Xəbərlər

V Uşaq Kitab Festivalı start götürür

13–17 may tarixlərində Bakı İdman Sarayında ölkənin və regionun yeganə genişmiqyaslı uşaq ədəbiyyatı layihəsi olan V Uşaq Kitab Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ANAİB-in təşkilatçılığı ilə baş tutacaq festivalda “MİMTA Yayımları” və “Yaz Yayımları” da öz xüsusi stendləri ilə iştirak edəcəklər.

“Füyuzat” xəbər verir ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu uşaqların milli ruhda yetişməsi və ortaq mədəni irsimizi tanıması missiyasını bu sərgi çərçivəsində də davam etdirərək, “MİMTA Yayımları” vasitəsilə dəyərli nəşrlərini oxuculara təqdim edəcək. Eyni zamanda, “Yaz Yayımları” da uşaqlar üçün hazırladığı rəngarəng və müasir tərtibatlı kitablarla balaca mütaliəsevərlərin görüşünə gələcək.

Beş gün davam edəcək festival proqramında uşaqlar üçün xüsusi tematik günlər, tanınmış yazıçılarla imza mərasimləri və əyləncəli şoular təşkil olunacaq. Həmçinin uşaq nəşriyyatlarının inkişafına töhfə vermək məqsədilə 70 min ədəd xüsusi kitab daxılı uşaqlara hədiyyə ediləcək.

Festival hər gün saat 10:00-dan etibarən ziyarətçilərini gözləyir.