni şikayət edəndə övladınının ədəbazlığını müdafiə edərək, digər uşağın məruz qaldığı zorakılığa və haqsızlığa göz yummasının üzərindən bir müddət keçdikdən sonra kiçik övladının başqa bir qoluzorba tərəfindən zorakılığa məruz qalmasına etiraz bildirməsi anında ona keçmişi xatırlamaq məsləhətinə yenə də: “Əşi, nə dəxli var?”, – cavabını eşidirik…
Başqasının haqqını yeyib onun gücsüzlüyündən, zəifliyindən istifadə edərək qazanclı olduğunu düşünən acgözün bir müddət sonra ondan daha güclünün qəsbkarlığına məruz qalaraq var-yoxunun əlindən çıxması, ailəsinin yoxluğa düçar olması ilə ilahi ədalət axtarışına çıxan həmin acgözün keçmişdən qaçmaq üçün “Əşi, nə dəxli var?” deməsini dəfələrlə görmürük mü?
Nə qədər “Əşi, nə dəxli var?” cümləsi ilə bitən hekayələr yaza bilərik. Az da yazsaq, çox da yazsaq, bir şeyi demək üçün yazırıq, məqsədimiz bir həqiqəti çatdıra bilməkdir:
“Əşi, çox dəxli var!”
Ona görə dəxli var ki, bumeranq dünyada hər şey – etdiyimiz bütün yaxşılıqlar da, pisliklər də, səssizlik də, hayqırtılarımız da, ədalətsizliklərimiz də, vicdanlı davranışlarımız da, kefimizə görə davranmağımız da, olması olduğu kimi hərəkət etməyimiz də, tək özümüzdən olanı yox, hər kəsi özümüzdən bilib hər kəsə qucaq aça bilməyimiz, yaxud bilməməyimiz də, gücünə güvənib qoluzorbalıq edənin önündə, zəifin yanında dayana bilib-bilməməyimiz də – hər şey bizi biz edir.
Neqativlərə kökləndiyimiz zaman həm özümüz, həm yaşadığımız cəmiyyət neqativ kimliyə bürünür və biz o neqativliyin içində pozitivlik axtarışına ömrümüzü həsr edirik. Nə gülə bilir, nə sevinirik. Axtarış isə, bitmir, məntiqi sonluğa çatmır.
Çünki tamamilə neqativ kimliyə bürünən bizlər pozitiv sayılacaq tək bir ümid işığı qoymadığımız zaman nəinki üzümüzü güldürəcək səbəblər tapacağıq, hər gün zavaldan, xatadan uzaq qala bilmək üçün möcüzələrə möhtac olacağıq.
Ona görə də qaranlıq cəmiyyətə keçmədən, neqativ cəmiyyətdən xilas olmalıyıq. Tək bir həqiqəti bilmək, anlamaq və ona riayət etmək yetərlidir: “Əşi, çox dəxli var!”