Biliyin güc halına gəldiyi bir əsrdə yaşayırıq. O bilik ki, bir zamanlar onu əldə etmək üçün saatlarla kitabxanalarda kitab səhifələrindən öyrənməyə çalışırdıq. İndi isə üzərimizdə daşıdığımız istənilən mobil cihaz vasitəsilə dünyanın hər yerindən məlumat əldə edə biləcək qədər, sözün əsl mənasında, bilik zəngini olmuşuq. Bu zənginlik həm də özü ilə bərabər məsuliyyət tələb edir. Davamlı öyrənmək, inkişaf etmək, müasir dövrün tələbləri ilə ayaqlaşa bilmək məsuliyyəti. Bəs bunun üçün biz nə etməliyik?!.
İnformasiyanın bu qədər əlçatan olduğu bir dövrdə fərd(lər)in davamlı öz(lərini)ünü inkişaf etdirməsi artıq zərurət halına gəlmişdir. Sürətlə dəyişən və inkişaf edən dünya insanların hər zamankından daha bilikli, bacarıqlı olmalarını istəyir. Bəs biz baş verən bu inkişaf fonunda hansı metod və üsullardan istifadə edərək dünya ilə ayaqlaşa bilərik? Bu və bu kimi suallara cavab tapmaq üçün çox unikal bir səyahətə çıxmağa hazırsınızmı?!.
Səyahətimizin ilk dayanacağı müasir dövrün tələbi olan ömürboyu öyrənmə konsepsiyasıdır. Ömürboyu öyrənmə insanın həyatının bütün dövrlərində davamlı olaraq öz bilik, bacarıq və kompetensiyalarını artırması və yeniləməsidir. Bu yanaşma, yaşadığımız dünyada sürətlə dəyişən şəraitə uyğunlaşmaq, davamlı olaraq şəxsi, peşəkar inkişafı təmin etmək üçün vacib olan çox önəmli özəlliklərdən hesab olunur.
Ömürboyu öyrənmə insanın müxtəlif səbəblərdən həyatı boyu şəxsi, sosial və ya peşəkar bacarıqlarını dəyişmək və ya inkişaf etdirmək istəyidir. Bu inkişafın və ya dəyişikliyin əsas səbəblərindən biri, şübhəsiz ki, bugünkü dövrümüzdə fərdləri daim öyrənmə ehtiyacı içində qoyan inkişaf sürətidir. Buna görə də ömürboyu öyrənmə insanın həyatı boyu malik olduğu və ya sahib olmaq istədiyi bilik və bacarıqları inkişaf etdirməyi və ya dəyişdirməyi özündə ehtiva edən davamedici bir prosesdir.
Yaşadığımız əsrdə texnoloji inkişaf öyrənmə baxımından müxtəlif avantajlar qazandırır. Bu mənada ömürboyu öyrənmə ehtiyacını həm də bizi əhatə edən texnologiyanın verdiyi imkanlar hesabına həyata keçirə bilərik. Belə ki, bu günümüzün reallığı olan müxtəlif kurslar, seminarlar, fərdi və peşəkar inkişafı təmin edən onlayn platformalar ömürboyu öyrənmə baxımından çox önəmlidir. Bura ötən yazımızda haqqında danışdığımız Coursera platformasını, o cümlədən Udemy, edX, Khan Academy, LinkedIn Learning və s. bu kimi platformaları nümunə göstərmək olar. Bu və bu kimi onlayn platformalarda biznes, texnologiya, fərdi inkişaf, süni intellekt, xarici dil və s. kimi müxtəlif kurslar təklif olunur. Kurslardan əldə etdiyiniz təlim və sertifikatlar bizə həm bilik səviyyəmizi artırmağa, həm də karyeramızda yeni imkanlar qazanamağa kömək edə bilər.
Yuxarıda qeyd olunanlarla yanaşı, öz peşəmizdə dərinləşmək, təcrübələrimizi artırmaq, sahəmiz haqqında daha çox öyrənmək üçün müxtəlif mənbələrdən istifadə etmək lazımdır ki, bu, müasir dövrdə ömürboyu öyrənmə baxımından çox önəmlidir. Həmçinin peşəkarı olduğumuz sahədə müxtəlif araşdırmaları izləmək, kitablar oxumaq, yeni yazılmış məqalələrlə tanış olmaq davamlı olaraq şəxsi və peşəkar inkişafımızı artırmağa kömək edəcəkdir… (ardı var)