Günel Natiqqızı Köşə Yazıları

“Məni necə sevdiyini sus”

Küləyin uğultusunu dindirmək üçün yenə adətim üzrə radio dalğalarında səyahətə çıxıram. Və birdən melodiya ilə qəribə ahəng yaratmış bir ifadə eşidirəm. Artıq yalnız külək deyil, fikirlərimin burulğanı da susur:

“Məni necə sevdiyini sus”.

Elə həmin anda bir vaxtlar eşitdiyim hekayə canlanır beynimdə:

“Bir gün ustad tələbələri ilə birlikdə Qanq çayının sahilində gəzərkən bir cütlüyün mübahisə etdiyini görür. Onlar bir-birinə qışqırır, səslərini yüksəldirdilər. Ustad bir an dayanır və tələbələrinə sual verir:

– İnsanlar bir-birilə mübahisə edəndə niyə qışqırırlar?

Tələbələrdən biri cavab verir:

– Çünki sükunətimizi itiririk, ona görə.

Ustad deyir:

– Bəli, amma fikirləşin: iki insan bir-birinə çox yaxındırsa, nəyə görə qışqırmağa ehtiyac duyurlar? Onlar bir-birini sakit səslə də eşidə bilərlər axı. Amma mübahisə zamanı insanlar bir-birinə qışqırırlar. Niyə? Tələbələr susurlar. Ustad davam edir:

– İnsanlar bir-birinə qəzəblənəndə, onların qəlbləri də uzaqlaşır. Və bu uzaqlıq nə qədər çoxdursa, səslərini eşitdirmək üçün də o qədər ucadan danışmaq, qışqırmaq lazım gəlir. Halbuki iki insan bir-birini sevirsə, yaxın olur – həm fiziki, həm də ruhən. Belə olduqda isə fısıltı ilə belə danışmaq kifayətdir. Hətta bəzən baxışla belə anlamaq olur”.

Bu kiçik hekayə, əslində, bizə sevgi dilinin səssiz olduğunu xatırlatsa da, bəzən tam əksini də eşitmiş oluruq. “Sevgi” dedikdə çılğınlıq, coşğu, fırtınalar da canlanır təsəvvürümüzdə. Bəli, sevgi bütün bu duyğuların qovşağında dayanır. Ancaq səssizlikdə gizlənən, o sükutun içində yatan fırtınadan bixəbər olduğumuz o qədər dərin sevgilər var ki… Necə olur səssiz sevgi? Necə gizlənir? Bəzən bir baxış, bir təbəsssüm və səssizcə, hıçqırıqsız süzülən göz yaşlarında.

Susaraq ilk danışan gözlər olur. Səssiz baxışların ünvanı doğru olduqda isti bir təbəssümə çevrilir sevginin dili. Və həmin gün başlayır sevginin günü. Sənin sevgini tapdığın gün başlayır. Onun ruhumuza toxunan telləri qopduğu zaman isə bitə də bilir. Ancaq onu cismən itirdikdə əbədi yaşayır. Qəlbin içinə axan göz yaşlarına çevrilir səssiz sevginin dili…

Melodiya sona yaxınlaşır. Fikirlərimin təsdiqini, bəlkə də, tənqidini öyrənmək üçün zərif qəhrəmanımın susmuş xatirəsinə yaxınlaşıram. Otağımın baş ucunda olan fotosunda nəfəs hənirtisindən yaranan izi görürəm. Bu iz deyir sevməyin səssiz və sərhədsiz olduğunu.